Bu, onun - sənətimizin, millətimizin iftixarlarından olan Bəxtiyar Vahabzadənin doğum tarixçəsi
Sonra gəlir onun özünütəsdiq tarixçələri: 1945 (Azərbaycan Yazıçılar Birliyinin üzvü), 1964 (filologiya elmləri doktoru, professor), 1976 (Azərbaycan Dövlət mükafatı laureatı), 1988 (M.F.Axundov adına ədəbi mükafatın laureatı), 1984 (Azərbaycanın Xalq şairi və SSRİ Dövlət mükafatı laureatı), 1990 (Azərbaycan Respublikası Ali Sovetinin deputatı), 1995 (Milli Məclisin, AMEA-nın üzvü)...
Aydabir, rübdəbir çap edilən kitablarının tarixçələri isə bir qəzet səhifəsinə sığışası deyil...
Onun Şəki şəhərində (fəhlə ailəsində) doğulmasının, kiçik yaşlarında ailəsi ilə Bakıya köçməsi, ADU (BDU)-nun filologiya fakültəsində təhsil alması, aspiranturada saxlanılması, namizədlik dissertasiyası müdafiə etməsi, 1943-cü ildə bədii yaradıcılığa (“Ana və şəkil” şeiri) başlamasının da “açma”ları qəzetlik deyil.
Amma bu başdan-başa Lirik İnsanın həm də təpədən-dırnağa Dramatik Adam olması haqda bir az geniş bəhs açmamaq mümkünsüz. Özü də tək elə ömrünün son 40 ilində yazdığı neçə-neçə pyeslərindən yox, həm də “vətəndaşlıq yaşı”ndan “məzar daşı”na qədərki çaba-çalışmalarından...
Ötən əsrin 60-cı illərindən şəxsi düşüncələrdə, ictimai künc-bucaqlarda, xüsusən Azərbaycan Dövlət Universitetində başlayan milli azadlıq hərəkatının öncüllərindən olmuş bu böyük “milli xuliqan” 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı “çoxjanrlı” mübarizəsində “ədəbiyyat qolu”nun -
Bayraqdarı oldu
Bəli, xalqımızın “dovşana qaç, tazıya tut” obrazı ilə xarakterizə etdiyi sovet imperiyası düz 52 il öncə (1962) bu poemaya görə “millətçi” damğası vurub Azərbaycan Dövlət Universitetindən çıxartdırdığı bu şairi 2 ildən sonra bərpa etməyə vadar olub. Bütün dövrlərin millətçi publisisti, qorxmaz müəllimi, tədqiqatçısı, vətəndaşı və sözügedən şairin yaxından-yaxın dostu professor Şirməmməd Hüseynov bunu daha dəqiq şərh edir: “Bəxtiyarı işdən çıxara bilməzdilər; bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər”.
Niyə bu günə düşdün
Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.
Necə dözdün bir belə
Müsibətə, müşkülə,
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?
İstəyirəm çaşmaya,
Dərdiylə yollaşmaya,
Bir daha qullaşmaya
Xan oğlu, xan millətim.
- deyən şairi elə “göndəriş”ə necə göndərməyəydilər?!.
Sovet rejimində milli varlığı kölgələndirilən, cürbəcür mənəvi məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, 20-dən çox irihəcmli poemasında, pyeslərində hadisələri gah tarixə, gah başqa ölkələrə zorən “ezam” edərək öz millətinin dərdlərini dilə gətirmiş müəllif Sovet diktaturasını birbaşa ifşa edən əsərlərini sonralar “Sandıqdan səslər” başlığı altında nəşr etdirdi.
“Bütün bunlara baxmayaraq”, 70-dən çox şeir, 11 elmi-publisistik kitabın, 2 monoqrafiya, yüzlərlə məqalə, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poema müəllifinin keçmiş Sovetlər Birliyi xalqlarından əlavə, dünyanın bir çox dillərinə tərcümə edilməsi “qarşısıalınmaz” bir işə çevrilmişdi...
Tarixdən daha bir vərəq. 70-ci illər. Möhtəşəm bir tədbir üçün Moskvaya yollanan Azərbaycanın şan-şöhrətli sənət və incəsənət nümayəndələri Bakı aeroportuna getmək üçün “İkarus”a əyləşiblər. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev arxa qapıdan salona daxil olub, hər kəslə ayrıca əl tutur, hər birinin məraq-məramına uyğun sözlər deyir. Növbə lap qabaq oturacaqda əyləşmiş Bəxtiyara çatanda, ulu öndər üz-gözündəki təkrarsız təbəssüm və özünəməxsus bir jestlə əl uzadıb, türkün şipşirin ana dilində ərklə deyir: “Nətəərsən ə, millətçi?!.”
Nəhayət, sonuncu tarixçə: 2009. Həmin il fevralın 13-də böyük şair, ölməz vətənpərvər Bəxtiyar Mahmud oğlu Vahabzadə 84 yaşında vəfat edir...
Amma müdrik musiqi dəryamızdakılardan birinin “maye”sinə və ötən əsrin sonlarında nail olduğumuz milli istiqlalımız qayəsinə - “nə bilmək olar”, doğrudan da onu “bəlkə bir gün oyandırdı muğam”?..
Əslində, hər gün, hər saat oxunan (sözün hər iki felində: oxucular və xanəndələr tərəfindən) bir sənətkar həmişəoyaq hesab edilməzmi?..
“Millətin Bəxtiyarı”
Bu, şairin anım tədbirlərindən birinin adı idi. Yaxşı ad olduğuna görə, mən də bunu öz yazıma yarımbaşlıq etdim. Hansı ki, mən bunu “Adı da şairanə şair” kimi vermək fikrindəydim. Hələ mən bu şairə verilmiş “Xalq şairi” adı haqda da başqa fikirdəyəm: onun Millət şairi, Vətən şairi adlandırılmasını daha münasib hesab edirəm. Yeri gəlmişkən, mən öz vətəndaş-oxucu könlümün 40 il bundan əvvəl verdiyi “fərman”la Azərbaycanın 7 nəhəngini - əfsanəvi “yeddiqardaş” soy-köküylə bir ailənin üzvləri hesab etdiyim Mirzə Ələkbər Sabiri, Mirzə Cəlil, Hüseyn Cavid, Mikayıl Müşfiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə və Məmməd Arazı bu adlarla təltif etmişəm.
Ötən əsrin 60-cı illərindən başlayaraq, ali məktəblərə qəbul olunanların əksəriyyəti adlarını çəkdiyim bu millət rəmzlərinin səyyar kurslarından keçib gəlirdilər. Onların “çöl auditoriyalarında” abituriyentlərə öyrətdiklərini universitet və institutlar nəinki artırmır, hətta çox vaxt onların fikir-zikrlə inşaladıqlarını “mümkün” qədər malalayırdılar. O vaxtlar milli müəllim adına Mir Cəlal, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov kimi beş-üç şəxsiyyət vardı ki, onların irreal «çöl auditoriyaları»nda yetişdirdikləri uşaqlar real dərs auditoriyalarına sığışmazdı. O müəllimlər öz milli qeyrət antenaları ilə tutduqları mətləblərlə, imkan düşdükcə, biz tələbələri də tanış edirdilər. Deyirdilər, Şəhriyar yazır ki, “Eşq əhlisiz - məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız!” Mir Cəlal deyirdi: «Bizim yazdıqlarımızı bir oxuyursuzsa, dediklərimizə diqqəti iki yetirin; indi bizim sizə yalnız deyə bildiklərimizi sabah sizin yazıb bütün xalqa çatdırmaq imkanınız yarana bilər...” Rəsul Rza “İkiaçılanlar”ında yazırdı: “Adı peyğəmbərin adından, Özü primitiv şeytan!”. O dövrlərin məlum beynəlmiləlçi-sapmaçılarını öz kəsərli məqalələri, şifahi atmacalarıyla dilə-dişə salıb daha da “məhşurlaşdıran” Şirməmməd Hüseynov özünəməxsus milli istiotunu dərsdə əsnəyib-həsdəyən tələbələrdən də əsirgəmirdi: “Balası, adam da “Azərbaycan öz xoşa-xoşluğu ilə çar Rusiyasının tərkibinə qatıldı” kimi “ciddi dərs”də yatar?!” Elə həmin “güllü” günlərdə “Görüm ayılmasın gec ayılanlar!” kimi “bədii” qarğışlar yağdıran Məmməd Araz beynəlmiləlçi beyinlərə nəqş edirdi ki; “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı”...
Bəxtiyar Vahabzadə yazırdı ki; “Yarım o tayda qaldı, Yarım bu tayda qaldı. Toyum burda çalındı, Yarım o toyda qaldı”...
Əlqərəz, böyük şairin həmin anım məclisinin özü də başdan-başa poetik idi. Bu ölkədə onu ananlar, cismən yoxluğuna yananlar saysız-hesabsız olsa da, oraya - Gənc Tamaşaçılar Teatrına - salona yerləşəcək qədər adam dəvət olunmuşdu (və onlar əsasən ahıllar, qocalar, yaşlı-başlılar olduğuna görə, lap adamın bu məkana qoca tamaşaçılar teatrı deməyi gəlirdi...).
Həmin insanlar bu şairi tanıyanlara nisbətdə dəryada damla, şairin tanıdıqlarınınsa çox az bir qismi idi. Səhnədəki bir əksə - matəm anını duyuran iri fotoşəklə, tədbirin hüzn motivinə baxmayaraq, o məclis dedikcə xoşovqat, olduqca bəxtiyar bir yığınaq idi.
Orada professor Nizaməddin Şəmsizadə söylədi ki, Bəxtiyar aləmi bir gecəyə, bir aya, bir ilə sığışan deyil, - hərənin öz Bəxtiyarı var və mən bir onu deyim ki, Bəxtiyar Vahabzadə milləti daim ovxarda saxlayan şairimiz kimi yaşadı və bu kəsər-əsərdən hələ bizim gələcək nəsillər də faydalanacaqlar.
Xalq yazıçısı Anar Bəxtiyar Vahabzadəni dövrünün vətəndaş-şairi, filosof-şairi, üsyançı-şairi kimi xarakterizə etdi. AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov Bəxtiyar Vahabzadə ilə klassik şairimiz Səməd Vurğun arasında paralellər apardı və hər ikisinin ədəbiyyatımızda tutduğu böyük mövqedən bəhs etdi. Türkiyəli millət vəkilləri, elm-bilim adamları Bəxtiyar Vahabzadənin Türkiyənin şeir-sənət aləmində çox önəmli yer tutduğunu qeyd etdilər, vurğuladılar ki, uzun illər türk dünyasına bio-geneloji qardaşlıq, birlik, poetik bahar ixrac edən şair nə xoş ki, Azərbaycanın siyasi baharını - azadlığını, müstəqilliyini də gördü.
Natiqlər ömrü uzunu Vətənin siyasi-ictimai dərdlərilə yaşamış Bəxtiyar Vahabzadənin son ağrısından söz açdılar. Dedilər ki, Qarabağ dərdi onunla birgə gömüldü məzarına. Onun əlləri “20 Yanvar” rejissorlarından olan bir rus generalının sifətinə sillə çəkməklə fiziki qisasını qismən almış olsa da, qələminin borclu qaldığını söyləyirmiş. “Muğam” poemasındakı yanğısını daha ərşəbülənd etmək üçün Qarabağın işğaldan azad olacağı günü gözlədiyindən danışırmış axır günlər...
O ulu və daim olu şairdən çox danışdı o məclis. Amma orada hər kəs bunu da yaxşı bilirdi ki, bundan belə xalq bu millət şairi haqda nə qədər danışsa da, onun bu millət haqda yazdığı, danışdığı qədər danışa bilməz...
Bu yazıda həmin danışıqlardan danışmaq mümkün olmasa da, yazdıqlarından bir-iki nümunə:
Həyat, gecən də var, səhərin də var,
Sənin şəkərin də, zəhərin də var...
* * *
Anamız birdirsə Vətən də birdir
Nə ana, nə Vətən iki olammaz.
Qürbətdə tapdığın xeyir də şərdir
Qəlbin bu xeyirdən isıqlanammaz.
Qürbətin xeyrinə ay aldanan kəs,
Vətənin şərinə kim ortaq olsun?
Vətəni özünə qürbət sanan kəs
Sənin anan ölüb, başın sağ olsun!
* * *
Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.
* * *
Özüylə savaşı nə bilsin naşı?
Daim savaşdadır aqil özüylə.
Dostun pis işini üzünə qarşı,
Yaxşı işlərini ardınca söylə!
* * *
Dişlərim töküldü, saçım ağardı,
Yaşın nə günahı, yaş bəhanədir.
Taleyim daş atdı, başımı yardı,
Buna daş neyləsin, daş bəhanədir.
Mən quzeyli oldum, bəxtim güneyli,
Ona çatammadım, çalışdım xeyli,
Bəxtiyar, bəxtindən oldun gileyli,
Bu da sənin üçün xoş bəhanədir...
Tahir Abbaslı