Bu yazıda müxtəlif bilgilər - ədəbiyyat, mədəniyyət, tarix sahəsində ensiklopedik məlumatlara və izahlara malik olmuş ünlü ziyalı və eyni zamanda təbabət elmi üzrə professor, dünyaca məşhur cərrah - Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü, Əməkdar elm xadimi Nurəddin Rza anılır. Həmçinin onun yazdığı və haqqında yazılmış fikirlərin bəzilərindən qısaca söz açacağıq. İyun ayında 85 illiyi qeyd edilən tanınmış aydını xatırlamağın özü də bir mədəni və mənəvi xidmətdir. Nurəddin Rza hələ çox cavan yaşlarından təkcə öz ixtisası olan həkimlik sahəsi üzrə təşkil edilən elmi məclislərdə çıxışlar etmir, eləcə də klassik və müasir ədəbiyyatdan, qədim Azərbaycan tarixindən, incəsənətdən danışar, maraqlı polemikalar açardı. Zəngin biliyi, natiqliyi, sitatlarla bol şərhləri, məntiqi və məfkurəsi ilə heyranlıq qazanmış bu elm adamı təkcə Azərbaycanda məşhur deyildi. Bir yerdə rus, digərində ingilis, bir başqa yerdə türkcədə nitqlər söyləmiş Nurəddin Rza öz zəkası ilə Azərbaycan adına şərəf gətirirdi.
Həm də gözəl yazar idi. Onun qələmindən çıxmış “Ömürdən pay”, “Yaşatmaq yanğısı”, “Xudu açarı” əsl ədəbi-bədii-publisistik əsərlərdir. Bir zamanlar bu kitablar örnək olaraq populyarlığı ilə çox-çox ədəbi əsərləri geridə qoyaraq əl-əl gəzərdi. Sonrakı illərdə isə onun nəinki şairləri, hətta ədəbiyyatşünasları belə heyrətləndirən daha bir kitabı çap olunmuşdu: “Məhəmməd Füzulinin “Leyli və Məcnun”unun “Nurəddin Rzanın bədii nəsrlə şərhi” .
Kitaba yazdığı ön sözdə - “Düşvarı asan-nəzmi nəsr edən həkim” yazısında dəyərli elm adamı - professor Yaşar Qarayev qeyd etmişdir ki, Füzuli dili üzərində mətn əməliyyatını yalnız beyində və ürəkdə cərrahiyyə əməliyyatı ilə müqayisə etmək olar; ən xırda bir zədədən nəbz-nəfəs dəyişər və ruh məhv ola bilər. Söz milli poeziyanın beynindən və ürəyindən gedəndə isə cavabdehlik birə-yüz qat da artır: “Bütünlükdə bu kitabda və onun hər səhifəsində bir yox, iki “Leyli və Məcnun” var, onlardan birinin mətni Füzulinin, digərinki isə Nurəddin Rzanındır. Təfsirçi-həkim ədəbi dahiyə həmmüəllif və tərəf-müqabil olmağa çox böyük ümidlə, inamla cəsarət etmiş və bu cəsarətdən yeni, maraqlı, mənsur bir “Leyli və Məcnun” doğulmuşdur.
İki “Leyli və Məcnun”dan bir nümunə gətirməklə birinci və ikinci barədə az da olsa təəssürat yaratmaq istəyirəm. Füzulidə:
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşü gülruxü səmənbuy.
Şirin ləbi-mənşəi - lətafət,
Rəna qədi - durdugilə afət.
Nurəddin Rzanın təfsirində: Bir sərvboylu, gülüzlü, yasəmən və gül ətirli, gözəl, şirin dodaqları lətafət saçırdı, rəna görünüşü bəla idi”.
1929-cu ildə Gədəbəy şəhərində ziyalı ailəsində doğulmuş Nurəddin Rza alimləri ilə şöhrətlənmiş bu rayonun orta məktəbi qızıl medalla bitirən ilk məzunu olmuşdur. 1945-ci ildə - 16 yaşında indiki Dövlət Tibb Universitetinə qəbul olunmuş, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərindən elmə istiqamətlənmiş gələcək cərrah tibb sahəsində özünü tanıda bilmişdi. Digər elmlər sahəsində də bilik və qabiliyyəti ilə tanınaraq gənc vaxtlarından elmi yığıncaqlarda, televiziya ekranlarında görünməyə başlamışdı.
... Ötən əsrin 70-ci illərində Azərbaycan televiziyasında üç alim həftədə bir dəfə bir veriliş aparırdı. Dəyərli ziyalılar - Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və Nurəddin Rzayev üçlüyündə ərsəyə gətirilən və təkcə televiziya arxivində deyil, həm də xalqın yaddaşında iz salmış həmin verilişlərin ən böyük məziyyəti özümüzü özümüzə tanıtmaq idi. Bu məşhur üçlüyün amal və əməl birgəliyindəki alilik məqamları xalqın başa düşdüyü məramlarla müşayiət olunurdu. Onların xalqın milli-mənəvi dəyərlərindən məhz özlərinə məxsus vətəndaş mövqeyi ilə söz açmaları bu verilişlərdən sonra hər kəsi danışdırırdı.
Məlum üçlüyü təsadüfən xatırlatmadım. Bu ziyalı üçlüyü həm də ziyalı dostluğunun bir dədə nümunəsi kimi də qiymətləndirmək olar. Burada bir məqam da ondan ibarətdir ki, zamanında Bəxtiyar Vahabzadə və Xudu Məmmədov bu sacayağı dostluqda onlardan yaşca kiçik olan Nurəddin Rzanı özlərinə dədə seçərək - Dədə Nurəddin Rza deyə ona üz tuturdular.
Bu barədə ayrıca da söz salmaq olar. Bir nüans kimi təqdim etdiyim yuxarıdakı abzas həm də Nurəddin Rza kimliyini təsdiq edən əlamətlərdən biridir.
Nurəddin Rzanı ədəbi aləmdə tanıdan amillər onun təkcə yazar olaraq maraqlı kitabları deyil, həm də mühakimələri, dərin ədəbi yozumları idi. Nizami, Füzuli haqqında elmi yığıncaqlarda belə düşündürücü yozumlar verən alim eyni zamanda Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Sabir, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Səməd Vurğun barədə də yazırdı, çıxışlar edirdi.
Yazılarının birindən: “Nizami, Füzuli, Üzeyir bəy kimi, Sabir də başdan ayağa yenilik idi. Təzə yolun yaradıcısı idi. Sabir və Mirzə Cəlil ədəbiyyatımıza əkiz gəlmişdilər. Yolları bir, məqsəd və arzuları bir idi. Hər ikisində vətəndaşlıq qeyrəti və cəsarəti var idi. Əgər Sabir yaşasaydı, danışıqsız o, Mirzə Cəlilin ömürlük silahdaşı və dostu olaraq qalacaqdı. Bu iki dahi birlikdə nələr eləyə bilməzdilər!”. Nurəddin Rza böyük dramaturq Cəfər Cabbarlı barədə yazmışdı: “Cəfər Cabbarlı müasir ədəbi dilimizin təməl daşlarını düzənlərin ön sırasında gedirdi. Onun nitqinin dadı - duzu, odu - atəşi zərifliyi, ifadələrinin ziyalılığı adamı valeh edir. “Od gəlini” , “1905-ci ildə” , “Almaz” , “Sevil” , “Oqtay Eloğlu” kimi uzun zaman səhnə repertuarından çıxmayan əsərlər yaratmağı bizdə yalnız Cəfər Cabbarlı bacardı. Heyf ki, bu siyahı dahi sənətkarın 34 yaşında bitdi. Bu gün Azərbaycanda geniş yayılmış müsəlman adları sistemindən başqa, “Dədə Qorqud” məcrasına yönəlmiş və ya oradan götürülmüş adlar bənzərində ən gözəllərini Cəfər Cabbarlı yaradıb: Sevil, Gülüş, Gündüz, Elxan, Dönməz, Sönməz, Oqtay, Aydın və s.”.
Onu da qeyd edim ki, həm də qorqudşünas alim kimi fikirləri ilə maraq doğurmuş Nurəddin Rza iki dəfə “Kitabi-Dədə Qorqud”a həsr edilmiş beynəlxalq simpozium və konfransda Azərbaycanı təmsil etmişdir. O, digər beynəlxalq səviyyəli elmi toplantıda müxtəlif ölkələrdən olan ədəbiyyatşünaslarla çiyin-çiyinə Mövlana Məhəmməd Füzuli poeziyasının məfkurəsi, fəlsəfi poetik dühası barədə “Keçmişimizi gələcəyimizə qaytaraq” mövzusunda da məruzə etmişdi.
Burada digər bir dəyərli aydın, Xalq yazıçısı Anarın “zövqlü ədəbiyyat heyranı” Nurəddin Rza haqqında yazdığı bir yazıdan bir cümlə sitat gətirirəm: “Nurəddin Rza həm söz sənətimizin, şeirimizin tarixinə və bu gününə mükəmməl bələd olan zövqlü ədəbiyyat heyranı, həm də canlı, oxunaqlı dillə, maraqlı üslubda yazılmış kitabların müəllifidir...
Nurəddin Rzanın ortaq türk dili müzakirələri sırasında özünün araşdırıb üzə çıxardığı dəlillər əsasında Nyu-Yorkda I Türk Dünyası Beynəlxalq Konqresində etdiyi məruzə də aktuallığı ilə seçilmişdi. Bu axarda onun yetkin tədqiqatları, təklif və şərhləri Azərbaycan və Türkiyə mətbuatında çap olunmaqla indiyədək diqqətdə qalmaqdadır.
Dəyərli elm adamı və vətənsevər bir aydının - Nurəddin Rzanın türkdilli xalqlar barədə yazdığı və ya danışdığı məsələlərdə onun, türkoloq fəhmi ilə yanaşı, tarixi bilgilərə malik olması həmişə diqqət çəkirdi. Bu barədə onun yalnız bir abzaslıq fikrinə boylansaq bəlkə də yetər: “Anadoludan tutmuş ta Altaylara qədər, Azərbaycan da daxil olmaqla, böyük bir arealda türk xalqlarının heç kəsin silə bilməyəcəyi dərin kökləri və tarixi izləri vardır. Bu izlər qaya rəsmlərində, kurqanlarda, 2500-3000 illik yazılı ədəbiyyatda, dağ, çay, şəhər, tayfa adlarında yaşayır...”
Nurəddin Rza haqqında dünyaca dəyərli aydınların fikirlərini xatırlatsam, bilməyənlər üçün onun kimliyi daha aydın görünəcək. Bəxtiyar Vahabzadə, Cavad Heyət, Xudu Məmmədov, Çingiz Aytmatov, Anar, Oljas Süleymenov, Murad Hacı, Şirməmməd Hüseynov, Turan Yazqan, Rüstəm Əliyev, İbrahim Yıldırım və daha kimlərin onun haqqındakı dediklərini oxuyanda böyüklüyün nə demək olduğunu dərindən anlayırsan.
Bəxtiyar Vahabzadə: “Nurəddin sənin üçün kimdir!” sualına ikicə sözlə - “ehtiyacdır, zərurətdir” cavabını verərdim ...”
Cavad Heyət: “Nurəddin Rza təkcə o taylı-bu taylı Azərbaycanın deyil, bütün Şərqin ürəyidir. O, həyatını məntiq və fəzilət üstündə quran və doğruldan, heç zaman və heç nəyin bahasına çaşmayan bir kişidir. O, mərdliyi sevən bir comərddir”.
Yazını sözü ilə izini qoymuş şair Şahmar Əkbərzadənin Nurəddin Rzaya həsr etdiyi “Dərddaşım Nurəddin dədəyə” şeirindən bir bəndlə bitirirəm:
Tökmə təpələrdən vüqar gözləmə,
Vüqarda min təpə bir dağa dəyməz.
Susasan, dənizdən umub eləmə,
Yüz dəniz bir sısqa bulağa dəyməz.

Etibar Əliyev,
Gədəbəy rayon Mədəniyyət Mərkəzinin direktoru, Zərdabi mükafatı laureatı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar