Bənzərsiz görkəmə, təkrarsız səsə, baxış-naxışa malik Məlik Dadaşov...

Sənətin fırçasız-qələmsiz bir sahəsilə “özgə”ləri cizgilərkən, “başqa”larını yaradırkən - həm də başdan-başa özü kimi qalmaq, sözdən-“bez”əcən özgür ola bilmək nə demək?!

Səhnədə, ekranda mətni ifadələri söylərkən müəllifləri, jestləri canlandırırkən rejissorları unutdurmaq nə tilsim?! Öz “taqsır”ı ucbatından daha da dərinləşən Məlikməmmədanə surətlər uyu-quyularından çıxıb, təzədən real Məlikə çevrilmək nə möcüzə?!.
O, çox bu sayaq suala ayaq verəsi bir sənətkar. Onun “Axırıncı aşırım”dakı “Abasqulu bəyin nazıyla çox oynayırsan, aaa... Kərbəlayi!..” pıçıltı-xısıltısının atomu bunu da bəyan edir ki, müqtədir aktyor özü də bu cür ifadələrin məhz bu tür deyilməsinin nazı ilə çox oynayıb! Gəlin “...çox oynayırsan, aaa...” ifadələrinin o boğazda necə boğulduğunun fərqinə varaq, hər seans bir saata yaxın milyonlarla tamaşaçı hiss-həyəcanını ayaqda saxlamış çox gərgin, hədsiz dramatik situasiyanın pik-psixoloji mənzərəsini ifadə edən o səs-sifət duallığının tamaşasına duraq...
Bu “tamaşa” doxsan doqquz faiz dramatik, elə o qədər də poetik və estetik. Yerdə qalan bir faizdə kim nə görər - özü bilər. Mənə qalsa, həmin o bir faizdə Məlik Dadaşovun səhnədə, ekranda açdığı saysız-hesabsız “iç üz”lərin “avtoportret” davamiyyəti gizlənir. Məsələn, o, “Dəli Kür”dəki falaqqa səhnəsində mədrəsə uşağının ayaqlarının altını sanki Molla Sadıq əvəzi yox, elə öz əzmi ilə çubuqladır. Amma dərhal da əlavə edim ki, bu, M.Dadaşov fenomenindəki “ilk baxış” təəssüratlı sərtlik-“əzazillik” elementindən daha çox, əcnəbi (xüsusən erməni!) tamaşaçı üçün məlum “düşmən toxmağı” təəssüratı yaradır. “Balaca qardaş”lıq dövrü filmlərimizdə təqdim edilən “Zülümov”, “Kələntər əmi”, “Novruzəli” kimi fağır-mağmunlarımız arasında niyə də “Qəmlo” kimilər kimi sifətlənib-surətlənməməliydik?!.
...Belə bir qüdrətli fərdin, seçilib-fərqlənmə mürəkkəbliyilə müşayiət olunan bu basırıq dünyaya, böyük səhnəyə, sehrli ekrana gəlməkliyi haqda -

Remarkavari qeydlər

1924-cü il iyunun 27-də Bakıda doğulan, özünü həyatın müxtəlif peşə sahələrində “itirib”, teatr səhnəsində tapmağa qərar verən Məlik Dadaşov Azərbaycan Teatr İnstitutunu (ADMİU) bitirər-bitirməz, adı, istedadı haqda söhbətlər yayılır. 1950-ci ildə Azdramda işə götürülür. “Ailə namusu” pyesindəki ilk rolu Azərbaycan səhnəsinə gələcəyin daha bir ustad aktyoru vədi kimi səs-sədalanır. Ə.Ələkbərov, A.İsgəndərov, M.Məmmədov kimi korifeylərin varlıqları hər yeni istedadlar kimi, onunçün də “kölgələrdə köhnəlməmək” deməkdi. Müasirlərinin üst-üstə düşən rəylərinə görə, gənc Məlikin daxilində müəllif sözlərini körükləyib daha da közərdən, rejissor mizanlarını ştrixləyib əlavə bir yozu da düzənləyən elementlər varmış. Ətrafındakı aləm - dedikcə yaradıcı, qaynar, başdan-başa münbit sənət mühiti bu gəncin yaradıcılıq bioqrafiyasına elə güclü təsir göstərir ki, - o, o vaxtların təsərrüfat dil-üslubuyla desək, “vaxtından xeyli əvvəl və artıqlaması ilə” üzə çıxır. İllər ötdükcə nəinki öz şəxsi aura-aləmində, hətta Azərbaycan aktyorluq məktəbinin formalaşmasında da rol oynayır. Bu məsələdə klassik və müasir aktyor sənətinin sintezindən yaratdığı ifa tərzini xüsusilə qeyd etməliyik. H.Sarabski, A.M.Şərifzadə və digər klassiklərimizdən ustalıqla bəhrələnmələri M.Dadaşovu dramatik rolların mahir ifaçısına çevirir.
Bilmirəm, bəxtindənmi, ya istedadından imiş - M.Dadaşova həmişə yalnız yaxşı rollar, çox halda baş qəhrəmanlar verilirmiş. Üstəlik, həmin obrazlar böyük ustadların qələmlərindən çıxmışlardı. Ancaq elə o ustadların da bəxtindənmiş ki, əsərlərinin “açar obraz”ları M.Dadaşova tapşırılırmış. Əks halda o bəlli “civəbala” Qəmlonu, “bəla” Mollanı, “dılğır” erməni hərbçisini, “İyirmialtılar”, “Ulduzlar sönmür” və s. filmlərdəki, teatr səhnələrindəki onlarla xüsusi çəkili obrazları kimlər və necə yaradacaqmışlar?..
Dahiyanə “Ölülər” pyesindəki Şeyx Nəsrullah obrazını dəfələrlə Akademik Teatrın səhnəsində oynayan M.Dadaşov özü haqda “mənfi tiplərin klassik ifaçısı” kimi özəl bir rəy də yaratmışdı. Amma həmin mənfi Şeyx Nəsrullah, Qəmlo, Molla Sadıq kimilər belə M.Dadaşov haqda rəylərə çox müsbət elementlər bəxş edirdi. O, səhnə Şeyx Nəsrullahını elə yaratmışdı ki, kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullahı məhz Məlik Dadaşovda görmüş və çəkmişdi.
Bu fikir-qənaətləri kinorejissor Əjdər İbrahimovun bu aktyoru bir neçə bu tip filmə çəkməsilə də qüvvətləndirmiş olub.
Görəsən, “kinoda yaratdığı (yəni ümumauditorial) çinar-çinar obrazların işığı onun teatr səhnəsindəki palıd-palıd rolları üzərinə kölgə salıb” fikrimi qəribliyə salan çoxmu oxucu olar? Məsələn, Xalq yazıçısı İlyas Əfəndiyevin “Atayevlər ailəsi” əsərinin teatr tamaşası ilə həmin pyes əsasında hazırlanmış televiziya tamaşasının müzakirələri zamanı azmı ziddiyyətli müqayisələr oxuyub-eşitmişik?
Bayaqdan bəri bu böyük səhnə və ekran azmanının “Axırıncı aşırım”dakı obrazı - Qəmlosu haqda dönə-dönə danışmış olsam da, əlavə edim ki, bu rol bütövlükdə Azərbaycan kinosunun incilərindəndir. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor “filmin əsas dramatik yükünün daşıyıcısı” rolunda da çıxış etmiş olub. Ancaq bu məsələdə bir “təəssüf” obrazı da var. Belə ki, keçmiş İttifaqın məlum festivalında “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyaya onun adı mükafatçılar siyahısına salınmamışdı. “Səbəb”ə baxın: “...sovetlərin düşməni - yəni Qəmlo sovetin mükafatını ala bilməz”. Amma əslində, səbəb yuxarıda dediyim məsələ idi: yəni mükafat bu qəzəbli türk-müsəlman sir-sifətini daha geniş areala yaya bilərdi...
Teatrımızda ömrünün sonuna kimi çalışan Məlik Dadaşov U.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda yaratdığı obrazlar bu gün də xatirələrdə “oynanılır”. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışan aktyor özünü teatr mütəxəssisi kimi də təsdiqlədi. Belə ki, həmin teatrın direktoru olduğu müddətdə repertuar xeyli zənginləşdi, yeni yaradıcı qüvvələr cəlb olundu. Məlik müəllim 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də dedi, bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etdi, sənətsevərlərin qəlbində canlı məktəb və müəllim kimi iz qoydu, öz böyük sələfi Əliağa Ağayevin səhnəmizdən, ekran-efirimizdən xüsusi ovqat saçan “tenor” bakılı ləhcəsinə “bariton” qardaşlığı etdi...

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar