Azərbaycan

17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924-17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936-7.1.1999) anadan olub. Əsərləri: “Qızıl yəhərli at”, “Çılpaq”, “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.
17 oktyabr 2003 - Tanınmış şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidov (1918-1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının soykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya Teatrında, Milli Dram Teatrında, Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb və ömrünün sonunadək bu sənət ocağına rəhbərlik edib. Filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.
19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 - 29.3.1976) Mərdəkan kəndində anadan olub.
19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893-1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1141 - Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-27.9.1977) İrəvanda doğulub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanınması haqqında dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.
20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq, filologiya elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tiflisdə doğulub. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, nəsr əsərlərinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın müəllifidir.

Dünya

17 oktyabr 1849 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.

18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.

19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.

20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
20 oktyabr 1905 - Amerikalı yazıçı, detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
20 oktyabr 1919 - Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

Hazırladı: Vüqar Orxan