yaxud Tutudan qatil müəlliməyə Şükufə yolu

Onu uşaqlıq yaddaşımın mübariz qadını saymışam bir zamanlar. İkinci cahan savaşında min bir məhrumiyyətlərin qadını ola bilməsi, hakimi-mütləq iddialı kolxoz sədrinə namus dərsi vermə cəsarəti məni hələ o zamandan təsiri altına salmışdı. Əslində, müharibənin insan taleyinə zərbəsindən öz zəriflik və zəifliyində gizlənən qadınların dramını mükəmməl şəkildə ifadə edən “Tütək səsi” filmində onun oynadığı rol ayrı bir özəllik daşıyır.

Bu filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də. Amma hər şeydən öndə orada qadın, onun yaşantısı və içində boğduğu ən müxtəlif hislər var. Bax o, həmin hissi mükəmməl ifadə edə bilib. Çünki burada gənc aktrisa özü ola bilib, daha doğrusu, qəhrəmanı Tutunu özününküləşdirməyi bacarıb. O vaxtdan başlanan hüsn-rəğbətim Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin məşhur “Qatil” dramında biçarə müəllimə obrazı ilə tam daşlaşdı. Canlı səhnədə ilk dəfə gördüyüm bu qadın yaşı keçmiş, bütün sevgisini sənətinə və dərs dediyi uşaqlara vermiş bir müəlliməni də ən az Tutu qədər hiss edə bilmişdi. Çünki o obrazların hər ikisində ondan - bu gün sirli-sehrli bir gənclik təravəti ilə 60-dan soraq verən Xalq artisti, “Şöhrət” ordenli gözəl və füsunkar qadın - Şükufə Yusupovadan çox şey var idi...

Bir qadını duymaq üçün

Hə, onu duymaq üçün mütləq o qadının yaşantısını özündən keçirməlisən. Bu özününküləşdirmə Şükufə xanımda daim yaxşı alınır. Məsələn o, “Qatil”də gecələr yoxlama dəftərləri üzərində işini qurtaran kimi tənhalıqla mücadilə aparan, iztirabları təpədən-dırnağa onu ağuşuna alan müəllimə ola bilirdi. Yatağına girib xısın-xısın ağlayır, boş qəlbi onun özünə qarşı üsyan edirdi. Sonra birdən yelbeyin qıza çevrilirdi. Belə ki, o özündən, hislərindən bezmiş məqamında bir gün qarşısına çıxan keçmiş şagirdinə inanır, onun guya illərdir qəlbində gəzdirdiyi, aça bilmədiyi sevgi izharını acgözlüklə qəbul edir. Beləcə, müəllimənin qaranlıq dünyasına gur bir işıq seli düşür, kiməsə gərəkli olduğuna məmnun halda inanır, alışır.
Lakin hadisələrin axarında məlum olur ki, bu səfil keçmiş şagirdi müəllimənin pulu, qızıl üzüyü maraqlandırırmış. Sadəlövh qızcığaz kimi aldanmış, alçaldılmış müəllimə sonda qatilə çevrilir. Bütün bunları, onu qatilə çevirən həyatı aktrisa elə canlı, inandırıcı ifa edirdi ki, onun tərəf-müqabilini tamaşaçının özü öldürmək istəyirdi. Bu təzadlar içində sevgili olması və onu mükəmməl oynaması səhnədən tam anlaşılır, hər hansı ehtirasın məhsulu olmadığı, bir qadının içindəki sevgini verə bilmək kimi müqəddəs hissinin təzahürü olaraq ecazkar görünürdü.

Sənətin “Şöhrət” zirvəsində

Aktrisa mətbuata meyl göstərməyən sənət adamlarından olduğundan 60 ilin və sənətinin “Şöhrət” gətirən sevincini onunla müsahibəsiz, geniş söhbətsiz bölüşdüm. Ona görə də bir-iki sözü və haqqında oxuduqlarımla kifayətlənməli oldum. 1954-cü ildə Bakıda doğulub. İndiki Mədəniyyət və İncəsənət Universitetində böyük rejissor Mehdi Məmmədovun kursunu bitirib. Tələbə ikən Milli Dram Teatrında M.Məmmədovun hazırladığı “İnsan” tamaşasında (S.Vurğun) Tatyana rolunu oynayıb, sonra görkəmli rejissor Tofiq Kazımovun quruluşunda M.S.Ordubadinin “Qılınc və qələm” əsərinin tamaşasında Rəna rolu ilə ştata götürülüb.
Şükufə Yusupova Akademik Milli Dram Teatrında bir-birindən fərqli obrazlara sənət həyatı verib. Onların arasında Anyuta ("Daşqın", A.Safronov), Təhminə ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İ.Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İ.Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", H.Cavid), Gülnar ("Vaqif", S.Vurğun), Şölə xanım ("Lənkəran xanının vəziri", M.F.Axundzadə), Zəhra xanım ("Köhnə ev", Ə.Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Ə.Əmirli), Həsənzadənin arvadı ("Boy çiçəyi", İ.Əfəndiyev) xüsusi qeyd olunmalıdır.
Əslində, oynadığı bütün irili xırdalı rolları saymaq da olar, onları bir-bir analiz etmək də. Amma bütün bunların məntiqi izahında bir fikir tam yerinə oturur: Şükufə Yusupova hər bir obrazında özünü oynaya bilib. Demək, aktrisa olaraq rejissordan asılı olmayan bir sənət mifi formalaşdırıb.

Kinoda özünə baxmasa da...

Aktrisa barədə aldığım məlumatlar arasında ən çox diqqətimi çəkən və təəccübümə səbəb olan məhz bu cəhət oldu. Oynadığı, rol aldığı filmlərə baxmamaq kimi bir vərdişə malik aktrisa öz rolunu ilk və son olaraq elə məhz “Tütək səsi” filminin səsləndirməsində görüb. Belə ki, görkəmli rejissor Rasim Ocaqov filmin səsləndirmə prosesində fikrini dəyişir və aktrisaya “Çox sevdiyim epizodda sənin öz səsinin olmasını istəyirəm” deyir. Beləcə, aktrisa kolxoz sədrinin Tutuya işi təhvil ver deməsinə cavab olaraq hikkəylə dediyi “Qisas alırsan, köpəyoğlu, o gün Sayalı ilə gələndə sizi evdən qovmuşdum axı...” kimi məşhur epizodla özünün ekran təcəssümünü izləmiş olur.
Onu da deyim ki, akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də məhz Şükufə xanımdır. 1975-ci ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) - ümumilikdə 20-dək filmə çəkilib.
Bundan başqa, Azərbaycan Dövlət Televiziyasında N.Hacızadənin "Yaşa, ey haqq" (Ümbülbanu), J.Koktonun "İnsan səsi" (Qadın), M.Normanın "Gecən xeyirə qalsın, ana!" (qız) teletamaşalarında da maraqlı oyunu ilə seçilib.
Kino barədə fərqli yozumu olan aktrisa rol bölgüsü, onun irili-xırdalı, mənfi, müsbət olması arasında seçim etməsə belə, hər ekran işində də özünü görmür. Kinorejissorun tələblərinə də fərqli yanaşması var: “Rejissor mənə deyir ki, burda soyunmalısan, deyirəm yox. Sevgini oynamaq üçün soyunmaq lazım deyil, onu baxışımla da verə bilərəm”.

Bir daha Şükufə özü

Səhnədə çox rollar oynayan aktrisanın həyat, yaşam, insan, onun missiyası barədə özünəməxsus fəlsəfəsi var. O, fəlsəfəsi ilə həyatda oynamadığını deyir. Övlad, ana, həyat yoldaşı, bacı, xala, bibi olan Şükufə xanım onların sevən və sevilən obrazlar olduğunu, lakin heç birində oynamadığını, onlara funksiya kimi yanaşdığını, müqəddəs olduğunu düşünür.
Daim şaqraq, realist, optimist təsiri bağışlayan aktrisanın həyatla münasibətində barışcıl mövqeyi də maraqlıdır. “Həyatın hər anı üçün şükür etmək, bir də onu gözəl görməyi bacarmaq lazımdır. Gözünə görünən hər şey, hər olay sənin onu necə görməyindən asılıdır. Çalış, yaxşı gör, o da yaxşı təsir bağışlasın”, - deyir, düşünür və buna əməl edir. Yəqin 60-ın bələdçiliyində gənclik təravətini qoruya bilməsinin və üzünə qonan 18-lik təbəssümün onu heç vaxt tərk etməməyinin də sirri bundadır.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar