XIX əsr Azərbaycan ədəbiyyatında, xüsusilə Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan tarixçi, şair Mir Mehdi Mir Həşim oğlu Xəzaninin tərcümeyi-halı haqqında ətraflı məlumat olmasa da, bəzi mənbələrdə həyat yoluna qismən işıq salınır.
Onun 1819-cu ildə Bərgüşad mahalının Məmər kəndində anadan olduğu bildirilir. İbtidai təhsilini molla yanında alıb, sonra mədrəsədə oxuyub. Bir müddət Dizaq mahalında məktəbdarlıq edəndən sonra 1859-cu ildə Tuğ kəndində yerləşib. Burada da məktəbdarlıqla məşğul olub.
Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayıb. O, “Qarabağ tarixi” (“Kitabi-tarixi-Qarabağ”) əsərinin müəllifi kimi tanınır. Müəllifin müqəddimədə qeyd etdiyinə görə, əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin “Qarabağ tarix”lərindən əlavə, “təvarixi qədimlər”dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə yazıb. Əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.
Azərbaycan tarixşünaslığında “Kitabi-tarixi-Qarabağ” kimi dəyərli əsər verən Mir Mehdi həm də şair olub, Xəzani təxəllüsü ilə xoştəb şeirlər yazıb.
Bədii yaradıcılığında Füzuli ənənələrinə və xalq ədəbiyyatı üslubuna söykənən Mir Mehdi Xəzaninin qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı, bayatı janrlarında yazılan nümunələri günümüzədək gəlib çıxıb. 1989-cu ildə əsərləri kitab şəklində çap olunub. Bir neçə il öncə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda Mir Mehdi Xəzaninin “Xəyalat məcmuəsi” adlı şeirlər toplusunun əlyazması əldə edilib. 117 vərəqdən ibarət “Xəyalat məcmuəsi”ndə şairin yüzdən artıq qəzəl, qəsidə, müxəmməs, müstəzad, qoşma, gəraylı və tapmacaları ilə yanaşı, Vaqif, Zakir, Asi və digər Qarabağ şairlərinin şeirləri toplanıb.
Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.