Çörəyi də, şan-şöhrəti də bu kobud əşyadan çıxmış incəsənətçi...

Kələ-kötür daşlar sənətdaşı Cəlal Qaryağdı. Zəhmətkeş əlləri natiq dillər kimi “danışan” bir sənətkar. Ürəyigeniş, qəlbidolu məlum dədələr qədər müdrik, mehriban uşaqlar təki səmimi bir insan. Hələ onun həmsöhbətcilliyi!..

Tez-tez görüşərdik. Belə bir məşhurun məni bəzi həmkarlarımdan fərqləndirdiyinə görə, zəngləşməkdən, görüşüb-söhbətləşməkdən doymazdım. Bir kərə də dedi ki, sizin qələmçilərin çoxusu sözə yalnız “natürmort”çu kimi baxır. Amma əslində, bizim sənətimizlə - yəni heykəltəraşlıqla sizin sənətiniz yəni - söztəraşlıq arasında bir yaxınlıq var; bizdə məqsəd-məram tişə ilə yonulursa, sizdə ifadələrlə yoğrulur...
Bu kimi söhbətlər məndə daha yüksək məsuliyyət hissi doğurar, onunla bağlı yazı-pozularımda əməlli-başlı tər tökər və bu qənaətə gələrdim ki; “incəsənət” ifadəsi tək elə iki sözdən yaranmış bir möcüzə deyil və nə yaxşı ki, bunu bacaranların sayı çox azdır. Yoxsa bu iş də adiləşər, bir para adamlarda cəm olmuş intəhasız xoşbaxtlıqlar, var-dövlət kimi gözdən düşüb, dəyərsizləşərdi.

Beləliklə...

incəsənət təkcə maddi zinətlərin yox, həm də bütün mənəvi nemətlərin başında, incəsənətçilər isə bunların hamısının peşində duran nadir nəsnə, qadir kimsələrdir. Bu vəzifə xüsusi qabiliyyət, ilham, istedad, səbr-cəbr tələb etdiyindən, istehsalçılarının sayı istehlakçılarınınkından dəfələrlə azdır.
Və heykəltəraşlar yeganə sənətçilər ki, əllərindəki “çörək ağacı” qabar “məhsulu” da yetirir: məsələn, bu yazı qəhrəmanının əmisi - yetmiş il qaval döymüş Qaryağdıoğlu Cabbarın əlləri qabar görməyib.
Bu qabarlar İlahi və ilhami...
Yəni, tez-tez dəyişən sənət “arka”ları, çeşid-çeşid pozalar, pyedestal-pəstahlar yaradan əllər də var, olumdan-ölümə - yaradıcılıq məzmunu nə qədər dəyişsə də - formaca eynən qalan əllər də. Həm də... bütün başqa sənət adamlarının problemi - bir qədər redaktə və ya əlgəzdirim şərtilə “bazar münasibətləri” olduğu halda, heykəltəraşların işləri daha çox, mənəvi “bazar” müsibətlərilə əlaqəlidir. Onların illərlə tişələdikləri monumental bir əsər, bəzən kor-koramal bir “inqilab” əsiminin badına gedir.
Bəli, başqa incəsənətçilərin işi xeyli asandır; zəmanə bəd gəldimi, rəssam hər hansı naqolay işini aradan çıxara, ədib öz “köhnə”lərini yeni “seçilmiş əsərlər”inə salmaya, bəstəkar “dosye”li - simfoniyasını səsləndirməyə bilər. Bəs sənətin bu möhtəşəm “çöl növü”nü - gecə-gündüz kütləvi tamaşaçı-xalq qarşısında ideologiya tərənnümatı saçan “ağır artilleriya”ları neyləyəsən?
Dövrünün seçkin sənətkarlarından, baş heykəltəraşlarından sayılan Cəlal Qaryağdıya bilavasitə dəxli olan bu məsələyə daha bir bənzətmə əlavə edib, onun sovetizmdən dolayı “yaralı” yaradıcılığına keçəcəm. Növbəti “bənzətməm”sə bu ki, əgər başqa sənətkarların matahları nəhəng “ictimai seyf”in içərisindəkilərdirsə, heykəltəraşlarınkı məhz o zindan seyfin özüdür...

29 il bundan öncə...

Hansı ki, həmin gün ünlü sənətkarımızın yetmiş yaşı tamam olurdu və mən o vaxt ondan AzTV-nin “Günün ekranı” proqramına 4-5 dəqiqəlik bir süjet hazırlamalıydım. Yol boyu, təbii, öz növbəti obyekt-subyektim haqda düşünürdüm: - qoca tarixin “hər zaman cavan” prizmasıyla yanaşsaq, Şuşamızın dünənki qızı Xurşidbanu Natəvanı xalqımızın ulu nənəsi, qədimlik anası kimi təcəssüm etdirmiş sənət Fərhadımız barədə, hələ otuz yaşını yenicə adlayarkən yaratdığı Mirzə Ələkbər Sabir abidəsində milli müdrikliklə bəşəri satira-sarkazm vəhdəti yapmış kamil sənətkar haqda...
Emalatxanası ətrafındakı bir ağac kölgəsində sərinlənməkdə olan ustadı görüncə, çoxdankı və bu yolboyu təəssürat və qənaətlərim doğuldu; yetmiş sinli bu kişinin sifətindən, yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu yağırdı.
Əvvəlcə bir atüstü “dedim-dedi” söhbətimiz oldu ki, bunu “kəşfiyyat” da adlandırmaq olar. Məlum oldu ki, əsil-kök və şəxsi məfkurə etibarilə təpədən-dırnağa özgür olan bu sənətkarın bütün yaradıcı ömrü - beş-on milli mövzulu nümunəsi istisna edilməklə, özgələri tərənnüm etməkdə, yad-yabançıları yonub-yontalamaqda keçib: Lenin, Stalin, Fioletov, Çaparidze və başqaları. Bu “və başqaları” mənim hazırladığım süjetin xronometraj saniyələrindən də çox olduğuna görə, söhbət və hisslərinin gizlinində bir faciə yaşayan qocaman sənətkara çox əziyyət verməli olmadım. Hətta kefi bir az durulsun deyə, bu ideoloji tragikomediyanın bütün həyat səhnələrimizdə oynanıldığını bildirdim və ona öz redaksiyamızla bağlı “bir şəkil”lik qaravəlli də söylədim. Dedim, bizdə də bəzən plandakı 1 milyon ton əvəzinə 2 milyon ton neft çıxarılması faktı ilə rastlaşanda mikrofonlarımızın “çiçəyi çırtlayır”, bu şad xəbəri xalqa bəxtəvər-bəxtəvər çatdırır və hələ aşağı düşüb, hər ay “Krunk”a “dolya” ötürən Zina “xanım”ın bufetində bu plan və öhdəlikdən əlavə yağmalanmağımızı “yuyan”lar da olur...
Nəysə... ikibaşlı gülümsünüb, onun böyük sənət tikintisi meydançasını xatırladan emalatxanasına keçdik. Mənim “İncə sənətin yaradıcısı əllər” mövzu-motivimdən xəbərdar teleoperatorumuz onun qabarlı əllərini, hər şeyi incələməyə yönəli gözləri ətrafındakı qıyıqları, alnındakı çalın-çarpaz qırışları “krupnı”layıb obrazlaşdırmaqda, mən isə bu zəhmətkeş, istedadlı əllərin illərlə sığal-tumar verib yaratdığı saysız barelyef, qorelyef, büst, heykəl, eskizlərini, bəzisi sınmış, bəzisi isə heç vaxt tamaşaçı, küçə, meydan vüsalına yetməyəsi fiqur və abidələri müşahidə etməkdə.
Qısaca tanışlıq ərzində, mənə bel bağladığından, “lazım olmayan” mətləblərə də yönələn sənətkar, Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti binası yanındakı heykəlindən söhbət düşəndə gülümsündü. Dedi ki, bəli, əvvəl o heykəl ayaqüstü formada idi. Və qısası, sonralar... köhnə millətçi kişilərin “Sabiri də oturtdular!” dediyi o işin müəllifi mənəm...
Dedim, ən qədim sələflərinizdən olan Fərhadın heykəlini yaratmaq arzunuz da olubmu? Dedi, olub, amma heç vaxt heç kimə duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər olar, amma mütləq, nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...
Söhbətimizin qaçaraq bir dəmində soruşdum ki, niyə bu Qırat, Dürat xalqının paytaxtında bir at heykəli yoxdur? Bu barədə gen-geniş söhbətinin məğzi, sözünün canı bu ki; “...o atı minib İran-Turana atlanmaq xəyallarımızın qarşısının alınması üçün...”

Və danışmadıqlarımızdan...

Yəni nüvəsində tər-təmiz - özgür-özümüzlük olan məsələ-mətləblərdən, yaşadığı çox ciddi, “köhnə kişilər” sifətli, mərdlik-mərdanəlik siqlətli şəxsiyyətindən. 15 yaşında Azərbaycan Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq Akademiyasını bitirən, 22 yaşında mükafata layiq görülən üç büst, beş barelyef yaradan bu sənətkar öz dövründə bütün ictimai rakurslardan görünənlərdən, sayılıb-seçilənlərdən olub. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun abidələri, dahi Qara Qarayevin, Fikrət Əmirovun büstləri, dillər əzbəri Səməd Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı söhbət və müsahibələrimizdə danışmağa çətinlik çəkdiyi “əsərsiz” əsərlərindən fərqli olaraq, yüzillərlə ucadan və qürurla danışacaqlar. Nizami muzeyinin qərb fasadı lojasındakı monumental işi - Molla Pənah Vaqifin son dərəcə lirik, şairanə heykəli isə, tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi misralar yox, həm də müqəyyəd “usta-usta yonub-yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandırmırmı?..

Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar