Azərbaycan
30 dekabr 1926 - Tanınmış xanəndə, Xalq artisti Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Bir sıra opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s.) əsas rolları ifa edib.
30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Ağdam Dram Teatrında fəaliyyətə başlayıb, 1994-cü ildən Dövlət Musiqili Teatrının aktrisasıdır.
30 dekabr 1954 - Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə anadan olub.
31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) anadan olub. "Lətif" (1930), "İsmət" (1934) bədii filmlərinə quruluş verib, sənədli-xronikal filmlər çəkib.
31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907 - 5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “Baba nağılı”, “Teleqram” və s.
31 dekabr 1910 - Yazıçı-dramaturq Əbil Yusif (Əbil Məmməd oğlu Yusifov; 1910 - 29.3.1984) Ordubadda anadan olub. Əsərləri: “Odlar içində”, “Məhəbbət abidəsi”, “Vətən” (pyeslər), “Bir güllə”, “Şeypur səsləri” (povestlər).
31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) Bakıda doğulub. Uşaq-gənclər üçün əsərlərin müəllifidir. Kitabları: “Çinar”, “Arzular”, “Dostum, gəl sözə bax”, “Uca dağ başında” və s.
31 dekabr 1927 - Opera müğənnisi, aktyor, Əməkdar artist Firudin Mehdi oğlu Mehdiyev (1927 - 1.2.2006) anadan olub. 1957-ci ildən Opera və Balet Teatrında çalışıb. “Böyük dayaq” (Salman), “Gecə qatarında qətl” filmlərində çəkilib.
31 dekabr 1934 - Böyük yazıçı-dramaturq, şair, ssenarist, rejissor Cəfər Qafar oğlu Cabbarlı (20.3.1899, Xızı - 1934) vəfat edib. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil”, “Almaz” filmləri) müəllifidir.
1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazaxın Hüseynbəyli kəndində doğulub. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.
1 yanvar 1924 - Filologiya elmləri doktoru, folklorşünas, professor Vaqif Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub.
1 yanvar 1925 - Yazıçı Emin Qasıməli oğlu Mahmudov anadan olub. Uşaq və gənclər üçün kitabların müəllifidir: “Kainat gəmisi”, “Atlant qızı” və s. Rus ədəbiyyatından tərcümələr edib.
1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
1 yanvar 1930 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: "Nigaran baxışlar", “Borçalı əhvalatları", "Yanıq Abdullanın yuxuları" və s.
1 yanvar 1937 - Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
1 yanvar 1945 - Sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva anadan olub. Azərbaycan Xalça Muzeyinin direktorudur.
1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Ağsu rayonun Talış kəndində doğulub. Televiziya tamaşalarında ("Günahsız Abdulla", "Topal Teymur"), “Qatır Məmməd”, “Babək” və s. filmlərdə maraqlı rollar oynayıb.
2 yanvar 1945 - Tanınmış aktyor Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Evlənmək istəyirəm” (Həsən ağa), “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Teletamaşalarda unudulmaz obrazlar qalereyası yaradıb.
3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 27.6.1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.
4 yanvar 1878 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Kitabları: “Sijimqulunamə”, “Satira mərmiləri” və s.
4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb.
4 yanvar 1950 - Tanınmış aktrisa, Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Azərbaycanfilm”də “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud” (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918, Kazan - 2000) vəfat edib. Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Qara daşlar”, “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
Dünya
30 dekabr 1865 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936) Bombeydə doğulub. Uşaqlar üçün “Cəngəlliklər kitabı”, “Yeddi dəniz” şeirlər toplusu və s. əsərlərin müəllifidir.
30 dekabr 1904 - Rus bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti Dmitri Borisoviç Kabalevski (1904-14.2.1987) anadan olub. Əsərləri: “Kola Brunyon” operası, “Qızıl sünbüllər” baleti, “Bahar nəğməsi” operettası və s.
31 dekabr 1869 - Fransız rəssamı və heykəltəraşı Anri Matiss (Henri Matisse; 1869-1954) anadan olub. Forma və rənglərlə böyük effektiv emosiya yaradan əsərləri ilə məşhurdur.
31 dekabr 1937 - İngilis aktyoru Entoni Hopkins (Philip Anthony Hopkins) anadan olub. Filmləri: “Quzuların susması” (“Oskar” mükafatı), “Hannibal”, “Qırmızı əjdaha” və s.
1 yanvar 1618 - Məşhur ispan rəssamı Bartolome Esteban Murilyo (Bartolome Esteban Murillo; 1618-1682) anadan olub. Əsasən dini mövzuda əsərlərin müəllifidir: “Təsbehli Məryəm”, “Xaçpəsət İohann və müqəddəs ailə” və s.
1 yanvar 1823 - Macar şairi Şandor Petefi (1823-1849) anadan olub. Əsərləri: “Kənd çəkici”, “Pəhləvan Yanoş”, “Pişta Saloy” (poemalar), “Buludlar” (poetik toplu) və s. Macarıstanda 1848-1849-cu illər inqilabının rəhbərlərindən olub, inqilabı yatırmağa gəlmiş rus qoşunları ilə döyüşdə həlak olub.
1 yanvar 1854 - İngilis tarixçisi, kulturoloq, antropoloq, folklorşünas Ceyms Corc Freyzer (James George Frazer; 1854-1941) anadan olub. Dünya xalqlarının folkloru, dini ayinləri, ibtidai magiya və s. mövzuda tədqiqatların yer aldığı “Qızıl ağac” adlı 12 cildlik əsərin müəllifidir.
1 yanvar 1919 - Amerika yazıçısı Cerom Devid Selincer (Jerome David Salinger; 1919-2010) anadan olub. “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə şöhrət qazanıb. Hekayə və novellaları: “Tanış qız”, “Gülən adam”, “Teddi” və s.
1 yanvar 1939 - Fransız aktrisası Mişel Mersye (Michele Mercier - əsl adı Jocelyne Yvonne Renee Mercier) anadan olub. 60-70-cı illərdə Anna və Serj Qolonun “Anjelika” silsilə romanları əsasında çəkilən filmlərdə baş rolun ifaçısı kimi məşhurlaşıb.
2 yanvar 1920 - Məşhur Amerika fantast-yazıçısı Ayzek Azimov (Isaac Asimov; 1920-6.4.1992) anadan olub. “Təməl”, “Allahların özləri” romanları, “İkiyüzillik adam” povesti, “Mən, robot” hekayələr toplusu - ümumilikdə 500-dək əsərin müəllifidir.
2 yanvar 1912 - İtalyan rəssamı Renato Quttuzo (Renato Guttuso; 1912-1987) anadan olub. Əsərləri: “Çarmıx”, “Etnanın püskürməsi”, “Allah bizimlədir” və s.
2 yanvar 1927 - Rus baletmeysteri, SSRİ Xalq artisti Yuri Nikolayeviç Qriqoroviç anadan olub. 1964-1995-ci illərdə Moskvadakı Böyük Teatrın baletinə rəhbərlik edib. Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti onun quruluşunda dünya şöhrəti qazanıb.
2 yanvar 1943 - Məşhur türk musiqiçisi, bəstəkar, teleaparıcı Barış Manço (1943 - 1.2.1999) anadan olub. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.
3 yanvar 1892 - İngilis yazıçısı, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub. Əsərləri: “Üzüklərin hökmdarı”, “Silmarillion”, “Hobbit və ya oraya və geriyə” və s. Fentezi janrında ədəbiyyatın banilərindəndir.
3 yanvar 1929 - İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir çəngə dollar üçün”, “Yaxşı, pis, bədnam”.
3 yanvar 1956 - İrland mənşəli Amerika aktyoru və rejissoru Mel Gibson (Mel Colm-Cille Gerard Gibson) Nyu-Yorkda doğulub. Filmləri: “Qadınlar nə istəyirlər?”, “Vətənpərvər” (aktyor), “Cəsur ürək” (rejissor və aktyor; film 5 “Oskar” qazanıb), “Apokalipsis” (rejissor).
4 yanvar 1785 - Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqda mifoloji məktəbin banilərindən biridir.
4 yanvar 1960 - Fransız yazıçısı, filosof, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.
Hazırladı: Vüqar Orxan