Füzuli poeziyasının davamçısı kimi şöhrət qazanmış görkəmli qəzəl ustası Məşədi Azər Hacıməcid oğlu İmaməliyev 1870-ci ildə Bakının Buzovna kəndində anadan olmuşdur. Gənclik illərini o vaxtlar Petrovski-Port adlanan indiki Mahaçqalada (Dağıstan) keçirən şair ədəbi fəaliyyətə bu şəhərdə başlamışdır.
Azərbaycan səhnəsinin görkəmli xadimi, Xalq artisti Hacıağa Abbasov öz xatirələrində yazır: “1907-ci ildə Petrovski-Portda şair Azər Buzovnalı ilə tanış oldum. O ildə biz qastrol səfərində olarkən Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərini tamaşaya hazırlayırdıq. Azər bu tamaşanın hazırlanmasında bizə yaxından kömək etmişdi. Hətta afişalarda da əsərin baş tərtibatçısının Azər olduğu göstərilmişdi. Sonradan öyrəndim ki, o, iyirmi ilə yaxındır ailəsi ilə bərabər burada yaşayır”.
Hacıağa Abbasov xatirələrinin axırında şair Azərin həmin ildə “Rüstəm və Söhrab” mövzusunda yeni poema yazdığını da bildirir. Bir neçə ildən sonra Azər həmişəlik Bakıya köçür və ədəbi fəaliyyətlə yanaşı, Buzovna qəsəbəsində və bir sıra şəhər məktəblərində uzun müddət müəllimlik edir. O, Firdovsi, Nizami, Xaqani və bir çox klassik şairlərin fars dilində yazdıqları müxtəlif şeir və poemaları tərcümə etmiş, bu əsərlər məktəblilərin tədris kitablarında çap olunmuşdur. 1917-ci ildə Azərin “Həmvətənlərimə” adlı məcmuəsi Bakıda “Açıq söz” mətbəəsində çap olundu.
Onun Buzovnadakı evi şair dostlarının bir növ yaradıcılıq məclisinə çevrilmişdi. Dövrün məşhur qəzəl ustadlarından Ağadadaş Müniri, Mirzə Əbdülxalıq Cənnəti, Haşım bəy Sağib, Seyid Zərgər, Əbdülxalıq Yusif, Həsən Səyyar və Əliağa Vahid bu məclisə yığışıb yeni qəzəllərini oxuyar və bəzən də müəyyən bir qafiyə əsasında hərə öz məharətini nümayiş etdirərdi. Əliağa Vahid yaş etibarilə bu şairlərdən çox cavandı. Özünün dediyi kimi, onların arasında şeirlərini çəkinə-çəkinə oxuyardı. Vahid həmişə söhbət əsnasında Azəri özünün böyük müəllimi adlandırardı. O, yazdığı bir qəzəlində bunu açıqca bildirir:
Mən hələ Vahidiyəm Azərbaycanımızın,
Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.
Əliağa Vahid xatirələrində o illəri belə xatırlayır: “Gedib yığışardıq beş-altı adam Azərgildə, qafiyə deyərdik. Həsən Səyyar bir dəfə çağırdı məni ki, gəl bir qafiyə deyək ki, heç deyilməyib. Tez, əlüstü qafiyəni tutdum:
Kim der ki, ləli-nabinə kövsər deyilməyib,
Mehri-cəmalinə məhi-ənvər deyilməyib.
Yüz dəfə zikr olunsa kəlamın, xoşum gəlir,
Heç bir kəlamın bunca mükərrər deyilməyib.
Canana ərz edibdilər Səyyarı, Vahidi,
Odlara taleyi yanan Azər deyilməyib.
Bunu məclisdə demişəm, Azərgildə. Mirzə mənə dedi: “Bərəkallah, sağ ol, qoçaq”. Dışarı çıxanda mən də Azərlə bərabər çıxdım. Dedi, gedək mətbəəyə, orda səni tanış eləyim, tapşırım. Sən şeirlər yazginən, sən yaxşı şair olacaqsan.
Sabirin heykəli olan yer Orucovun mətbəəsi idi. Getdik ora, girdik içəri, gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundov və bir neçə adam var idi. Azər onlara tapşırdı ki, bu uşaqdan muğayat olun, şeir yazsa, çap eləyin”.
Azər Buzovnalı poeziyasının pərəstişkarlarından biri də unudulmaz yazıçımız Məmməd Səid Ordubadi idi. Ötən əsrin iyirminci illərində böyük ədib yay istirahətini çox vaxt ailəsi ilə birlikdə Buzovna bağlarında keçirərdi. Bu illər ərzində o dəfələrlə Azərin Tuğaydakı bağında, eləcə də Ağadadaş Müniri və Haşım bəy Sağibin mənzilində təşkil olunan şeir məclislərində əziz qonaq kimi iştirak etmişdir.
Ordubadi qırxıncı illərdə Buzovnadakı bağında istirahət etdiyi vaxtlarda da tez-tez Azərin yanına gələr, onlar Nizami, Füzuli, Hafiz və Xəyyam poeziyası haqqında şirin-şirin söhbət edər, bəzən də bir-birinə öz lirik şeirlərindən parçalar oxuyardılar.
Məşədi Azər 1951-ci il avqustun 8-də 81 yaşında Buzovnada vəfat etmişdir. Şairin vəfatından sonra Vahid yazdığı yeni bir qəzəldə Azəri, eləcə də keçmiş qələm dostlarını sonsuz məhəbbətlə yad edir:
Vahid, hanı Yusif, hanı Səyyar ilə Sağib,
Kimdən soraq, ustadımız Azər yenə varmı?
Faiq Nəcəfov,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı