Azərbaycan

13 iyun 1709 - Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
13 iyun 1927 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 - 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (qonaqlıq səhnəsində kamança ifaçısı) çəkilib.
13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək respublika yazıçıları müxtəlif birliklərdə fəaliyyət göstərirdilər. 1923-cü ildə "Türk ədib və şairlər ittifaqı dərnəyi", 1925-ci ildə "Qızıl qələmlər" ədəbi cəmiyyəti qurulmuş, 1927-ci ildə Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yaranmışdı.
13 iyun 1959 - Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub. Milli Dram Teatrının səhnəsində yaddaqalan obrazlar yaradıb: Xavər ("İblis"), Solmaz ("Od gəlini"), Bənövşə ("Nişanlı qız"), Ağabəyim ağa (“Hökmdar və qızı") və s. Film (“Günaydın, mələyim!) və televiziya tamaşalarında çəkilib.

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olur. Şair ona qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf edir.
14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb. 1938-ci ildə repressiya olunub, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib.
14 iyun 1913 - Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913 - 23.3.1968) Tiflisdə anadan olub.
14 iyun 1926 - Xalq artisti, məşhur tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.
14 iyun 1947 - Tanınmış bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano və simfonik orkestr, piano və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları, populyar mahnıların müəllifidir.
15 iyun 1918 - Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 - 7.4. 2005) Dərbənddə doğulub. “Bir dəqiqə” musiqili komediyasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum”, “Qarşıdan bir sona keçdi”, “Qadan alım”) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.
15 iyun 1924 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 1924 - 14.9.1992) Qazax rayonunda anadan olub. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
15 iyun 1933 - Şair Zülfüqar Qodmanlı (Zülfüqar Mənsur oğlu Əliyev; 1933-24.3.1998) Masallı rayonunun Qodman kəndində anadan olub.
15 iyun 1934 - Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədi kəndində doğulub.
15 iyun 1945 - Görkəmli aktrisa, teatr xadimi, Xalq artisti Amaliya Əliş qızı Pənahova Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrına rəhbərlik edir. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005) olub. Sənətşünaslıq elmləri doktorudur, Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
15 iyun 1992 - Tanınmış telejurnalist Çingiz Mustafayev Dağlıq Qarabağın Naxçıvanik kəndi yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələrinin döyüşünü lentə alan zaman həlak olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

16 iyun 1864 - Maarif xadimi Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov (1864 - 30.7.1928) anadan olub.
16 iyun 1888 - Xalq artisti, aktyor Hacıağa Abbasov (1888 - 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, 1927-1929-cu illərdə Akademik Dram Teatrına, 1929-1937-ci illərdə Bakı Teatr Texnikumuna rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir. 1932-ci ildə Azərbaycanın ilk Xalq artisti adına layiq görülüb.
16 iyun 1939 - Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. "Çağlayan", “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir. "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının mətnini yazıb.

Dünya

13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.
13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur aktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk - Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.
13 iyun 1943 - İngilis kinoaktyoru Malkolm Makdovel (Malcolm McDowell) anadan olub. Filmləri: “Kaliqula”, “Çar qatili”, “Pişik-insanlar” və s.

14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
14 iyun 1835 - Məşhur yəhudi pianoçusu və dirijoru, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.
14 iyun 1933 - Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (əsl soyadı Ledov) anadan olub. “Kölgələr günorta yox olur”, “Əbədi çağırış” kimi məşhur teleseriallara quruluş verib.

15 iyun 1843 - Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitasının, 600-dən çox mahnı və romansın müəllifidir.
15 iyun 1920 - İtalyan aktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi, 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.
15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos) Misirin İsgəndəriyyə şəhərində doğulub. Dünya üzrə 60 milyon musiqi albomu satılıb.

16 iyun 1313 - İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan «Dekameron» əsərinin müəllifi kimi şöhrət qazanıb.
16 iyun 1754 - Məşhur başqırd şairi Salavat Yulayev (1754-1800) anadan olub. Ədəbi yaradıcılığı ilə yanaşı, rus üsyançısı Yemelyan Puqaçovun silahdaşlarından biri kimi tarixə düşüb.
16 iyun 1937 - Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.
16 iyun 1950 - Məşhur hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi ilə şöhrət qazanıb. Ümumilikdə 200-dən çox filmə çəkilib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar