1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan milli neft strategiyası Azərbaycanın uzunmüddətli inkişafına yol açdı
“Biz Azərbaycan xalqının XXI əsrdə həyatının, iqtisadiyyatının, rifah halının təmin edilməsi üçün çox ciddi, məsuliyyətli bir addım atırıq”
1994-cü ilin 20 sentyabrı yeni tariximizin əlamətdar günlərindən biridir. Həmin gün Azərbaycanın müstəqilliyinin, iqtisadi inkişafının uzun zaman təminatı olacaq tarixi bir sənədə imza atılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və dünyanın aparıcı neft kompaniyaları arasında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi haqqında ilk beynəlxalq müqavilənin imzalanması ilə ölkəmizin müstəqil neft strategiyasının əsası qoyulub.
Ulu öndər Heydər Əliyevin banisi olduğu bu strategiya XXI əsr Azərbaycanının, yeni dövlət quruculuğunun möhkəm sütunu oldu. Bu o dövr üçün dünyanın ən böyük neft müqaviləsi idi və beynəlxalq iqtisadi əhəmiyyətinə, miqyasına, strateji mahiyyətinə uyğun bir adla tarixə həkk olundu - “Əsrin müqaviləsi”.
Bu, eyni zamanda çətin yolun başlanğıcı idi. İllər keçəndən sonra artıq geniş, işıqlı bir magistralda ölkəmizin nail olduğu imkanları göz önünə gətirərkən bu yolun təməlini qoyan böyük şəxsiyyəti ehtiramla anmaq üzərimizə düşən vəfa borcudur.
Ömür vəfa etməsə də...
26 may 2003-cü il. Milli neft strategiyasında çətin yolun böyük hissəsi arxada qalıb, Azərbaycan neftini dünya bazarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan və Türkiyə hissələrinin inşası başlanıb, bir neçə gün öncə (23 may) kəmərin Gürcüstan hissəsinin təməli atılıb. Bu mərasimdən sonra Bakıya gələn layihənin operatorunun - bp şirkətinin prezidenti lord Con Braun Prezident sarayında Heydər Əliyevlə görüşür. Dünyanın neft nəhənginin rəhbəri Azərbaycanla səmərəli əməkdaşlıqdan söz açaraq yeni neft bumunun gətirəcəyi dividentləri göz önündə canlandırır.
Con Braun: Sizin qətiyyətiniz, əzminiz nəticəsində bir vaxtlar bizə arzu kimi görünən məsələlər indi həqiqətə çevrilmək üzrədir. Sizin neft strategiyanız uğurla həyata keçir və dünyada əfsanə kimi görünən neft kəməri artıq reallığa çevrilir.
Heydər Əliyev: Amma mən sizə demişəm, neft oraya çatanda biz sizinlə birgə Ceyhana getməliyik.
Con Braun: Bu, böyük təntənə olacaqdır.
Heydər Əliyev: Mən onu gözləyirəm.
Ömür o günü görməyi vəfa etmədi. Ulu öndər həmin ilin 12 dekabrında dünyasını dəyişdi. Amma bu dünyadan Azərbaycanın gələcəyi ilə bağlı nigaran getmədi. Qurucusu olduğu dövlət, onun gələcəyini təmin edəcək neft strategiyası əmin əllərdə idi, Azərbaycan inkişaf yoluna çıxmışdı. Geridə isə mürəkkəb, tarixin imtahanı sayılacaq bir onillik qalmışdı. Bu baxımdan "Əsrin müqaviləsi"nin ərsəyə gəlməsi, keçdiyi yol Azərbaycanın müstəqillik tarixinə tən gəlib, onun inikası olub.
“Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik”, - deyə “Əsrin müqaviləsi”nin baş memarı 20 il öncə bəyan etmişdi.
Bu tarixi razılaşmanın ərsəyə gəlməsi üçün gənc dövlətimiz dünyanın neft nəhəngləri, onların arxasında duran ölkələrlə mürəkkəb danışıqlarda özünün maraqlarını təmin etməli, layihəni çoxsaylı təhdidlərdən qorumalı idi.
Milli maraqlar naminə
Qərb şirkətləri Azərbaycanın Xəzərdəki perspektivli neft yataqlarına 1991-ci ildən, ölkəmiz müstəqilliyini bərpa edəndən dərhal sonra göz qoymağa başlamış, 1992-ci ildə Amerika və Britaniya şirkətləri ilə danışıqlar aparılmışdı. Lakin həmin danışıqlar Azərbaycanın maraqları, eləcə də layihə ətrafında regional və beynəlxalq tarazlığın qorunması baxımdan uğurlu deyildi.
Təsadüfi deyil ki, 1993-cü ilin iyununda Azərbaycana rəhbərliyə qayıdandan sonra Heydər Əliyevin verdiyi ilk qərarlardan biri həmin müqavilə üzrə danışıqların dayandırılması oldu. “Gələn məlumatlar göstərirdi ki, hazırlanmaqda olan müqavilə layihəsində çatışmazlıqlar var və layihə Azərbaycan üçün əlverişli deyil. Bu məlumatları araşdırmaq üçün mən danışıqların dayandırılması haqqında qərar qəbul etdim. Qərb şirkətlərini əmin etdim ki, bu iş davam edəcək, ancaq neft Azərbaycanın ən böyük sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq lazımdır”, - deyə ulu öndər bildirmişdi.
Heydər Əliyevin banisi olduğu neft strategiyasının əsasında iki prioritet dayanırdı: birincisi, müqavilədə heç bir xarici şirkət və dövlətin monopolizminə imkan verməmək; ikincisi, Azərbaycana (və yerləşdiyimiz regiona) geosiyasi təsiri olan güclərin maraqlarını balanslaşdırmaq.
1993-cü ilin payızında layihə ilə bağlı təhlillər aparıldı və Londonda yenidən danışıqlar başlandı. Nəticələr Prezident Heydər Əliyevə təqdim olundu. Böyük strateq bu dəfə də layihənin ölkənin mənafelərinə uyğun olmadığını görərək, onu kənara qoydu. Onun tapşırığı ilə ARDNŞ respublikanın alimləri, təcrübəli mütəxəssislərlə birlikdə Azərbaycanın mövqeyini bir daha müəyyənləşdirdi və layihənin prinsipləri hazırlandı. 1994-cü il fevralın 4-də Heydər Əliyev danışıqları həmin prinsiplər əsasında davam etdirilməsi barədə fərman imzaladı. Sonra İstanbulda danışıqlar başlandı və iyuladək davam etdi. Nəticələrlə tanış olduqdan sonra ulu öndər müqavilənin yekun layihəsinin hazırlanmasına razılıq verdi.
1994-cü il iyulun 21-də ARDNŞ-nin heyəti Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə ABŞ-ın Hyuston şəhərinə səfər etdi və orada 45 gün layihə üzərində iş getdi. Bu, müqavilə hazırlığının ən gərgin dövrü idi. 1994-cü ilin mayında ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edilən İlham Əliyev həlledici mərhələdə Azərbaycan heyətinə rəhbərlik edirdi. “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər biz səhv etsək, bu bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcək. Biz heç cür səhvə yol verə bilmərik”, - İlham Əliyev sonralar həmin dövrü belə xatırlayırdı.
Azərbaycan "Əsrin müqavilə"sini ərsəyə gətirmək üçün yalnız neft nəhəngləri ilə çətin danışıqlar aparmırdı. Rusiya və İran Xəzərin statusunun müəyyənləşmədiyini əsas gətirərək layihəyə qarşı çıxırdı. Gərgin müzakirələrdən sonra şimal qonşumuzun layihəyə əleyhdarlığı ümumən aradan qalxdı: “Lukoyl” şirkəti müqaviləyə cəlb olundu, Azərbaycan neftinin Rusiya üzərindən ixracına dair ilkin razılıq əldə edildi. İran Azərbaycanın növbəti neft-qaz müqavilələrində iştirakını göz önünə alaraq mövqeyini qismən yumşaltdı. Heydər Əliyev diplomatiyası Birləşmiş Ştatların layihəyə tam dəstəyini təmin etdi. Sentyabrın əvvəlində prezident Bill Klintonun şəxsi təmsilçisi Madlen Olbrayt statusunda Bakıya gəldi və Azərbaycan rəhbəri ilə layihəni ətraflı müzakirə etdi.
Bütün iqtisadi, geosiyasi dəngələr təmin edildikdən sonra sentyabrın 14-də Prezident Heydər Əliyev müqavilənin imzalanması ilə bağlı fərman verdi. 1994-cü ilin 20 sentyabrında “Gülüstan” sarayında ARDNŞ-lə Böyük Britaniya (“Britiş Petroleum”, “Remko”), ABŞ (“Amoko”, “Yunokal”, “Penzoyl”, “Makdermot”), Rusiya (“Lukoyl”), Norveç (“Statoyl”), Türkiyə (TPAO) və Səudiyyə Ərəbistanının (“Delta”) şirkətləri arasında müqavilə imzalandı. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi haqqında müqavilə 30 il müddətinə bağlanmışdı. Müqavilədə o dövrün qiymətləri ilə 7,4 milyard dollar kapital qoyuluşu nəzərdə tutulmuşdu və onun 80 faizi xarici şirkətlərin üzərinə düşürdü. Layihədə ümumi hasilat 511 milyon ton nəzərdə tutulmuşdu və bunun yarısı (253 milyon ton), habelə neftlə bərabər hasil olunacaq qaz (təxminən 50 milyard kubmetr) bütünlüklə Azərbaycanın payı idi.
“Müqavilənin imzalanması Azərbaycanın iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır. Qarşımızda uzun bir yol var və böyük işlər durur. Bu müqavilənin bağlanması nə qədər çətin idisə, onun həyata keçirilməsi ondan da çətin olacaqdır”, - deyə ulu öndər bildirmişdi.
Ağır sınaqlar müqavilənin imzalanmasından dərhal sonra özünü göstərdi. Oktyabrın 3-4-də Bakıda və Gəncədə dövlət çevrilişinə cəhd oldu. Xalqa müraciət edən Heydər Əliyev bu cəhdlərin qarşısının qətiyyətlə alınacağını bəyan etdi: “Cinayətkar qüvvələr ölkəni siyasi və iqtisadi müstəqillik yolundan döndərmək üçün ən çirkin üsullara əl atırlar. Öz suverenliyini qorumaq üçün Azərbaycan dövləti ən qəti tədbirlər görəcəkdir. Tutduğumuz yoldan bizi heç bir qüvvə döndərə bilməyəcəkdir”.
1995-ci ilin martında daha bir dövlət çevrilişi cəhdinin qarşısı qətiyyətlə alındı. Beləcə, Azərbaycanın dövlətçiliyi və milli neft strategiyası maneələrlə dolu yolda tarixin sınaqlarından keçdi.
Böyük strategiyanın təntənəsi
İmzalanmasından üç il sonra “Əsrin müqaviləsi” bəhrəsini verdi: 1997-ci il noyabrın 12-də «Çıraq-1» platformasında ilk neft hasil edildi və Bakı-Novorossiysk kəmərilə nəql edilməyə başlandı. 1999-cu ilin aprelində ikinci xətt - Bakı-Tbilisi-Supsa kəməri işə düşdü. 2002-ci il sentyabrın 18-də əsas ixrac boru xəttinin - Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli atıldı. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan hissəsi, həmin ilin oktyabrında Gürcüstan hissəsi istifadəyə verildi, 2006-cı ilin 28 mayında Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdı. İyulun 13-də BTC-nin açılışı keçirildi. Bu, 1994-cü ilin 20 sentyabrında başlanan yolun, Heydər Əliyevin neft strategiyasının təntənəsi idi.
“Əsrin müqaviləsi” yeni sazişlərə yol açdı. Ötən dövrdə ARDNŞ müxtəlif neft şirkətləri ilə 20-dən çox müqavilə imzalayıb. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın ikinci iri enerji layihəsi olan “Şahdəniz” üzrə hasil edilən qaz 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac edilir. Qarşıda isə “Şahdəniz-2” çərçivəsində hasil olunacaq qazı Avropaya çıxaracaq Transanadolu (TANAP) və Transadriatik (TAP) layihələri var.
“Əsrin müqaviləsi”ndən ötən 20 il tarixi əhəmiyyətinə, Azərbaycanın inkişafına verilən töhfələrə görə bir əsrə bərabərdir. Bu gün ölkəmizin əldə etdiyi yüksək iqtisadi nailiyyətlər neft strategiyasının uğurlu icrasına əsaslanır. 20 il əvvəl Azərbaycanın büdcəsinin 300-400 milyon dollar olduğu vaxt “Əsrin müqaviləsi”nə qoyulacaq milyardlar bizə xəyali rəqəm kimi görünürdü. Bu gün Azərbaycanın büdcəsi 20 milyardı, valyuta ehtiyatları 60 milyardı keçib.
Yazının əvvəlində ulu öndərin 2003-cü ildə bp şirkətinin prezidenti ilə görüşündən sitat vermişdik. Sonda bir görüşü də yada salmaq istərdik.
14 iyun 2003-cü il. Prezident Heydər Əliyev Azərbaycanda üçillik fəaliyyətini başa vuran ABŞ-ın səfiri Ross Uilsonu qəbul edir. Səfir “Əsrin müqaviləsi”nin, Bakı-Tbilisi-Ceyhan layihəsinin praktik müstəviyə gəldiyini vurğulayır: “Bu Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Sizin yaratdığınız neft strategiyası nəticəsində ölkəyə firavanlıq gəlməyə başladı. Azərbaycan tərəqqidə olan ölkədir. Ümid edirəm ki, 10, 15 ildən sonra buraya gələcəyəm və Azərbaycanı daha irəli getmiş ölkə kimi görəcəyəm”.
Bu gün artıq o gündür.
Vüqar Əliyev
Yazı Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin “Əsrin müqaviləsi” - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda müsabiqəsinə təqdim olunur