Sona Hacıyeva çətin və mürəkkəb bir zamanda - ötən yüzilliyin 20-ci illərində səhnəyə qədəm qoymuşdu. O dövrdə azərbaycanlı xanımların sənətə gəlişi hələ də məhdudiyyətlərlə, çətinliklərlə müşayiət olunurdu. Amma gənc Sonanın ailəsində əsl sənət ab-havası vardı. Onun aktrisa peşəsini seçməsində bu mühit mühüm rol oynadı.
Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə ziyalı ailəsində dünyaya göz açıb. Anası Əzizə Məmmədovanın aktrisa olması, gözəl qarmon ifa etməsi, babası Əbdübağı Zülalovun xanəndəliyi onda musiqiyə maraq oyadır. Lakin həyat onun üzünə gülmək istəyərkən atası vəfat edir. Beləliklə, o, babası Əbdübağı Zülalovun himayəsində qalır. 1916-cı ildə anası ilə Tiflisə köçürlər. Sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə isə oradan Bakıya gəlirlər. Əvvəl anası, sonra isə Sona şəhərdəki Əli Bayramov klubunda fəaliyyət göstərən dram dərnəyinə üzv olurlar. Maraqlıdır ki, ana ilə övlad eyni vaxtda səhnəyə gəlirlər. Bu barədə Sona Hacıyeva xatirələrində yazır: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl, səni də ora aparım. Bir şərtlə ki, sakitcə oturub tamaşa edəcəksən. Mən bundan çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: “Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”. Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam”.
Balaca Sona bir də onda görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desə, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirir. Səhnəyə çıxanda ayaqları əsir, dili tutulur, nə edəcəyini bilmir. Çətinliklə də olsa, suflyordan eşitdiklərini təkrar edir. Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində ilk addımı olur. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət edirlər. Teatrın kollektivi ilə respublikanın rayonlarına qastrola gedir, kənd zəhmətkeşləri qarşısında çıxışlar edir.
Sona Hacıyeva 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrında işə qəbul olunur. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” əsərində Səlimə obrazını yaradır. Bu onun dram teatrının səhnəsində ilk rolu olur. Mənbələrdə qeyd olunur ki, Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Aktrisa uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradır.
Səhnəmizin ilk aktrisalarından olan Sona Hacıyeva bəzən Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalıb. Çünki o dövrdə aktrisa sarıdan teatrlarımız çox korluq çəkib. Görkəmli sənətkar Hüseynqulu Sarabski də onun aktrisalıq məharətini və səsini çox bəyənib. Onun yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb. O vaxtadək operada qadın rollarını kişilər və qeyri-millətlərdən olan aktrisalar oynayıblar. Bu səbəbdən də Üzeyir Hacıbəyli, Müslüm Maqomayev çalışıblar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva tez-tez opera səhnəsində çıxış etsin. Beləliklə, o, həm opera, həm də dram teatrın səhnələrində müntəzəm rol alır. Bir səhnədə muğam oxuyubsa, digər səhnədə dramatik obraz yaradıb. Onun səhnə həyatı verdiyi obrazların hamısı təbii və təsirli alınıb.
Sona Hacıyeva ömrünün sonuna kimi Dövlət Dram Teatrının səhnəsində çalışıb. Azərbaycanın klassik dramaturqları ilə bərabər, dünya dramaturqlarının əsərlərində müxtəlif obrazları yaradıb. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifey sənətkarlarla tərəf-müqabil olub. Görkəmli rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevib. Tamaşalarda Sona xanıma ayıracağı rolu çox dəqiq seçərmiş.
Aktrisa səhnədə oynayacağı obrazları ürəkdən sevər və onlara qəlbən bağlanarmış. Bütün bunlara baxmayaraq, səhnədə həyəcanını da gizlədə bilmirmiş. İfaçılıq üçün böyük ustalıq sayılan psixoloji, gərgin anlar Sona xanımın keçirdiyi həyəcanlarla qovuşaraq səhnədə yeni bir çalar yaradarmış.
Böyük dramaturq Cəfər Cabbarlı Sona Hacıyevanın teatr aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazıb: “Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdir”.
Aktrisa II Dünya müharibəsi illərində həmkarları ilə birlikdə dəfələrlə cəbhədə olub, azərbaycanlı əsgərlər qarşısında çıxış edib. Məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırıb. Ümumiyyətlə, olduqca mürəkkəb bir zamanda sənətə gələn Sona Hacıyeva səhnədə 200-dən artıq rolda çıxış edib. Həm lirik, həm də komik obrazların mahir ifaçısı kimi tanınıb.
Sona Hacıyeva eyni zamanda Azərbaycan kino sənətinin inkişafında xidmətlər göstərib. O, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Səhər”, “O olmasın, bu olsun” bədii filmlərində çəkilib. Aktrisanın səhnə fəaliyyəti yüksək qiymətləndirilib, 1933-cü ildə Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Teatra gəlişi ilə səhnəmizə yeni nəfəs gətirən Sona Hacıyeva 4 dekabr 1979-cu ildə vəfat edib.

Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar