Azərbaycan
6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855-1931) Bakıda anadan olub. “Məcməə-üş şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
6 iyun 1929 - Əməkdar rəssam, heykəltəraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiqin (Bakı və Xızıda), Ayna Sultanovanın, Məhsəti Gəncəvinin (Gəncə) və digər görkəmli şəxsiyyətlərin heykəllərini yaradıb.
6 iyun 1929 - Akademik, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar Bakıda doğulub. İxtisas sahəsi üzrə elmi tədqiqatları ilə yanaşı, "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", "Qacarlar", "Köhnə Bakı", “Köhnə Şuşa" və s. kitabların müəllifidir.
6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.
7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdində rəssamlıq sinfində oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", "Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Milli İncəsənət Muzeyində saxlanılır.
7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
7 iyun 1946 - Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”), “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim”, “İstanbul reysi” (Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.
8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Açılışda Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak ediblər.
9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - Fikrət Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
Dünya
6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.
6 iyun 1606 - Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası” Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lyudmila", "Qafqaz əsiri", "Tunc atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.
6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann 1875-12.08.1955) anadan olub. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
7 iyun 1848 - Məşhur fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
7 iyun 1952 - Dünya şöhrətli Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) laureatı Orxan Pamuk İstanbulda doğulub. İlk romanı “Cövdət bəy və oğulları” 1982-ci ildə nəşr edilib. Sonrakı illərdə “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanlar yazıb. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında (L.Tolstoy, D.Mendeleyev və s.) əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
8 iyun 1916 - İtalyan rejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Filmləri: “Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.
9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Romanları: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.
9 iyun 1930 - Amerikalı fantast-yazıçı Linn Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
9 iyun 1981 - Yəhudi əsilli Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011, “Oskar”) və s.
Hazırladı: Vüqar Orxan