...Demək ki, bu dünya onsuz qaldı və mənim üçün bir az da azaldı, kasıbladı... təbii ki, yazılana pozu yoxdur! Allahın da işlərinə qarışmaq bizə düşməz... insanlar öz doğma valideynini belə itirərkən gücsüzdür, çarəsizdir... heç kəs də heç kəs üçün onun doğmalarından çox yana bilməz...

...Hər kəsin həyatında gəlib keçən birinin həyatında pisi və yaxşısı ilə təkrarsız bir izi var... amma və lakin... sənin həyatında unuda biləcəyin, yaxud da hər zaman yaddaşında qalacaq biriləri mütləq və mütləq olacaq... keçici hisslər kimi... ya da səni sən edən sarsıntılar kimi...
Nurəngiz Gün də mənim üçün heç vaxt, heç vaxt unudulmayacaq biri ola bilmişdi!.. Demək ki, o bu dünyadan məhz bu ay, mən anamı itirdiyim ay getməli imiş... taleyin hökmü belə imiş... Məni bir az da ağrıdan işin bu tərəfi də var... bəlkə hər zaman mənimlə bir ana nəvazişi ilə danışdığı üçün bu ölüm mənə belə yer eləyir... bilmirəm...
...Tanışlığımız heç bilmirəm, nə vaxt başladı... çünki... o, ünsiyyətdə olmaq istədiyi insanları özü seçirdi... nə vaxtsa məni efirdə görmüşdü... və təsadüfən nə vaxtsa mənim televizorda gördüyüm gözəllər gözəli məni küçədə dayandırıb: “Zöhrə, sən bilirsən, efir səni necə çox istəyir” deməsi hansı aparıcıya, jurnalistə ləzzət eləməz ki... o gündən telefon söhbətləri, Kuzey Kıprısa birgə səfər və dahası da qəlb yaxınlığı, düşüncə və bir az da ailəvi yaxınlıq da demək olardı... çünki o elə bir insan idi ki... birini sevincə, onu çox uzaq tuta bilməzdi. HƏR PROBLEMİ ilə sevirdi onu, məsləhət verirdi, hövsələsi çatınca dinləyirdi...
...O, indiyədək heç bir qadın şairənin tutmadığı yeri tutdu... bəli... bəlkə bir az ekssentrik, bəzən aşırı emosional, bəzən gözlənilməz reaksiyaları ilə ətrafı təəccübləndirən... amma o reaksiya, inanın ki, hadisəyə hər kəsin göstərmək istədiyi reaksiya idi... birinin cəsarəti çatsaydı, bəlkə elə o da NURƏNGİZ GÜN kimi edərdi! Onun özü olmağa cəsarəti çatırdı! O, həyatda da, poeziyasında da özü oldu və sona qədər də olduğu kimi də qaldı... Kiminsə xoşuna gəlmək üçün dəyişmədi, nə isə qazanmaq üçün yazmadı, kiməsə xoş olsun deyə yarınmadı, amma kimsəni də incitmədi! Qəlbini qırmadı! Bəlkə doğrudan da, unudulmaz əsərlərin qəhrəmanlarının prototipi idi... ki, bu həqiqət heç kəsə məlum deyil... amma əbədi sevgilərin ünvanı olduğu dəqiqdir... heç vaxt lovğalanmadı... Gözlərindəki kədər içində çəkdiklərinin təzahürü idi... amma heç vaxt şikayət eşitmədim... daim güldü və ətrafına xoşluq, səmimiyyət, mehribanlıq yansıtdı... Bəli, şıltaq idi... bəli... bəzən səbatsız, bəzən inadkar, bəzən çox həssas, bəzən çox iti, kəskin, bəzən də elə kövrək olurdu ki... çünki, o, ŞAİR idi... dünyanı və insanları qəlbinin gözü ilə görürdü, ürəyinin qələmi ilə yazırdı... Onu tanıyanlar bilir... dərdli ürəyində adının işığını gəzdirirdi... hər kəs üçün yandırsın deyə... hər kəsə bir xoş söz desin deyə... məsələn, mənə, “günəşim, qızıl saçlım”... deyə bilirdi... daha kiməsə çox dəqiq bənzətmə ilə müraciət edirdi... Bilirsiz, birinə ürəkdən bir xoş söz demək nə qədər böyük ürək istəyir!? İnanın ki, hər kəsin də mərdliyi çatmır... yaxşı danışmağa, kiminçünsə yaxşı bir iş görməyə...
...“Lider” televiziyasında işləyəndə əziz ZƏRİFƏ XANIMIN doğum günü üçün "Elegiya" adlı 17 dəqiqəlik kiçik, amma ailəsinin də çox bəyəndiyi bir film çəkdik... Zərifə xanımın məzarı üstünə hər gün, hər gün bir xanım gəlirmiş... Görünür, Zərifə xanımın bu qadının taleyində elə bir etkisi olubmuş ki, hər gün, hər gün o böyük insanın məzarı üstünə gəlib ona minnətdar olduğunu söyləmək istəyirdi... Bu o qadının özündən başqa heç kəsə lazım deyildi, yalnız özünə və öz vicdanına! O böyüklüyü, o hissi, o ucalığı və kədəri ancaq Nurəngiz xanımın səsində tapdım və öz səsi ilə o BÖYÜK QADINA gözəl şairəmizin şeirini ithaf elədik...
...Nurəngiz Gün, o gözəllər gözəli Nurəngiz Gün, nə adam arasına, nə ekranlara ağarmış saçları ilə çıxmaqdan çəkinmədi... Zamanın həyatına saldığı şırımlara bənzəyən qırışlarından utanmadı, zahirən gözəl görünmək üçün çabalamadı... hər kəs üçün ürəyi yandı... Hər kəsə ehtiram göstərib də sevib sevmədiklərini gizlətmədi, heç kəsin qəlbinə dəymədən böyük kədərdən danışa bildi...
...Kiçik bir yazıda ona nədən bağlandığımı, nə üçün onu bu qədər sevdiyimi, poeziyasında hansı nümunələrin mənim üçün əvəzsiz olduğunu necə deyim axı... Bircə onu bilirəm ki, gözəlliyi, orijinallığı, heç kəsə bənzəməyən qeyri-adiliyi, bəlkə bir az qəribəliyi ilə o unudulmaz olacaq... həm bir qeyri-adi insan, gözəl qadın kimi, həm də heç kəsə bənzəməyən şeriyyəti ilə!
...Mənim əziz Nuram! Səni hər zaman gülümsəyərək xatırlayacağam, çünki həm də mənə yaraşdırdığın təbəssüm səni gözəlləşdirirdi, çünki ürəyində insanlığa bəslədiyin nəhayətsiz mərhəmət, SEVGİ ətrafına siman kimi gözəllik və işıq saçırdı! Elə biləcəyəm ki, sən həmişə varsan, çünki bu xalqın yaddaşında həmişə olacaqsan! Rahat uyu, NURƏNGİZ GÜN! Özü boyda NUR!

Zöhrə Əliyeva



Jaləmə

Kimin gözlərinin almazlarıydı bu belə,
İşartısı qamaşdırdı dünyanı.
Kimin dodaqlarının təbəssümüydü, bu belə,
Çəhrayısı çaşdırdı dünyanı?
Qızım, quzum, çəmənim Jaləmin!
Məktəbinə-dərsinə bir çanta əvəzinə
İki çanta dəftər-kitab daşıyan çiçəyim,
Əlaçı göyçəyimin təbəssümüdür, bu belə!
Oy, sən mənim qu quşum! Bitməyən düşüncəm...
İncidər çiyinlərini İTAƏT!... Qorxuram, balacam,
Mən səni gələcəkdə Dövlətin
"farağat çinovniki" - məmuru deyil də,
Mən səni Dövlətin içində
"Adam!" görmək istəyirəm, əvvəlcə! Mələyim...
Yəni ki, içəri qəhərləri daha asan qavrayan
Həssas(!)... bir inikas, insanı çərlətməyən Möcüzə -
Təzə İnsan arzu edirəm səni!
...Oy, mən bildim nə dedim, bitməyən düşüncəm...
Gözləri almaz qamaşı,
Qu quşum! Büllurum!
O Mehrabdan ucalasan, inşallah!
Ən göyçək Jaləciy...

5 oktyabr 1978


Məni mənə vermədilər

Nə dərd, nə ələm bildilər,
Nə istədim, vermədilər.
Əslində nə istədim ki?
Düzləri görmək istədim -
ürək üçün.
Bir veyl külək istədim -
seyr edib, azadə nəfəs dərib,
asudə ölmək üçün.
Vermədilər.
Könlüm bir könül istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq... istədi
sinəm ilə bərabər
dərdlərinə çökməyə!
Vermədilər...
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim,
Yollarımı hördülər
məni məndən aldılar,
məni mənə vermədilər.
Hey yandım, hey çırpındım,
Çırpındım, fəğan eylədim,
Vermədilər, vermədilər,
məni məndə görmədilər.
məni mənə vermədilər.

1984


Yol gedirəm

Dodaqlarımda təbəssüm.
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm, yol olanadək.

1984


Dincəl, dünya

Nuru yorğun gözlərimin,
Ürəyimin, beynimin
Hesabına yaşayıram,
Əl çək məndən, qarı dünya,
Yükümü tək daşıyıram,
Minnətini çək üstümdən,
Cəncəl dünya, cəncəl dünya!
Bu yük, bu köç, bu güc ilə
Sənin o kobud əlinə
Əl də verib, ayrılıram,
Əl çək məndən, sarı dünya...
Daha çəkil gözlərimdən,
Əbədilik tək qalıram,
Dincəl, dünya, dincəl, dünya!