“Yenə o bağ olaydı”nı yenə o çağ, yenə o sağ olaydı kimi oxu...

...Yox, söhbət onun yaşadığı bütöv siyasi-dramatik çağdan yox, ayrıca poetik dəmlərdən gedir. Və bunları onun cansız (?!) bir əşyadan umduğu şanlı var kimi oxu, yar! Qeyri-maddi mənəvi irsvari oxu. Təkrarsız antikvarsayaq oxu...

Səsindən ələtdirib şeirlər dinlədiyi o qəlbçalan alət kimi - sözün yaxşı üzünə - ruhumuzu tar-mar edən Tar kimi oxu. Nəğməsini su kimi alışan ruhuna çilətdirdiyi Tar kimi. Geniş kütlənin acısı, şərbəti, alovlu sənəti kimi oxu, bu Şairi...
Otuzca yaşına yetməmiş, sevimli-sevdalı Dilbərilə bir əməllicə kamına yetməmiş bu əbədi cavanı, lirika xanını bir daha oxuyun, yarlar! Hər ilin 5 iyununda özünüzü onun bu dünyaya gəliş-görüşünə sazlayın, 6 yanvarında isə bu dünyadan gedişinə sızlayın. Axı, “Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki - boşdur!” demiş bu ali, bu ümummilli Aşiq sizin hamınızı sevib! Keçmişdəkiləri də, indikiləri də, gələcəkdəkiləri də...
Yox, yox, onun ümumzaman “baxıcı”lığına şəkk etməyin və xatircəmlik üçün “Hayır, hörüklərin deyildir ilan, Bunu əski şair söyləmiş yalan!”, “Gecələr darayaydı saçlarını Ay, gözəl! Sən gözəlsən, Ay gözəl?”, “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!” misralarını xatırlayın...
Ölümü barədə daha çox düşünüb-daşındığımız bu əbədiyyət Aşiqinin bir göz qırpımına bənzər -

Olumu...

Bu “Bir göz qırpımı” sözü dastanlarda tez-tez işlənən və ən çox yaddaqalan bir deyimi də çəkir özünə: “Saçını orda islat, burda qırxdır”. Şeirlərindəki qeyri-adi mənaları, heyrətamiz təşbehləri, sirri-xuda qafiyələri bütöv bir aləmə bənzəyən bu Söz bahadırı otuzca ilə necə sığışıb, görəsən? Hansı ki, özü - tərcümeyi-halı bir-ikicə abzasda qapanır...
...Əslən Xızı rayonundan olan bu həmişəcavan azman 1908-ci il iyunun 5-də Bakıda - ziyalı ailəsində doğulub. Rus-tatar məktəbində ibtidai təhsil alıb, Bakı darül-müəllimində, 12 saylı II dərəcəli məktəbdə oxuyub, Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə orta məktəbdə pedaqoq kimi başlayan Mikayıl, böyük sənətkarlıq aləminə, adlı-sanlı Müşfiq qələminə 1926-cı ildə - “Gənc işçi” qəzetində çıxan “Bir gün” şeirilə qədəm qoyur və elə həmin vaxtdan aramsız şimşək çaxışlı, ildırım sürətli, siyasi qəzayadək dayanacaqsız maşın-marşrutlu bir yaradıcılıq ömrü yaşayır. Sağkən - əslində, həbs edilənə qədər (...vur-tut 27 yaşınadək!) 10 kitab çap etdirə bilir, ədəbi ictimaiyyət tərəfindən “ikinci müəllif” kimi qiymətləndirilən xeyli tərcümələr edir, 1938-ci ilin 6 yanvarında güllələnir, Stalin erasında adının çəkilməsi belə yasaqlanır. Sonra siyasi buzlar əriyir, şəxsi gizlinlərdə, yaddaşlarda, könüllərdə göz bəbəyi kimi qorunan bu ümumxəlqi Sözbəzəyi yavaş-yavaş üzə çıxır, ədəbiyyat dərsliklərinə düşür və nəhayət, 1968-ci ildə vəfalı Dilbərinin “Müşfiqli günlərim” adlı xatirələr kitabı ilə otuz il idi ki, bağlanmış kitabı açılır...
Və... Xızı əsilli, İsmayılzadələr nəsilli, Əbdül Qadir atalı bu milli Azərbaycan oğlu haqda -

Oxu, söz!..

Yaranmışların birincisi hesab edilən Söz, sən də oxu! Onun “oxu!” dediyi tardan sonra oxu! Könlümüz qədim Xızıya, sən ordan çox-çox müasir yazıya meyllən və oxu!
Lap öncə qədim Xızının elə bəri başından başlanan ulu dağlarını, ürək-göbəyi boyunca çeşməli-sulu bağlarını, meşələrini, qos-qoca xarakterini, uca mərdliyini, hər şeydə özəllik-gözəlliyini oxu...
Bu yumru Yer üzünün Xızı ucalığına - oranın biləndərlərindən olan Sənan müəllimin təbirilə - “Xızr peyğəmbər məkanı”na yollanarkən, təbii, bizi ilk olaraq ulu dağlar qarşılayacaq. Ozanların eyzən tapındığı dağlar. Eynən də aşıqların aşiq olduğu, ədiblərin əbədi mövzusu dağlar. Dağlara da ki, təbiət gözüylə baxsan - döşündə cənnətlənər, qaşında təblənərsən. Bəsirət gözüylə də baxa bilsən - bütün ucalıqlardan ucada əbədi bərqərar Rəbbimizi görərsən. Gözəgörünməz Tanrını görmədən görənlərəsə yerlər amin deyər, göylər zamin durar.
Bunları bir qəlbin diktəsilə yaddaşıma yazıram ki, orada “neynim-neceləyim”də qalmayım. Nə olsun ki, Cəfərini, Müşfiqini söz-sirab etmiş bir yurda gedirəm, axı, bəzən “söz çıxır ceyran belinə”. Ha deginən “darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb gələr”. Bir də ki, axı, bu bəndəniz sözü sonalayıb-xanalayan şair ha deyil; olayları halaylayıb-yolaylayan, bu bəndəlik həyatın gündəlik mər-mənzərəsini imla-inşavari hərzələyib-mirzələyənlərdən birisi.
Budur, ulu, çeşməli-sulu dağlar. Bir az irəlidəki kənddə yüz altı il öncə yerli doğulub, yetmiş iki il bundan qabaq yersizlər tərəfindən qəribə-qərib öldürülmüş bir şairə könül kişnər, qəlb ağlar. O vaxtadək ağlar ki, bu dağların birinin döşündə bir melo-abidə görünər və könül də belə bir umu üstə köklənər: bu dağlar qoynunda da “Yenə o bağ olaydı”dan beş-on misra:

Yenə o bağ olaydı,
Yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca
Fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı,
Səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə,
Hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?..


Belə təklif, belə sözlər kimin ürəyincə olmaz ki, İlahi?!.
Hə, odur, yolun solunda - ən qədim bayatıya bənzəyən Sayaqlar kəndi - Müşfiqin ata-baba yurdu. Bir xeyli uzaqda isə tənha bir tikili.
Hə, daha söz bir daha çıxmaz qəhətə; o düzəngahi “ada”-odada - Müşfiq muzeyində nə hikmət desən tapa bilərsən; axı ora “Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!” bünövrəsi üstə inşa edilib. Orayacan 5-10 millik məsafə, 5-10 minlik söz istəyimiz qalıb. Təəssüf ki, bünövrə-bazisi bu sayaq incilərdən qoyulmuş bu binanın üstqurumu ustada layiq formada deyil. Deyim ki, ölkəmizdə bəzi sənətkarların abidə və ev-muzeyləri özlərindən də böyük yapıldığı halda, bu - sənətkarlıq yaşı senziycə yeniyetmə, eşqcə, od-alovca, ilham və təbcə qos-qoca Müşfiqimizin muzeyi onun “Oxu, tar”ının sarı simi kimi...
Elə yolun sağında - dağ döşündə yaradılmış tar abidəsi də ürəklərin sarı siminə toxunub, könülləri duruldur. Deyirəm, o abidənin altındakı təbii “reklam” - “Oxu, tar” sözləri yazılmasaydı da, burdan keçən hər kəs bilərdi ki, söhbət Müşfiqdən gedir. Ümumiyyətlə, harda tar var - orda Müşfiq var!
Maşından düşün, havalı-həyəcanlı addımlarla muzeyə yaxınlaşın. Əvvəlcə Müşfiqin öz əllərilə əkdiyi yeddi çinardan, belə deyək, “yerdə qalanlara”, sonra büstünə salam verin və rəngarəng əleyküm-salamlar alın ki, onlardan bir də bu: “Bilməm, harda qaldı, o nazlı durnam?!”.
İçəri daxil olun. Çoxrəngli, geniş coğrafiyalı böyük Azərbaycan poeziya evinin Xızı gözünə keçin. “Poeziya” söz-gözünü vurğulamağım əbəsdən deyil; axı, Xızının dramatik gözü də var - Cəfər Cabbarlının ev-muzeyi. Düşünürəm... bu muzeyləri adınalayan iki nəhəngin yaşını toplasan, heç orta bir sənətkar ömrü də eləməz. Dərindən-sərindən hesablayanda isə bu əbədi sağolmuşların hər birinin sənət yükü, uzun ömürlər sürüb çox yaşamış neçə-neçə “ağolmuşlar”ın dizini yerə gətirərdi!
Bu muzeyin həyəti də adını daşıdığı nakamın həyatı kimi qəmli. Binanın interyeri də fasadı kimi - bir qəm cah-calalı... Nə yaxşı ki, Müşfiqin öz ab-havası, fotolarda adamı hipnoz edən odlu-yanğılı baxışları, alovlu misraları varmış. O baxışlar baxanların gözlərini yaşartdıqca, məlum misralar bir ipək yaylıq kimi qurulayar...
Buradakılar... Nə deyək, nə adlandıraq buradakıları? Eksponatlar? İnventarlar? Demək olmur. Müşfiq kimi həmişəcanlı duyğu hara, “eksponat”, “inventar” kimi yatılı-yuxulu uyğular hara?! Yaxşı, bəs, nələr? Amma o ustad söz kanı, məna kankanı özü tapıb deyə bilərdi... Ki, buradakılar sənətdən kamlığın, həyatdan nakamlığın maddi qafiyələri! Deyərdi, bax bu sağdakı 39 şəkil həyat eşqli dəmlərin təcəllası, sol yandakı 40-cı isə qanlı hakimiyyətin doğurduğu qəmlərin məcəlləsi...
“Oxu, söz!” deyə, çox sözlər deyərdi - sənədcə yeniyetmə, sənətcə baba Müşfiq! Özü də bizim kimi uzun-uzadı yox - sözü bir deyərdi, mənanı minbir...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar