Azərbaycan

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, 2001-ci il avqustun 1-dən Azərbaycan ərazisində bütün idarə-təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, proses ləng gedirdi. Fərman bu prosesi başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edildi.
1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb.
1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafiki Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub.
1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
1 avqust 1929 - Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) (1929-15.1.2010) anadan olub.
1 avqust 1933 - Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda anadan olub. Azərbaycan Akademik Opera və Balet Teatrında quruluşçu rejissor işləyib. 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrının baş rejissorudur. Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 - 8.9.2005) Lerik rayonu Hoveri kəndində anadan olub. “Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda”, “XIX əsr Azərbaycan ədəbiyyatı” və s. dərslik və monoqrafiyaların müəllifidir.
1 avqust 1948 - Kinooperator, rejissor, Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 - 1.8.2013) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
1 avqust 1960 - Kinoşünas, rejissor, ssenarist Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. “Vahimə” (psixiatr), “Təxribat” (vəkil) filmlərində çəkilib.
1 avqust 1961 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916, Gəncə - 1961) vəfat edib. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.

2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib: “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü elan olunub.
2 avqust 1955 - Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manaf oğlu Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm” və s.
2 avqust 1969 - Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb.
2 avqust 1980 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması Tofiq Kazımovun adı ilə bağlıdır.
2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
2 avqust 2009 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.

4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1. 1984) Gəncədə doğulub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Bəxtiyar” (Rəcəbov), “Bir qalanın sirri” (həkim Eldostu), “Qatır Məmməd” (Gəncə qubernatoru), “Nəsimi” (Şeyx Əzəm), “Əhməd haradadır?” (Şirin kişi), “Tütək səsi” (İsfəndiyar kişi) və s.
4 avqust 1939 - Tanınmış aktrisa, Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 - 11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
4 avqust 1943 - Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış aktyor Ramiz Ağarza oğlu Məlik Bakıda anadan olub. 1967-ci ildən Milli Dram Teatrında çalışır. “O qızı tapın”, “Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, filmlərin dublyajı və səsləndirilməsində iştirak edir.
4 avqust 1944 - Sənətşünaslıq doktoru, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Kübra Muxtar qızı Əliyeva anadan olub.
4 avqust 2008 - Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.

Dünya

1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
1 avqust 1923 - SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.
1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, detektiv romanlar müəllifi Karter Braun (1923-1985) anadan olub.
1 avqust 1942 - İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s.
1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s.
1 avqust 1965 - Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.

2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki məşhur «Azadlıq» heykəlinin müəllifidir.
2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
2 avqust 1905 - Məşhur Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.
2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
2 avqust 1939 - Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.

3 avqust 1832 - Xorvatiya bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
3 avqust 1910 - Polyak əsilli Rusiya aktyoru Vaslav Dvorjeski (1910-1993) anadan olub.
3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.
3 avqust 2008 - Rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-cü ildə Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.

4 avqust 1859 - Norveç yazıçısı Knut Hamsun (əsl soyadı Pedersen; 1859-1952) anadan olub. “Aclıq” adlı psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Modernizmin məşhur nümayəndələrindən olan yazıçı Hitlerin pərəstişkarı kimi də tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.
4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.
4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiyanın) Dövlət himninin musiqisinin müəllifidir.

Hazırladı: Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar