Onun fikrincə, “Gün var - əsrə bərabər”, bizcə isə qələm var - aləmə bənzər...

Bu Əsli-Kərəmli, Leyli-Məcnunlu dünyada adları qoşa çəkilən əşyalar da var ki, həmin cütlüklərdən biri də Qılınc və Qələm!..
Maraqlıdır, canlı qoşalarda birinci zəriflərin adı gəlir, sözügedən nəsnədə isə əksinə. Görünür, bu cütlüklərdəki ikincinin - zərifin azad qol-qanad açması, yazıb-yaratması üçün birincinin min illərlə əsib-coşması, kəsib-yarıtması gərəkmiş...

...Bu dünyada bütün bəşəriyyətə bəlli bir cüt adaş da var: Qılınc dahisi Çingiz Xan, Qələm korifeyi Çingiz Aytmatov!
Avropa-Amerika cütlüyü sağ olsun ki, Türkün Qılınc Fatehini - Çingiz Xanı “minilliyin adamı” kimi dəyərləndirdi və inşallah, zaman gələr - bu qövmün Qələm Azmanını - Çingiz Aytmatovu da belə bir nominasiyaya layiq görərlər - bu yaxınlarda dünyasını dəyişmiş böyük amerikalı Markesin daha çox “ədəbi estrada” nəhəngi olduğu bilinəndən sonra. Necə ki, uzun əsrlər idi ovsarından tutub dünya səfərinə çıxarılmağa bənd bəşəri-fəlsəfi muğamat karvanımızın da belə bir zamana ehtiyacı vardı...
1928-ci ilin 12 dekabrında Şəkər (Qırğızıstan) adlı sadə bir kənddə baş vermiş Olum və səksən il sonra - 2008-ci il iyunun 10-da Nürnberqdə (Almaniya) “dünya çaplı” Ölüm...
Əlbəttə, öncə -

Olumundan

Görkəmli dövlət xadiminin ailəsində doğulub - 1937-ci ildə həbs olunub, 1938-ci ildə güllələnən, 10 yaşlı Çingizi atasız, milliyətcə tatar, peşəcə teatr aktrisası olan Nagima Aytmatovanı ərsiz qoyan Torekul Aytmatovun ocağında.
Səkkizinci sinfi bitirdikdən sonra daxil olduğu Cambul Baytarlıq Texnikumunu əla qiymətlərlə bitirib. 1948-1953-cü illərdə Bişkək Kənd Təsərrüfatı İnstitutunda oxuyub. Ədəbi-bədii zirvələr yoluna da elə həmin ali məktəbdə qədəm qoyub.
1952-ci ildə dövri mətbuatda qırğız dilində ilk əsəri çap olunur, üç il Qırğızıstan SSR Elmi-Tədqiqat Maldarlıq İnstitutunda çalışır.
Bu qeyri-adi sənətkarın taleyi çox “adi” bir qərar “tük”ündən asılı imiş; onun Moskva Ali Ədəbiyyat Kursuna yazılması yalnız 1956-cı ildə - “milli günah”lı atasının siyasi bəraətindən sonra mümkün olur. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında qırğızca çap edilmiş “Üz-üzə” hekayəsinin rus dilinə tərcüməsi çıxır və o, ömrünün sonunadək dayanıb-durmaz bir sənət lokomotivinə çevrilir. Həmin il “Yeni dünya” («Novıy mir») jurnalında bir sıra hekayələri və ona dünya şöhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görür (mətbuatda tez-tez işlədilən bu uğursuz “işıq üzü görür” deyimi o illərə necə də yaraşır!). Ötən yüzilliyin sonları və bu əsrin əvvəllərində SSRİ-nin (sonradan RSFSR-in) Benilüks, ölkəsinin müstəqillik dövründə isə Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlandda səfiri olub. Onun SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan KP MK-nın, Yazıçılar və Kinematoqrafçılar ittifaqları katibliklərinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru, “İssıqqul forumu” beynəlxalq intellektual hərəkatın təşəbbüskarı, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı, üç dəfə SSRİ Dövlət mükafatı laureatı, Qırğızıstanın Xalq yazıçısı olduğunu da müxtəlif assosiativ rəy və təəssüratlarla xatırlayaq və keçək -

Böyük Çingiz aləminə

Öncə əsərlərindən bir neçəsinin adını xatırlayaq: “Edam kötüyü”, “Gün var - əsrə bərabər”, “Ağ gəmi”, “Əlvida, Gülsarı”, “Çingiz xana küsən bulud”, “Dəniz kənarı ilə qaçan Alabaş”...
Sözümüzə sonuncudan başlayaq.
Bu povestdə çılın-çılpaq halda o yan-bu yana yüyürən balaca oğlunu bir daha diqqətlə süzüb, onun bütünlüklə öz ərinə bənzədiyini görən ananın keçirdiyi fərəh hissləri... O qadının öz rəfiqəsinin qulağına əyilib, müqəddəs bir həya və utancaqlıqla dedikləri... Bu uşağın gələcək yarının necə xoşbəxt bir qadın həyatı, eşq, məhəbbət macəraları yaşayacağı haqda söylədikləri... Bunlar rəssam işi deyil! Bunları ancaq Aytmatov qələm-fırçası çəkə bilər...
Həmin ananı, yaxud digər əsərlərindəki anaları, bacıları, ataları, stansiya nəzarətçisini, dissidenti, zabiti, dustağı, hətta canavarı, iti, atı... - əlbəttə, müəllif danışdırır. Ancaq hər müəllifmi öz obrazlarını belə danışdıra bilir? Yox, Aytmatovun balina “tor”unun kilkələrlə işi yox! Söz Aytmatovun dilində mum kimidir; hara istəsə əyir, lakin sonda onları düppədüz düzəldib, ecazkar sərkərdə kimi düzləndirir. Hiss, duyğu Aytmatovun qəlbində qıjov çay kimidir - həmişə çağlayır, daim təlatümlüdür. “Gün var - əsrə bərabər”də dünyanın bu başından o başına gedən qatar obrazını şərhə dayandırsan, gərək günlərlə susmayıb aylarla danışasan. “Maşinist”-ədib bu qatarın “sərnişin”lərinin hərəsini öz tale mənzilinə, niyyət istiqamətinə aparır. Dövrandan, siyasi “auksion”lardan tutmuş, çox-çox müxtəlif vəzifə, insaniyyət peşələri daşıyan insanlara qədər - hər kəs, hər şey bu fenomenal ədib-“dirijor”un əsrarəngiz qələm-“çubuğu” ilə idarə olunur və hər kəs, hər şey “könüllü” bir özünüifaya, özünüifadəyə məruz qalır.
Çingiz Aytmatov daha çox Şərqə, şərqliyə məxsus bir fəlsəfəni də öz yüksək sənətkarlıq məharətilə verib; arvad, at, papaq. Bu üçbucaq türk-müsəlman dünyası üçün “Bermud üçbucağı” qədər sirli-sehrli olub tarixən. Çingizin Gülsarısı (“Əlvida, Gülsarı”) atın və onu əhliləşdirən türklərin bu vəfalı və xilaskar heyvana sevgisinin abidəsi timsalındadır. “Yalquzaq”dakı canavar da həmçinin. Həmin obraz “boz qurd” haqdakı bütün mifik, real-irreal təfəkkür və düşüncələrimizi ehtiva edir və bunlar Çingiz Aytmatovun, bir növ, tərcümeyi-halı kimi də canlanır.

Və ölümsüz ölümü

Sağlığında adama elə gəlirdi ki, Çingiz Aytmatov dünyanın yazılması mümkün və vacib olan hər şeyi, hər üzü haqda yazıb-qurtarmaqdadır. Və... maraqlıdır, o, doğrudan da bu dünyanın ən böyük hissləri, mətləb-mənaları haqda düşündü, danışdı, yazdı - öz ölüm “mövzu”sundan savayı...
O, hər şey haqda elə düşündü, elə yazdı ki, bəhs etdiyi o obyektlər, subyektlər, predmetlər ya yalnız qeyri-adi sevgilərə qərq oldu, ya da yalnız qeyri-adi nifrətlərə məruz qaldı. Deyirəm, bəlkə başqa olum-ölümlər haqda yazdıqlarını, dolayısıyla, elə onun öz gəlim-gediminə də şamil etmək olar - təkrarsız “Gün var - əsrə bərabər”inin ilk sözünə bir cəm şəkilçisi əlavə etməklə... Real olduğu qədər də antik, fantasmaqorik bir bəşəri obraz təsiri bağışlayan Adıgeyin folklor timsallı olum-ölümü kimi...
Onun həyatı da yaradıcılığı qədər maraqlı, obrazları qədər duyğusal-dramatik, fikirləri qədər idiomatik, qol-qanadlı olub. Onunla dost, yaxın olmaq şərəfinə nail olanlar danışırlar ki, Çingizin şifahi beş sözündən, üç fikrindən biri ciddi bir əsər mövzusu idi. Bunlardan bir-iki nümunəni də mən gətirə bilərəm. Ünlü şairimiz Bəxtiyar Vahabzadənin 60 illik yubileyində (1975) iştirak edən Çingiz belə bir fikir işlətdi: “İstedad da, karvan kimi gəzib-dolanır dünyamızı. Son qərinədə o karvan - Bəxtiyar Vahabzadənin timsalında Azərbaycanda - Bakıda xıxıb...”
Həmin vaxtlar bizdə “qorxulu beşlik” kimi tanınan dostlarla - Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Zeynal Məmmədov və Şahmar Əkbərzadə ilə yaxından tanış olmuş bu dünya məşhuru Qırğızıstana qayıtdıqdan bir gün sonra bu dostların hərəsinə bir teleqram vurmuşdu. Sözügedən “qorxulu beşliyin” milli-gizli söhbətlər üçün tez-tez “Bakı-Tbilisi” sərnişin qatarı ilə “ora və geri” səfərlərindən xəbərdar olan Aytmatov Azərbaycanın ziyalılıq və iddiasız millilik meyarlarından sayılan Xudu Məmmədova yazırdı: “Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!..”. Qarabağın tanınmış ziyalısı Zeynal Məmmədova teleqramından: “Xoşbəxtsiniz ki, sizdə bir kupelik o sayaq sərnişinlər var...”
Dünya dəyişir və hələ çox dəyişəcək. Sürəti qat-qat çoxalası - təyyarəyə, raketə bərabər qatarlar yaranacaq. Ancaq Çingiz Aytmatovun “Gün var - əsrə bərabər”indəki fəlsəfə yüklü o qatarın bədii fiti zaman-zaman dünyanın ayıq və oyaq oxucularının qulaqlarında səslənəcək, səslənəcək, səslənəcək...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar