Dövrünün ictimai fikir tarixində böyük iz qoyan azərbaycanlı alimlər, mütəfəkkirlər çox olub. Orta əsrlərdə yaşayıb yaradan belə filosoflardan biri də sufizm cərəyanının görkəmli nümayəndəsi Şeyx Mahmud Şəbüstəridir. O, həm nəsr, həm də nəzmlə əsərlər yazıb. “Gülşəni-raz” poeması müəllifə böyük şöhrət qazandırıb...

Şeyx Mahmud Şəbüstəri 1287-ci ildə Təbriz yaxınlığındakı Şəbüstər kəndində ilahiyyatçı ailəsində anadan olub. Öz şəxsi mütaliəsi sayəsində ensiklopedik bilik əldə edib, ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə bələd olub. Gənc ikən Misir, Hicaz, Suriya və İraqa səyahət edir, məşhur alimlərlə tanış olur.
Görkəmli filosof qısa ömür sürsə də, zəngin ədəbi irs yaradıb. Buraya “Səadətnamə”, “Həqiqətlər xəzinəsi”, “Aləmin yaradıcısını dərk etmək üçün şəksiz həqiqətlər”, “Həqiqət axtaranların aynası” və “Sirlər gülşəni” poeması daxildir.
“Sirlər gülşəni” (“Gülşəni-raz”) məsnəvisi yazıldığı dövrdən təsəvvüfün təməl kitablarından sayılır. Sonralar bu mövzuda kitab yazmaq istəyənlər “Gülşəni-raz”a təkrar-təkrar müraciət ediblər...
Bu əsərin yazılma tarixçəsi də maraqlıdır. Belə ki, 1317-ci ildə Xorasanın nüfuzlu alimlərindən biri Seyid Hüseyni Hərəvi (1246-1320) Şəbüstəriyə nəzmlə bir məktub göndərir. Şəbüstəridən xahiş edir ki, onun 15 sualını şeirlə cavablandırsın. Şəbüstəri əvvəlcə bu xahişi qəbul etmək istəmir. Sonra fikrini dəyişir. Bildirir ki, indiyədək qələmini şeirdə sınamayıb, sualların cavabı isə onun nəsrlə yazdığı risalələrində var. Amma sonradan Şəbüstəri yaxın bir adamın xahişi ilə suallara şeirlə cavab yazır. Aradan xeyli vaxt keçəndən sonra Şeyx Hüseyni yenidən Şəbüstəriyə bir sıra suallar göndərir. Müdrik sənətkar hər iki məktubdakı sualları 15 mövzuya bölür və “Gülşəni-raz” adlı poemasını qələmə alır. O, sonralar fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini etiraf edib. Bu, onun fikrincə, dəryanı bir qaba yerləşdirmək kimi bir şey olub.
Mənbələrdə göstərilir ki, “Gülşəni-raz” məsnəvisinə xeyli klassik şərhlər yazılıb. Həmin şərhlər içərisində ən məşhuru Şəmsəddin Məhəmməd Lahicinin “Məfatihül-ecaz fi şərhi-“Gülşəni-raz" (“Gülşəni-raz”ın şərhinə aid möcüzələrin açarı”) adlı əsəridir. Lahicinin şərhində poemanın hər bir beytinin geniş izahı verilib. Daha sonra Əminəddin Təbrizi, Seyid Yəhya Şirvani (Bakuvi), Baba Nemətullah Naxçıvani və başqa Azərbaycan alimləri də “Gülşəni-raz”a şərhlər yazıblar. Orta əsrlərdə “Gülşəni-raz”ın təsiri ilə bir sıra əsərlər də meydana gəlib. Araşdırmalarda göstərilir ki, Şeyx İbrahim Tənnuri türkcə məsnəvi şəklində yazdığı “Gülzarnamə” kitabını “Gülşəni-raz”ın təsiri altında qələmə alıb. XVII əsrdə Sarı Abdullah “Səməratül-Fuad” əsərində Şəbüstərinin poemasına istinad edib.
“Gülşəni-raz” iki dəfə türkcəyə tərcümə edilib. Bu klassik tərcümə 1429-cu ildə “Şirazi” təxəllüslü Azərbaycan şairi tərəfindən edilib. XIX əsrdən başlayaraq poema bir çox əcnəbi dillərə də çevrilir və Avropada da tanınmağa başlayır. Alman şərqşünası Hammer Purqstal “Gülşəni-raz”ı tam şəkildə alman dilinə tərcümə (1838) edir, farsca orijinalın mətni və Lahicinin sözügedən şərhi ilə birgə Leypsiqdə nəşr etdirir. 1880-ci ildə “Gülşəni-raz” ingilis dilində Londonda çap olunub. Məsnəvi urdu dilinə də tərcümə edilib. Pakistanlı şair Məhəmməd İqbal (1877-1938) Şəbüstərinin poeması əsnasında “Gülşəni-razi-cədid” adlı əsər yazıb. Lahorda nəşr olunan bu əsər professor Əli Nihat Tərlan tərəfindən türk dilinə tərcümə olunub.
Məşhur ədəbiyyatşünas Məhəmmədəli Tərbiyətin yazdığına görə, Şəbüstərinin dünya kitabxanalarında təsadüf olunmayan “Şahidnamə” adlı bir başqa poeması da olub. Sufi alimləri bu gün də mülahizələrində onun irsinə istinad edirlər.
Şəbüstəri qısa ömür yaşayıb. 1320-ci ildə dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında müəllimi Yaqub Təbrizinin yanında dəfn olunub. Məzarı üstündə türbə inşa edilib, üzərinə mərmərdən xatirə lövhəsi vurulub. Qəbrin sinə daşında yazılıb: “Böyük şeyx 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü”.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar