Azərbaycan

24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan olunub. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.
24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939-31.8.1968) Təbrizdə doğulub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) uşaq kitabları müsabiqəsində qızıl medala layiq görülüb.
24 iyun 1955 - Tanınmış jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955 - 17.12.1999) anadan olub. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə (ölümündən sonra) layiq görülüb.

25 iyun 1907 - Xalq artisti, tanınmış aktrisa Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən ömrünün sonunadək Akademik Dram Teatrının aktrisası olub. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Kitabları: “Babam yaxşı kişi olubdu”, “Ürəyimin güzgüsü” və s.
25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub.
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru Paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski nazir müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Uzun müddət Akademik Dram Teatrında çalışıb.
26 iyun 1929 - Tanınmış həkim, yazıçı-publisist, Əməkdar elm xadimi, professor Nurəddin Məmmədbağır oğlu Rzayev (1929-2011) Gədəbəy rayonunda doğulub. Tibb sahəsi ilə yanaşı, türkologiya, ədəbiyyat, tarixə dair kitab və məqalələrin müəllifidir.
26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqrad (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1975-1977-ci illərdə Qroznıda (Çeçenistan) Rus Dram Teatrında çalışıb. 1977-1981-ci illərdə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
26 iyun 1985 - Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Telefonçu qız”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Tənha narın nağılı”, “Həyat bizi sınayır”.

Dünya

24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı aforizmlər toplusu tərtib edib.
24 iyun 1912 - Rusiyanın Xalq artisti Sergey Filippov (1912-1990) anadan olub. Filmləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s. Azərbaycanda “Alma almaya bənzər” filmində çəkilib.
24 iyun 1930 - Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
25 iyun 1903 - İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Satılan albomların tirajına (750 milyon) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
26 iyun 1927 - Rejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar