Abbas Mirzə Şərifzadə bu “rol”u oynamayıb, - yaşayıb!..

Özü də hansı vaxtlarda, haçağlarda? Ovaxtlarda ki, yarıdan çoxu dini-siyasi fanatizm “sayəsində” statistikaya çevrilmiş xalqımız onun (onların) sənətini məkruf-mütrüblük hesab edirdi. Oçağlarda ki, onu tapança ilə öldürən, onları hər an hədəfdə saxlayan həyati qoluzorlu Əbdülxaliq əmilər səhnədəki qəlbinurlu Əbdül əmilərə (“Solğun çiçəklər”) nisbətdə daha “avtoritet” sayılırdı...

Sənət və... siyasət rolları

Tez-tez (və ya vaxtaşırı) rol dəyişmək sənət səhnəsindəkilərə şan-şöhrət gətirər, həyat səhnəsindəkilərə isə tör-töhmət. Birincilər haqda “hər gün bir obraz yaradır” deyərlər, ikincilər barədə isə “gündə bir rola girir”. Birincilərin rollarını ədəb-irfan ədibləri yazır, ikincilərininkini isə öz xislətləri. Bu “ikinci”liyi siyasət, hökmü-rəyasət səhnəsindəkilər oynayırsa, onda, elə bu yazı qəhrəmanımızın dövründəki bir dramaturqdan təbdillə desək, “vay şəələküm-mələküm”!
Hə, bu an həm də tamaşaçı görəvində xitab etmək istədiyim hörmətli oxucular, o ikili illərin sənət və şəxsiyyət şərəfzadələrindən olan Abbas Mirzə Şərifzadə cəmi ikicə ildə iki adla təltif və... “təltif” olunub: 1935-də Xalq artisti... 37-də “Xalq düşməni”...
Hansı ki, dünya səhnəsinin əbədi brendi Hamlet Azərbaycan səhnəsinə onun qədəmiylə ayaq açıb. Dünya teatrının baş monoloqunun - ədəbi-fəlsəfi “Olum, ya ölüm” sual-nidasının ilk səslənişi onun dilindən eşidilib. Və sən demə, 1927-ci ildə baş vermiş bu teatral “ayaqaçdı”nın həyati-repressial mənzil başına onca il, bu antonim-xitabdakı ikinci səslənişin “vüsal”ına on bircə il qalırmış...

“6453”

Bu, A.M.Şərifzadənin istintaq işinin nömrəsidir. Qəsdən “say”ı yox, “nömrə”si yazdım. Əslində, bu məqamda “say” termini daha əlverişlidir - onun vurğunlarının, haqqında yazılan müxtəlif məqalə, monoqrafiya, “xatirat”ların sayı ilə ilgili beş-on kəlmə də doğurub bu yazının sözünə qüvvət vermək, xalq dilindəki “nömrə gəlir” ifadəsini də assosiasiya etmək üçün! Bu millətin qaymaqlarını yığıb ayranlaşdırmaq, çiyinlər üstündəki ali qafaları götürüb, oraq-çəkic maili muskullardan yararlanmaq kimi rəsmi-ideoloji nömrələri xatırlatmaq üçün...
Onu qırx dörd yaşını qeyd edəcəyi ad günü ərəfəsində həbs ediblər. Öz evində qandallayıblar. Mənzilində axtarış aparıb, “ciddidən-ciddi” “əşyayi-dəlil”lər tapıblar: “bir ədəd teatr qılıncı”, “iki ədəd teatr tapançası”. Dərhal da həbsi barədə arayış tərtib ediblər: “Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib”...
“Əldə edilmiş” bu məlumatlar, əslində, üç-dörd “dil”dən edilmiş böhtanlardan ibarət olub. Məsələn, ağlagəlməz işgəncələrdən bezmiş Ruhulla Axundov belə bir məlumat verib: “...Mən özüm Milli Dram Teatrının direktoru Əli Kərimovu əksinqilabi millətçi təşkilata cəlb etmişəm, o isə öz növbəsində Abbas Mirzə Şərifzadəni həmin təşkilatla tanış etmişdir”.
Yarı bir ömürdə neçə-neçə bitkin obrazı, həyat və sənət duallığını ehtiva edən dialoqları, ədəbi-bədii qəlbləri hayqıran monoloqlarıyla salonları lərzəyə gətirən, zirzəmilərdə isə qeyri-adi pantomimliklə susan bu fenomenin Gəncədə olarkən (1932) iki-üç yol İran konsulluğuna getməsi, teatra, xüsusən onun sənətkarlığına hədsiz sevgisindən hər axşam tamaşalarına gələn konsulun onları bir neçə dəfə iqamətgahına dəvət etməsi bu korifeyimizin ömür kitabının bağlanmasını “təmin” edir...
Bəli, bütün dövrlərin “sol yol”aqçıları, yal yalaqçıları olan “şahid”lər bu sənət, əqidə-əxlaq şəhidinə də ölüm hökmü çıxarılmasına imza atdıra bilirlər. Ürəyində yalnız Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini, zərərsiz millətçi, doğal azadlıq düşüncələrini təbliğ etmək “ittiham”ına qol qoyan Abbas Mirzə digər suallara yalnız susur, susur, su...sur...muş...
Ona ölüm hökmünü (16 oktyabr 1938) imzalayanların bir aya qədər susmaları haqda isə o, güman ki, öz-özüylə - ürək dialoqu edirmiş. Bu gümani dialoqa səbəblər varmış: “- Bəziləri haqda bəzi ifadələrə qol qoyacağın təqdirdə güllələnmə hökmünü dəyişə bilərik...” Lakin Abbas Mirzə “- Mən bilmədiyim bir məsələ, tanımadığım bir kəs haqda heç nə deyə bilmərəm!”- dirənişi edirmiş.

İki tezlik...

Həyatdan xeyli tez gedən bu mogikan sənətə daha tez gəlmişdi. Səhnəyə doqquz yaşında (əmisi Mirzə Məmməd Tağının sayəsində) qədəm qoymuşdu. Teatr sənətinə meylli, Şamaxıda dini tamaşalar hazırlayan M.M.Tağı günlərin birində “Şəbeh” tamaşasındakı əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə Şümür surətini daha canlı yaratmaqçün gözlərində qəzəb, əlində qılınc bu zavallı əsir “qız”ın üstünə necə cumursa, Abbas qışqıra-qışqıra qaçıb, məzlum-müslimə qadınlar arasındakı anasının qucağına atdanır. Dindarların “mərasimi pozmuş bu uşağın” üstünə daha çılğınlıqla acıqlanıb-qəzəbləndiyini görən Abbas sonrakı tamaşalarda “qəzəbli” əmisini mələk, o qəbzəli qılıncı isə lələk gözündə görürmüş.
1903-cü ildə - on yaşında gimnaziyaya daxil olan, səhnəyə daha böyük həvəs göstərən bu əlaçı şagird məktəbin bütün tədbirlərinin baş qəhrəmanına çevrilir. Rola girərkən neçə-neçə “yad” insanın da ona valideyn məhəbbətilə baxmasından xüsusi zövq alan Abbas o illərdəki bir hadisəni bütün həyat və yaradıcılığı boyu xüsusi bir həyəcanla xatırlayırmış. O “hadisə”nin içində on bir yaşlı Abbas, onun tədbirdə şeir söyləmək arzusunu məmnuniyyətlə qəbul edən gimnaziya müəllimi və söylədiyi “Şairin ölümü” şeirinə gurlayan alqışlar vardı. “Şeiri söyləyəndə elə bilirdim, dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
Canında baş verən bu ilk “sənət zəlzələsi”ni 1937-də baş verəsi siyasi vəlvələyə qədərki hər şeydən - müsbətli-mənfili hər olaydan daha çox yad edən Abbas hərdən doğum günü (12 dekabr 1893) Şamaxının Yuxarı Qala məhəlləsinə yağmış “dizdənyuxarı qar” haqda anasının danışdığı “Ağappaq qar nağılı”nı, 1902-ci il zəlzələsindən sonra Bakıya köç edən atası Mirzə Rəsulun onu ya ticarətçi, ya çinovnik görmək arzusunu da xatırlayırmış...
...Əcəba, əgər o, xatırladıqları içərisində sonuncu iki peşədən hər hansı birinin ardınca getsəymiş, sonralar onun saysız-hesabsız pərəstişkarları, yüzlərlə yazı yazmış oçerkçilər, tənqidçilər, teatr-kino mütəxəssisləri, milyonlarla oxucu, kino-televiziya tamaşaçıları sənətimizi onsuzmu xatırlamalı olacaqmışlar?!.
On beş yaşında Molyerin “Zorən təbib” əsərinin tamaşasında oynadığı epizodik roldan üç il sonra onu bir sənətkar kimi təsdiq edən Qacar obrazını yaradır. Bu ilk böyük uğur, hətta əsərin müəllifi Ə.Haqverdiyevin onu “Şah Qacarın padşah yaradıcısı!” adlandırması Abbas Mirzədə qətiyyən arxayınçılıq yaratmır. Sənətin “gecə-gündüz”, “vaxt-bivaxt” təyinli axtarışlarını, ləzzət dolu narahatlıqlarını davam etdirən gənc aktyorun adı müqtədir səhnə ustaları sırasının önlərində yer alır. Teatr tənqidi, neçə-neçə adlı-sanlı sənət xadimi “Abbas Mirzə fenomeni” haqda danışır, məqalələr yazır, fikir bölüşürlər. Bu fikirlərdən ən ümumşayanı səhnəmizin atası C.Cabbarlıya məxsus: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını özü öyrənmişdir. Lakin o, böyük bir talantdır. O öz-özünə doğulmuş bir sənətkardır...”
Bu talant Azərbaycan səhnəsi üçün, bu məbəd-məktəbin davamçıları üçün Otello, Şeyx Sənan, Don Kixot, Oqtay, Karl, Teymur Ağa, Maqbet, Səyavuş, Hamlet, İblis, Dəli Knyaz kimi nümunə-obrazlar qalereyası yaradıb getdi. O, roldan-rola inkişaf edib dəyişir, zaman keçdikcə Azərbaycanın böyük teatr evinin ab-havasını da dəyişirmiş. Bu dəyişimi kino sahəsində də reallaşdıracaqmış ki, milliliyi lillilər, örüşü dəyişkən-sürüşkənlər bundan duyuq düşüb, qarşısını alıblar...
“Özgə”ləri yaşaya-yaşaya özünü unudan bu böyük özgürümüzün başı başqalarını yaşamağa necə qarışıbmışsa, milli sənət qeyrətli yolun onu “37” doğanağına doğru aparacağının fərqinə vara bilməyib...
Düzü, mən də bu həzin-hüzn labirintindən çıxıb daha nə yazmaq gərəkliyinə vara bilmir və “sağlıq olsun” deyib, bu fraqmental yazımı nöqtələyirəm...

Tahir Abbaslı