Bir azman, ən qocaman roman-romansın müəllifi - 23 yaşlı nakam cavan...
Musiqi əsərlərinin təqdimatında adətən iki ad çəkilər: öncə musiqi müəllifinin, sonca sözlərinin. Maraqlıdır, başlıqda “azman, ən qocaman roman-romans” deyə təqdim etdiyim “Ölkəm” adlı şedevrin hər iki müəllifinin ömrü yarımçıq; Zeynallı Asəf 23 yaşında, Cabbarlı Cəfər 35...
Bu dahi tandemdən yaranmış bu təkrarsız və əbədi sənət nümunəsi isə, hələlik, onların birgə yaşından da çox: 85!..
Kim bu fikirlə razılaşmaz ki, iyirmi üç yaş, olsa-olsa, tələbə yaşıdır - bu sayaq zirvə, belə bir qələbə yaşı deyil. Və bu məqamda o romansdakı sözlərə əlavə edibən deməyəkmi ki, əbədi gənc dahiləri müasir mədəniyyət nəticələrimizin şöhrət səbəbkarları var ölkəmizin, - Asəf və Cəfər isimlərində!
Bu ölümsüz sənətkarın ölüm yaşı çoxları üçün heç olum yaşı da (özünütəsdiq-təqdim anlamında) olmayıb, deyil və olmayacaq. Təcrübəlilər iyirmi üçü evlənməyə də məqbul hesab etmirlər. O isə bu yaşa qədər məmləkətimizin mədəniyyət butası dalısıyca çöllənə-çöllənə, sənət eşqilə şellənə-şellənə, şərqilənə-nəğmələnə gəzib-dolaşıb. Əgər biz də onun rübabında köklənib, könlümüzü onun notlarıyla çalsaq, başdan-başa reallıq saçan, yaz yayımlayıb qızılı payız sərgiləyən bir noğullu nağıl yaşayarıq...
Bir çox əcnəbi xalqların da təsdiq etdiyi kimi, bizim musiqili dilimizin dastan, nağıl qolu yüyrəkdir. Belə ki, bu qəhrəmanımız həmin bu təhkiyeyi nağıl-noğul üsulubuyla az getdi, piano-fortepiano-saz getdi, dərə-təpə yüz tapdı. “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran”, “Muğamsayağı”, “Çahargah”, “Uşaq süitası” və sair instrumental (fundamental!) addımlarıyla otuz doqquz qapı açdı, qırxıncıda sənət-padşahın “Ölkəm” adlı gömgözəl, qəpqəşəng qızına ürcah oldu. Başda bu qənirsiz gözəl olmaqla, xalqın təsəvvür-təsəvvüf “zindan”ından xilasi-kəşf etdiyi sazəndə-nazəndələri elə xalqın özünə nişanladı. Onları öz sahibinə ismarlayıb, yeni-yeni butalar ardınca düşdü. Daha neçə-neçə könül qənimətləri toplasa da, onları cəm edib ram eləyə bilmədi. Nədən ki, belə səfərlərin birində möhkəm sətəlcəm oldu və... az qala bir simfoniyalıq müddət ərzində ömrün akkordu vuruldu (qələm bu “yoxluğu” var etmək istəməsə də) ... öldü.
“Öldü”? Fərqindəsizmi, musiqidə, mahnıda ən çətin oturulan məsələ suallardır. Və... musiqi sənətində bir not, bir takt nədirsə, söz sənətində də bəzən bir hərf elə odur. Məsələn, sənəd və sənət. Demək istəyirəm ki, Asəf Zeynallı sənəddə əbədi getdi, sənətdə isə əbədi qaldı. 1932-ci il oktyabrın 27-də əhalimizin statistik sayından biri azaldı, milli mədəniyyətimizdəki ünlü adlardan biri isə artdı!
“Dərbənd aralı”...
Tarixi-toponomik baxımdan maraqlı, siyasi mənsubluq sarıdan məlallı bir ünvanda - Dərbənddə anadan olub. Doğum tarixçəsi də xoş ovqat saçır yeri behiştliyin. Bahar vaxtı - 1909-cu ilin 5 aprelində. Alın yazısı təbiət yazında yazılmış bu gəncin fotoşəkilləri də adama az söz demir. Baxışları hələ yazılmamış neçə-neçə şedevrlər saçır...
Yuxarıda butalardan danışdım. Dastanlarımızda yuxuda verilən butalara bənzəmirdi, “sevgili-yar”lıq deyildi onun butası - istedadi sənət-səfərdarlıq idi. Siz onun əsərlərini dinləyərkən nə hisslər keçirirsiz, - bilmirəm. Amma mən həmişə Rübabə xanım Muradovanın oxuduğu “Qaragilə” mahnısının nəqarətini də xatırlayıram. Tək elə bu nakam bəstəkarın Dərbənddə doğulduğuna görə yox, həm də o hayqırtı-nəqaratdakı “Dərbənd aralı, könlüm yaralı” “giriş”indən sonrakı “Bir qız sevmişəm, Qaragilə, dağlar maralı...” kimi yarı lirik, yarı epik könül bəyannaməsindən yana. Yəni bu gənc dahi, nakam dərbəndli iyirmi üç illik ömrünü - əslində, tamamlanmayan gəncliyini - sevgi-məhəbbətin “dağlar maralı” kimi personajlarına yox, büsbütün ellər folkloruna, xalq nəğmələrini toplayıb nota köçürmək kimi zor işlərə, əcnəbi paxılların adımıza yamaq etdikləri “çarıqlı-patavalı ölkə” fasonlu ayamalara qarşı “Ölkəm” kimi ultra-brendlər yaratmağa sərf edib.
Öz inter rəngləri, əntər gurultuları ilə bütün milli sədaları batıran sovetin daha bər-bəzəkli keçən ilk illəri fitrətən soy-kök düşüncəli bu gənci öz xəlqi yolundan sapdıra bilməyib. 20-ci illərin əvvəllərində ailəsilə Bakıya köçmüş Asəf Musiqi Texnikumuna - ölümündən sonra adının veriləcəyi məktəbə daxil olub. Sonra Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Orkestr fakültəsindən bəstəkarlıq fakültəsinə keçməsilə öz gələcəyinə və mədəniyyət fondumuzun daha da zənginləşməsinə bünövrə qoymuş olub. Ü.Hacıbəyli, B.Karagiçev, L.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alması onun daha yüksək zirvələrə ucalmasında mühüm rol oynayıb. Bu maraqlı sənətkarın yaradıcılıq tərcümeyi-halında ən unikal faktlardan biri də milli romans janrının banisi olmasıdır. O həm də ilk simfonik musiqi nümunələrinin müəllifidir. “Fraqmentlər” adlı simfonik əsəri bu janrda ilk orijinal Azərbaycan nümunəsi olmaqla, yarandığı dövrdə SSRİ miqyasında çox yüksək novatorluq kimi də qarşılanıb. Sonralar, sovet musiqişünaslarının rəyinə görə, onun tamamlaya bilmədiyi “Bakı” simfoniyası “dahiyanə bir əsərin yarımçıq cizgilərdə susması” imiş.
Bu “yarımçıq ömürlü” bəstəkar haqda bütöv sözlər, maraqlı fikirlər var. O dövrün qıpqırmızı mətbuatında onun adı “yeşil-yeşil” çəkilib: “Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”. “A.Zeynallının bugünkü “xırdaca” taktları sabahın böyük simfoniyalarının melopostamentləri kimi görünür”...
“Tənqid-təbliğ” teatrında musiqi bölməsinə rəhbərlik etməsi ona fəaliyyət sahəsini daha da genişləndirməyə, daim mədəniyyət aləminin mərkəzində olmasına rəvac verib. İyirmi yaşında “Yanğın” (S.Rüstəm və H.Nəzərli), “Gizli əl” (C.Xəndan), “Qəzəb” (A.Yanovski) və başqa teatr tamaşalarına cəzbedici musiqilər yazan bəstəkar bütün İttifaqda tanınmış isimlərdən olub. 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburq) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil edən iyirmi iki yaşlı bu oğlan nüfuzlu kürsülərə sinə gərərək, böyük mədəniyyət ağsaqqalı imicli çıxışları, nitqləri, məruzələri ilə də məşhurlaşıb.
O həm də pedaqoq kimi tanınıb. Təlim-tədris sahəsindəki yenilikçiliyi, tələbələrinə mədəni-mənəvi aləmi özünəməxsus təlqinçiliyi də elə əsərləri kimi seçkin imiş, duyğusal-universal elementlərlə zənginmiş. Bu fakt da maraqlıdır ki, zəmanəmizin dahi bəstəkarı Qara Qarayev onun da tələbəsi olmuşdur. Bu gün əsərlərini sevə-sevə dinlədiyimiz Tofiq Quliyev, Cövdət Hacıyev notları da Asəf Zeynallının bulaq pıçıltılı səs-sədalarından su içib...
Və: “Şiş ucları buludlarla öpüşən Qayaları, dağları var ölkəmin” - kimi gözəl misralara yazılmış təkrarsız musiqinin təəssüratları üstdə -
Daha nə?
Sadəcə, olumu ölümündən öc, ölümü olumundan bac almış bu müəllifin ömür yarımçıqlığına bənzər bu anımnaməyə narıncıq bir xitab:
Ey həmişə səhifə dolusu yazdığım yazılar, budəfəki həmkarınız nədən belə az? Və ey “şiş ucları buludlarla öpüşən dağları”mız! Bu sayaq gənc dahini, başdan-başa Vətən dadlı, dünya tutumlu “Ölkəm” şedevrini düşünüb-döşürüb zirvənizin zirvəsinə qovzamış bu “uşaq”-korifeyi nədən belə tez ucaldıb, tezcə də “qocaltdınız”?..
Tahir Abbaslı