Ad-soyadıyla da bir pir ab-havası yaradan Qurban Pirimov...
Ötən yazımda “Bir Segahi yazı” başlığıyla xatırlamışdım bu böyük sənətkarı. Ardınca da “gahdan bir pərdə “Dügah”i, bir barmaq “Çahargah”i -deyə ağırlamışdım onu. Ərz etmişdim ki, bu yazının yalnız adı qələmin - odu, ladı, dadı-ləzzəti ulu Tarın və onun örnək piri Qurban Pirimovun. Xitablamışdım ki, “pozu” qoşulu “yazı”ya nə var ki, ay “yetim”, ey “zabul”, “Mirzə Hüseyn” və “xaric” qoşqulu “Segah”!? Sel-su axarlı bal dilimizin “şəhd-şəkkər” dəryasına baş vuruban - min pozub, minbir yazmaq nə çətin şeymiş - sizin yazıyagəlməz xallarınız yanında?!.
Bu ildırımi-internet əsrində yavaş-yavaş çıxdaşlaşıb arxaikləşməkdə olan fağır qələm hədəfli mizrab, kağız-sədəfli pərdəmi ki, yanılanda aləm bir-birinə dəyə? Sözdür də, - “məşhur” yerinə məhşur yazdın, neynək, səndən daha diqqətli birisi ortadakı hərflərin yerini dəyişəcək və işlər düzələcək. Yaxud “usta tarzən” yazıb, gördün ki yox, bu, Qurban Pirimovluq deyil, təyinin sonuna bir “d” əlavə edirsən və varıb irəli gedirsən.
Sənin tuti “çıxış”, əntiq “nitq”, möcüzə “məruzə”lərindəki ifadələrə, bitmiş bir fikri ifadə edən bir və bir neçə sözdən ibarət “cümlə”lərə, vəzi “vəziri-xani” hekayətlərə müdaxilə isə mümkünsüz. “Mayə”ndə qəlblər üstə çəkdiyin yaxmac-yaxılar var ki, belələri hələ nehrələrdə çalxanmayıb, tibbi-sənayedə ixtira olunmayıb, ah “Segah”! “Üşşaq”ındakı ağsaqqalanə hikmətlərə hələ heç bir dastan-bostanda, xalqarası gapstanda rast gəlinməyib, məsti-“tost” “Rast”!..
...Mətləb üstünə belə “dolan-gəl”məyimin bəhanəsi “söz sözü çəkdi”dirsə, səbəbi - yazı qəhrəmanımın ifa “təhkiyə”silə ilgilidir; deyirlər, Qurban əmi hər muğamın mətləb-mətləsinə çox gendən gələr, özünəməxsus güllər vurar, gərəkən məram-məqamı tam bişirib-düşürəndən sonra xanəndəyə ayaq verərmiş.
Məsafə anlamı verən “gendən gələrmiş” sözü bunun bir zati-şəcərəvi omonimini gətirdi eynimə. Belə ki, bu böyük ustadın istedadı -
“Gen”dən gəlib...
Milli poeziyamızın gözəl misralarından olan “Külli-Qarabağın abi-həyatı Nərmənazik bayatıdır, bayatı" peyzaj-portreti həm də belə dadlı-tamlı sənət adamları hesabına rəsmlənməyibmi?..
Özündən çox-çox əvvəl bu ustadın nəsil-nəcabət şöhrəti doğulub. Babası - məşhur Aşıq Valeh XVIII əsr Azərbaycan saz-sözünün gözü olub. Sonrakı yüzilin 80-ci ilində o böyük sazəndə-xanəndə ocağının gələcək tarzəni doğulub və müqəddəs bayramla ilgili olaraq, adı Qurban qoyulub. Sənədinəsə bənzərsiz sənət yurdumuzun adı düşüb: Şuşa qəzası, Abdal Gülablı kəndi. On üç yaşınadək atası onu çox imtahanlara çəkib; zəhmət və sənəti övladına qoşa qanad edib. On dördündə “Sudan gələn sürməli qız”ı necə çalıbsa, o çağadək ot-alafdan savayı heç nə çalmamış ata əlləri sürəkli bir çəpik çalıb. Xatirələrə görə, on beşində ustadlar ustadı Sadıqcanın xeyir-duasını alıb və Qarabağ toylarında adlı-sanlı xanəndələri müşayiət etməyə başlayıb. Hərdən Azərbaycan sərhədlərindən kənarlara - Qafqazlara da dəvət alıb. O toyların birində böyük xanəndə İslam Abdullayev “Bu yaşda tarı sinəsinə bütöv bir Şərq balasıtək sıxıb, Azərbaycan anasıtək dilləndirən Qurban”ı görüb və onu özünə daimi müşayiətçi götürüb. Lakin Qurbanın gündən-günə yayımlanan şöhrəti onun simasında böyük qənimət əldə etmiş xanəndənin arzularına “qənim” kəsilib. Belə ki, 1905-ci ildə Gəncə toylarının birində Qurbanın ifasına vurulan Cabbar Qaryağdıoğlu onu özüylə Bakıya gətirib. Hansı ki, bir azdan bu şəhərdən tək elə neft iyi yox, böyük sənət qoxusu da gələcəkmiş. Dillər “O olmasın, bu olsun”dan, “Arşın mal alan”dan danışacaq, əllər “Molla Nəsrəddin”i bir-birinə ötürəcək, kəllələr hürriyyəti-cümhuriyyət haqda düşünəcəkmiş. Hələ Azərbaycan mədəniyyətinin 1908-ci ildə doğulası yepyeni bir sənət övladını demirəm ki, 28 yaşlı Qurban həmin əsər-övladın - “Leyli və Məcnun” operasının ilk tamaşasında orkestrin solisti olacaqmış.
Elə sənət Məcnunu Qurbanın da öz həyat Leylisini tez tapıb evlənməyinə baxmayın - ömrü boyu çöllər Məcnununa məhəbbəti səngiməyib və deyirlər, min dəfə çaldığı o tamaşalarda bu kişinin üzü bircə kərə gülməyib. Nədən ki, nə qədər çalıb-çağırsa da, çalışıb-alışsa da, Leylini Məcnuna verə bilməyib...
Amma... onları birləşdirə bilməyən bu böyük sənət ağsaqqalı zaman-zaman o salona gələn neçə-neçə gənci bir-birinə aşiq-məşuq edib. Sədəfli tarının pərdələrində pünhan hədəfli gəzişmələri də milli həya pərdələrimizi aradan götürməyə çalışan sovetlərin dövründə az iş görməyib; tellərini yan darayan “artel” qızlarımızı, gündə birini arayan “kollektivləşmə” oğlanlarımızı nakamlıqdan belə kam almış olan bu cütlüyün sədaqətinə səsləyib. Onların içərisindən şairlər çıxıb ki, birisi də belə deyib;
Dinlə “Çahargah”ı, eşit “Qatar”ı -
Könül dünyasının sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Seyidin, Cabbarın avazıyam mən...
Və bir xatirə “təsnif”i...
Könlünüzü “sarı sim” üstə kökləməli və əhvalatın “şah pərdə”sini bəkləməli...
On dörd-on beşində tar çalarkən hər yanlış xala görə atasının “təzədən!” - deyə geri qaytardığı bu sənətkar səksən beşində - 1965-in 10 avqustunda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 23 dəqiqə çəkən “Rahab”ı elə rübablayıb ki, tamaşaçıların tufan-alqışları altında düz üç kərə səhnəyə qayıtmalı olub. Bu qayıtmaların birincisində gülümsünüb, ikincisində qayğılanıb, üçüncüsündə isə - gah alqışçılara, gah səbəbkara mat-mat baxan gənc ifaçılardan biri onun qolundan yapışmalı olub. Sonra da bir az öncə qalxdığı stula oturub, üzrxahlıq və minnətdarlıq dolu baxışlarla salona göz gəzdirərək səhnəni tərk edib. Həmin anlar emosiyalarını çəpiklərlə ovudan o tamaşaçıların ağlına gəlməzdi ki, hələ görünüşü qıvraq, mizrabı şaqraq olan bu ustad vur-tut 19 gündən sonra dünyasını dəyişəcək.
Üslubi-ladı bir azcana dəyişərək deyim ki, tək elə o tamaşaçılar yox, bütün musiqi ictimaiyyəti 29 avqust 1965-dən sonra belə bir mətləbin də fərqinə vardılar ki, çox xanəndələri müşayiət etmiş bu ustadın ən çox bağlandığı Xan Şuşinski bu itkidən nələr çəkir. “Tardan Ərəbzəngi kimi bac alan Qurban qağa” itkisindən! Daha - hansısa şöbədə, keçiddə, ayaqda hansı çalğı-çaları vurğulamağı arifi bir him-cimlə qurğulayan, baxışlarını göydə tutan ustadın dünyadəyişimindən...
Sən isə dəyişmirsən, elə hey oxursan dəmadəm, -
Ey “geniş kütlənin şirini, şərbəti!”
Hə, susma, çağla! Duyğularımızı lap tar-mar üstə köklə və hər dəm Qurban namlı təkrarsız sənətkarının da xəyalına dal ki, səndə onun daha füzun sevgili-yar ruhu var! Yüz illərdi şikəstələdiyimiz “...simi gözlər” ehtiyatkarlığımızın “acığına” tellərini “cismcə susqun”un ruhi-zərbi-eşqilə də dindir. Qırılsa, Dəmirçioğlunun xan Eyvazın xilasına yönəlik söylədiyi söz: - “suçunu boynuma mindir”.
Oxu, öt və aradabir “səni kim unudar?!” kimi avtosual-nidalarına belə bir səda da qat: “ey bir vaxtlar (və elə hər vaxtlar) bu sənətə kəm baxanlar, “Oxuma, tar! İstəmir səni proletar!” - deyə, sovet ildırımı və Qərb şimşəyi çaxanlar, ruhunuza bir az “Şahnaz”, yadelli təfəkkürlü tostlarınıza artıq dünyadilli “Rast” çilənsin...
Bu gün ən müasir salonları, ən gənc məclisləri də qocaman Şərq xəyalatına daldıran, şəbəkə-şəbəkə şöbələri, ağsaqqal-ağsaqqal “mayə”ləri, asta-becid keçidləri, “güli-rüxsarinə qarşu” gedişlərilə bizi “ahəstəcə qandıran” tar, səni-tarı susma, oxu!
Çal və bizlərdən bütün həzz duyğularımızın, zövqi hisslərimizin, mənəvi, cismi, ismi hallarımızın o ruha dair daha bir tərif-“tarif”ini al. Çal və qoy hətta “yeyib-içən oğlanlar” da görsünlər ki, adam tək elə “gillədibən” yox, dinləyibən də hallana və hallandıra bilər. Necə ki, neçə-neçə sənət nəhəngləri bu ustadın özünü hallandırıblar: “Tarı sinəsinə bütöv Şərq balasıtək alan” (İslam Abdullayev), “Mizrabıyla ürəkləri çalan” (Seyid Şuşinski), “qəlb mənzillərinə gah meh, gah tufan kimi axan” (Sadıqcan)...
Elə Sənin “Xalq artisti” adın, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenlərin, neçə-neçə filmoqrafiya fakturaların, adın çəkiləndə köhnə və müasir sənət adamlarının təzimanə duruş-baxışları da az xatirələr söyləmir.
Bax bu an köhnə “radiola”mdan “Rahab”ını dinləyə-dinləyə mənim də dilimə bir deyim gəldi: Sən tardan çox gec - əsrlər sonra doğulsan da, adın, şöhrətin bu milli sərvət-alətin gələcəyi qədər yaşayacaq, milli Ozan - Pirimov Qurban...
Tahir Əhmədalılar