Yaxud “Evlərinin önü yonca...” olmasa da...

Onu şirin nəğmələr, həzin səs, məsum sima, daim qəmli gözlər və bir də sanki bütün dünyaya meydan oxuyan qürur dolu vücudu tanıtdı, sevdirdi. Dövrünün ən gözəl səs, səhnə sənətçilərindən biri kimi musiqi mədəniyyətimizdə iz salmasına səbəb oldu. Milyonlarla tamaşaçının sevgisi ilə gözəllik, səadət, sonsuz məhəbbət tərənnüm etdiyi nəğmələrində Nərminə Məmmədova dünyanın bəlkə də ən xoşbəxt qadını kimi tamaşa edildi, sevildi və xatırlandı.

Amma...

Bu “amma” onun həyat tarixçəsinə nəzər salıb, qəhərlənmədən keçməyən hər kəsin nitqində var. Çünki o da Stalin repressiyasının uşaqlıq və gənclik illərini darmadağın edib, varlığını sarsıtdığı, ürəyinə sağalmaz yaralar vurduğu minlərdən biridir. “Xalq düşməni” kimi damğalanan, ən dəhşətli məxluq kimi diyar-diyar salınan qurbanlardan birinin övladıdır. Demək, bu xanımın hətta şən-şaqraq nəğmələrində, ritmik, ruhuna uyuşmayan, onu şənləndirə bilməyən “sümükoynadan” havalarındakı nisgilin də sirri bunda - həsrətdə, nisgildə, gözündən könlünə axmağa məhkum gizli göz yaşlarında idi. Beləliklə, o, oxumur, sadəcə, ürəyinin yanğısını, harayını, ana həsrətini, ata nigarançılığını, bəlkə də dərbədər edilən iki böyük nəslin yükünü, ağrısını çəkirdi. Ona görə də iki soyun - Məmmədbəyli və Qiyasbəylilərin yükü vardı çiyinlərində. Ziyalılar çələnginin ağısını nəğmə edib dil-dodağına həkk etdiyindən ifası bu qədər qəlb inlədən, qan donduran idi...

Qara illərin ağrısı

Əslində o, başına gələcək bütün bəlalardan xəbərsiz bir çocuq dövrünü yaşamaq istəyirdi. Elə ata-anası da bu duyğularla əzizləmələr, ninnilər söyləyirdilər qızlarına. 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gələn Nərminə Məmmədova bu adı və soyadı çox sonra, özü də qəribə bir təzadlar içində mənimsədi. Çünki o, Fəridə Ağası qızı Məmmədbəyli kimi doğulmuşdu. Həm də mahalın sevilib-seçilən, nüfuzlu bir ziyalısının evində. Amma sonradan məşum repressiya onun bütün həyat tərcümeyi-halını sildi və yenidən yazılmağa məhkum etdi. O, doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. Yaşadığı mahalın, sonra da böyük amallarla köçdüyü Bakının qızlarına dərs deyən, ziya paylayan, dərin hörmətlə adı çəkilən xanımlarından idi. Ailə gözəl arzularla doğulan qızlarına fərqli bir ad da seçmişdi. Rəşad Nuri Güntəkinin o illərdə çox oxunan “Çalı quşu” romanının qəhrəmanının şərəfinə övladlarının adını Fəridə qoyan valideynlər onu min bir naz-nemətlə böyüdürdülər. Lakin çox keçmədən bütün bu gözəl arzular yerini ağır faciələrə verdi. Atası "xalq düşməni" ittihamı ilə həbs edildi, onu uzaq, naməlum, çox gec dönəcəyi yönə apardılar.
Bundan sonra dəhşətli hadisələr bir-birini izləməyə başladı. İlk olaraq ailəyə indiki İstiqlaliyyət küçəsindəki geniş mənzillərini çox gördülər. Oradan məcburi çıxarılaraq İçərişəhərdə kiçik, cansıxıcı bir evə köçürüldülər. Ananın əzabları birə-beş artdı. Ailə başçısı həbs olunan Şəfiqə xanım Stalin muzeyindəki işindən çıxarıldı. Buna baxmayaraq, qızını qayğısız böyütmək üçün əlindən gələni etdi. Çox sonralar Ali Partiya Məktəbi deyilən təhsil müəssisəsində öz peşə fəaliyyətini davam etdirənədək hər əzaba qatlaşdı. Ana repressiyaların təhlükəsindən qorunmaq üçün qızı Fəridənin adını dəyişdirib Nərmin, soyadını isə Məmmədova yazdırdı. Zamanla Nərmin Nərminəyə çevrilməyə başladı. Beləcə, Fəridə atasının roman qəhrəmanı qızcığazının arzuları kimi əbədiyyətə gömüldü. Qəfil dəyişkənliyə etiraz edən qızı və ətrafdakıların suallarına “İstəmirəm ki, qızımın taleyi o Fəridəyə bənzəsin” kimi kədərli və həm də müqəddəs bir bəhanə gətirən ana bütün ömrü boyu yaşadığı ağrıları ürəyinin lap dərinliklərinə həbs edərək övladına səadət nəğmələri aşıladı.

Yarımçıq təhsil, böyük səhnə və şöhrət

Bu hadisə - sinif yoldaşlarından, doğma saydığı məktəb partasından qoparılma yeniyetmə Nərminəni çox kədərləndirmişdi. Amma xarakterindəki qürur və nikbinlik sayəsində daxili istedad və qabiliyyətini üzə çıxarmaq üçün anasının müəyyən etdiyi yolla gedirdi. Yersiz ərkəsöyünlük, bitməz suallarla anasını yormadan 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, özünü səsində tapır. Orta məktəblərinə bir də 1946-cı ildə, həm də qalib qayıdan istedadlı qız təhsilini də tamamlayır. Əmək fəaliyyətinə tez başlayan Nərminə 1944-cü ildə, 15 yaşındaykən radioda ilk dəfə canlı efirdə oxuyur, məlahətli səsi hər kəsi valeh etməyə başlayır. Beləliklə, bu istedadlı gənc qızın sənət həyatı başlanır. Sənətdə şöhrət az da olsa, ağrılara məlhəm olur. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan qətiyyətli Nərminə 1967-ci ildə buradan məzun olur. Sevinci birə-beş artır, uşaqlıq və ilkin gəncliyini atasız keçirən müğənni Ağası bəyin bitən cəzası, sürgünündən qayıdışını ayrı bir bayram, hadisə kimi yaddaşına yazır.

Kərkük nəğməsinin sehri

Nərminə xanımın bütün yaradıcılığını unudub təkcə “Evlərinin önü yonca” nəğməsindəki ecazkar ifasını dinləsək, onun nə qədər böyük sənətkar olduğunu görmüş olarıq. Səs xəzinəmizin fərqli nəfəsli xanımının yaradıcılığında kərkük nəğmələrinin, xüsusən də bu mahnının ayrı bir yeri var. 1963-cü ildə radionun ərəb dilində verilişlər şöbəsinin əməkdaşı, İraq-türkmən sənətçisi Sinan Səidlə birgə oxuduqları kərkük mahnıları milli musiqimizin qızıl duetləri olmaqla yanaşı, müğənninin sənət bioqrafiyasında xüsusi bir mərhələ təşkil edə bildi. “Axşam olur”, “Məni görüb güldü yar” kimi fərqli üslublu Kərkük nəğmələri bu nigaran xalqın himni kimi musiqimizdə əbədi iz saldı.

Bəstəkarların sevimli ifaçısı

Onun ifa etdiyi ariyalar, romanslar və xalq mahnıları yaşlı nəslin yaxşı yadındadır. Ecazkar və gözəl səsli Nərminə Məmmədova öz müasiri olan bir çox bəstəkarların - Cahangir Cahangirov, Tofiq Quliyev, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Ramiz Mustafayev, Andrey Babayev, Qənbər Hüseynli və Səid Rüstəmovun mahnılarını ifa edib. Bəstəkarlar onun səs tembrinə uyğun mahnılar yazır, oxu üslubunu yüksək qiymətləndirirdilər. “Pıçıldaşın ləpələr”, “Ay işığında”, “Qərənfil”, “İlk xatirələr”, “Hardasan, yar”, “Alagöz”, “Sirrimi bilmədin...”, eləcə də “Aman ovçu”, “Nar-nar” kimi mahnılar ifa olunan andan dillər əzbərinə çevrilir. "İpək dəsmal", "Qara gözlər", "Asta yeri, kəmər düşər belindən", "Altun üzük” kimi duyğulu ifalarında Nərminə Məmmədovanın son dərəcə lirik, əsrarəngiz, romantika ilə dolu səsinə, ifa tərzinə çoxları heyran kəsilmişdi. Elə indinin özündə də bu ifalar radio dalğalarında səsləndiriləndə adamda həzin bir ovqat doğurur.

Həyatda izlər

Nərminə xanım ifaçı 60-cı illərin əvvəllərində anasının nəslindən olan ziyalı bir şəxslə, mühəndis Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan onların yeganə övladı Sevinc Qiyasbəyli dünyaya gəlir. Beləcə, Nərminə xanım həzin nəğmələrin ağuşunda nisgilə bələnmiş təzadlarla dolu bir sənətkar, qadın ömrü yaşayır. 35 illik bir sənət bioqrafiyası yazır. 1980 və 1986-cı illərdə keçirdiyi infarktdan sonra sənətdən uzaqlaşan Nərminə xanım bir də səhnəyə qayıtmır. Zaman onun üçün bir də 1997-ci ildə, ilıq bir yaz səhəri (27 mart) dayanır. 65 yaşında ürək xəstəliyindən dünyasını dəyişir.
İfaçılığında Azərbaycanın musiqi sənətində mükəmməl bir zövqü, sənətin bitkin mənzərəsini əks etdirən və müasirlərinə "Hər zaman onun səsi dövrün səsi olaraq qalacaq" kimi bənzətmə cəsarəti verən Nərminə xanım heç bir fəxri ad, mükafat almadan xalqın sənətkarı, sevilən ifaçısı kimi yaddaşlara köçdü...

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar