Azərbaycan
12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887 - 3.1.1943) Şuşa şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edib. 1956-cı ildə bəraət alıb. Yazıçının «İki od arasında» («Qan içində») əsəri Azərbaycan tarixi romanının klassik nümunəsidir. Digər əsərləri: “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Cənnətin qəbzi” və s.
12 sentyabr 1921 - Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 - 19.10.1995) anadan olub. C.Bayronun şeirlərini, C.Patrikin “Missis Səvinc”, B.Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini Azərbaycan dilinə çevirib.
12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.
12 sentyabr 2008 - Bakıda dahi özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı keçirilib. Mərasimdə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov iştirak ediblər.
13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.
13 sentyabr 1933 - Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Torpağın səsi” kantatası, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, teatr tamaşalarına («Atabəylər», «Natəvan» və s.) musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın müxbir üzvüdür.
13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.
13 sentyabr 1997 - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Prezident fərmanı verilib.
14 sentyabr 1880 - Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri - Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.
14 sentyabr 1911 - Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Sələsüz kəndində anadan olub.
14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 - 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyesləri ilə məşhurlaşıb. "Döngə", "Burulğan", "Ürək” və s. pyeslərin, “Qızıl zəncirli açar” kitabının (povestlər və hekayələr) və s. müəllifidir.
14 sentyabr 1957 - Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Ordubad rayonunun (Naxçıvan MR) Behrud kəndində anadan olub. "Yaddaşlara yazın", "Şaman duası" və s. kitabların müəllifidir.
14 sentyabr 1989 - Naxçıvan Dövlət Kukla Teatrının yarandığı gündür.
14 sentyabr 1992 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6.1924, Ağstafa - 1992) vəfat edib. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (hamam sahibi Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
15 sentyabr 1918 - Nuru Paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakını "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı S.Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Bakının azad edilməsi Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsidir. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.
15 sentyabr 1918 - Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşrinin (parlamentin orqanı) - «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.
15 sentyabr 1943 - Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. 2002-2011-ci illərdə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru olub. 50-dək sənədli filmin rejissoru, ssenari müəllifidir, “Qanun naminə” filmində çəkilib.
15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub. 1983-cü ildə peşəkar ifaçılığa başlayıb, 1987-ci ildə estrada müğənnilərinin beynəlxalq müsabiqəsinin qalibi olub.
15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
Dünya
12 sentyabr 1921 - Məşhur polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.
12 sentyabr 1933 - Rus aktrisası, SSRİ Xalq artisti Tatyana Doronina anadan olub. Filmləri: “Plyuşixada üç qovaq”, “Ögey ana”, “Valentin və Valentina”.
12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakov anadan olub.
12 sentyabr 1967 - İngilis kinoaktyoru Ceyson Stetxem (Jason Michael Statham) anadan olub. Filmləri: “Ölüm yarışı”, «Müharibə», “Yükdaşıyan”, “Adrenalin”, “Kartlar, pullar, iki lülə”, “Revolver” və s.
13 sentyabr 1874 - Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operasının müəllifidir.
13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” pyesləri, “Qretlidə qaranlıq” romanı və s.
13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.
13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre) anadan olub. 120-dək filmə musiqi yazıb, 3 dəfə “Oskar”a layiq görülüb.
13 sentyabr 1944 - İngilis aktrisası Jaklin Bisset (Winifred Jacqueline Fraser Bisset) anadan olub. Filmləri: “Yabanı orxideya”, “Napoleon və Jozefina”, “Anna Karenina” və s.
14 sentyabr 1321 - Böyük italyan şairi Dante Aliqyeri (Dante Alighieri, 15.5.1265, Florensiya - 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.
14 sentyabr 1618 - Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.
14 sentyabr 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları” (Fyodor), “On iki stul” (1976) və s.
14 sentyabr 1914 - İtalyan rejissoru Pyetro Cermin (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.
14 sentyabr 1961 - Alman aktrisası, «Oskar» mükafatı (2006) laureatı Martina Qedek (Martina Gedec) anadan olub. Filmləri: “Özgələrin həyatı”, “Yalan tamah” və s.
15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. "Əxlaq qaydaları" əsəri ilə tanınır.
15 sentyabr 1789 - Məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: "Casus", "Dəniz qulduru”, "Losman", "Pionerlər", "Sonuncu mogikan", "Ləpirçi" və s.
15 sentyabr 1890 - İngilis yazıçısı, məşhur detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 - 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, ”Kartları açın”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Belçikalı xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.
15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.
15 sentyabr 1914 - Məşhur türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 - 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Xanımın çiftliyi”, “Qürbət quşları”, “Dövlət quşu” romanları, “Çörək davası”, ”Arxa küçə”, “Sərxoşlar”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.
15 sentyabr 1925 - Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.
15 sentyabr 1946 - Amerika aktyoru, «Oskar» laureatı Tommi Li Cons (Tommy Lee Jones) anadan olub. Filmləri: “Qaçaq”, “Anadangəlmə qatillər” və s.
15 sentyabr 1946 - Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. Üç dəfə «Oskar» laureatıdır: “Gecəyarısı ekspress” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor). “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. siyasi filmlərini çəkib.
Hazırladı: Vüqar Orxan