Bütün ömrünü bunların fəthinə sərf etmiş Nəsirəddin Tusi

Böyük fikir adamlarının demək olar, yekdil rəyinə görə, bu “fəsahətli və şücaətli alim-mütəfəkkir” yer üzü əşrəfinin qəlbini hələ 35 yaşında yazıb bitirdiyi “Əxlaqi-Nasiri”ndə incələmişdi. Qalırdı göy üzü aləmi - kainat “qəlb”i ki, olmazın çətinliklərə səbrlə sinə gərməli olan bu elm-irfan əfsanəvisi qılınc-qüvvət əfsanəvisi Çingiz xanın nəvəsi Hülaku xanın köməyilə bu intəhasızlığa da qədəm qoyur.

Özü də necə?..

Belə ki, Nəsirəddinin nəzərdə tutduğu rəsədxananın yaradılması külli miqdarda məbləğ tələb etdiyindən Hülaku xan bu işi məqsədəuyğun saymırmış. O xan ki, Nəsirəddini məğlub etdiyi İsmaililərin dustaqxanasından azad edib öz sarayına gətirmiş, xüsusi münasibətlərilə onu əyan-əşrəfi içərisində məxsusi bir hörmət-izzətə qaldırmışdı. O dövrün adlı-sanlı tarixçisi Hacı Xəlifə “Dünya haqqında kitab”ında sözügedən rəsədxana ilə ilgili “Tusi-Hülaku anlaşması”nı belə təsvir edir: ”Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin”.
Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. İndicə seyr etdiyi mənzərə və ardınca da Nəsirəddinin söylədiyi sözlər Hülaku xana o dərəcədə təsir edir və onu elə inandırır ki, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə ömürlük məvacib kəsilməsinə də nail olur...

Səfakeşliyə meylsiz cəfakeş

Haqqında yazılmış saysız kitab, məqalə, xatirə, məxəz-mənbələrin çoxunun da bəyanına görə, bu insanın arzu, istək, nəfs aləmi hər cür şəxsi mənafelik, mənəm-mənimliklərdən xali olub. Allaha itaət-ibadətdə, bəndələrə hörmət-səxavətdə ad çıxarmış valideynləri belə bir ovqat-urvatlı ailədə dünyaya göz açmış bu gələcək dahini Məhəmməd adlandırırlar. Hər şeydə hər məna-mətləbin fərqinə varan bu ailə öz ətraf-arşın söhbətlərində - hətta bu uşağın məhz şənbə günü doğulmasını da bir ayağısayalılıq rəmzi kimi danışdıqlarından, bəzən uşaqlar Məhəmmədi “şənbə şəfəqi” deyə də çağırarmışlar.
Beləliklə, Məhəmməd ibn Həsən ət-Tusi. 1201-ci ilin fevralında sonralar təxəllüsləndiyi Tus şəhərində doğulsa da, əslən Həmədan yaxınlığındakı Savə şəhərindən olan dünya ünvanlı həmsoyumuz!
Bəli, milli mənşə-mənsubiyyəti qədimlərdən bu günə (və yazılı mənbə sarıdan aşağıdakı kimi yeni qaynaq-tutarğalar tapılmasa - gələcəkçün də) aktual olaraq qalsa da, Nəsirəddin Tusinin şagird və davamçılarından olan İbn əl-Füvətinin “Ləqəblər lüğətində xəbərlər məcmuəsinin xülasəsi” adlı çoxcildli əsərində göstərdiyi bir fakt onun bizim mənşəyə mənsubluğunu başqalarına mənsubluq ehtimallarına nisbətdə üstələyir. 1258-ci ildə monqolların Bağdadı işğalı zamanı əsir düşən, üç il sonra N.Tusinin yanında yaşamağa başlayan Füvəti yazır: “Nəsirəddin Tusi Marağada zadəgan ailəsindən olan Fəxrəddin Maraği ilə görüşüb və ona belə bir tapşırıq verib: “Ərbil, Mosul və Əlcəzirəyə gedib, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salarsan”. Fəxrəddin Maraği çox çalışdıqdan sonra 500-ə qədər ailəni geri qaytara bilmişdi”.
...Bu, insana məxsus hansı dost-doğal hisslərdən, duyğulardan xəbər verir? N.Tusi hökumət, dövlət adamı deyildi ki, bu tapşırığı onun rəsmi görəvi kimi də ehtimal edək. Bunu ancaq və ancaq analoqsuz həmvətənlik hissi kimi qəbul etmək gərək...
Bunlara da xüsusi nəzər yetirmək gərək ki, ilk təlim-təhsilini atasından almış bu fenomen zəkalı uşaq, dövrünün elm-irfan zirvələrinə sonralar Həmədan və Tus şəhərlərində dünənki İbn Sina və Bəhmənyar kimi dahilərin adlı-sanlı davamçılarının sayələrində ucalmışdır. Elə bu hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır, hələ gənc yaşlarından bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən onu sarayına hörmətli qonaq kimi çağıran Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm bu gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. Böyük şövqlə işə başlayan Nəsirəddin - sonralar bir çox dillərə çevirdilərək ona dünya şöhrəti gətirən məşhur "Əxlaqi-Nasiri" əsərini 1235-ci ildə tamamlayır və...

...Bunun ardınca

Az bir müddət keçmiş azı bəlli, çoxu naməlum narazılıqlardan yana Tusi həbs olunur. Dövrünün bu uca bəndəsi ismaililərin əlçatmaz dağ zirvələrində inşa etdikləri “Ələmut” (“Qartal yuvası”) qalasına aparılır. Burada - ismaililərin yanında keçirdiyi 12 illik dustaq-sürgün “həyat”ında çox səmərəli və məhsuldar elmi yaradıcılıqla məşğul olur. O, 1242-ci ildə tamamladığı məşhur “Şərh əl-İşarat” (İbn Sinanın “İşarələr və qeydlər” risaləsinə şərh) əsərinin sonunda yazır: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”.
Elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış N.Tusi astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika və məntiqə dair yüzdən artıq ciddi əsər müəllifidir. Yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar isə xüsusi yer tutur ki, onun adı bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırma ilə bağlıdır.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini, hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri tək elə Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. Hələ beş yüz il öncə Romada ərəbcə də (bir qədər sonra latınca) çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri “Tusi ideyalarının Avropa dövrü” kimi əks-sədalanmışdı. Bundan başqa, alimin tarixə, mineralogiyaya, fizika, tibb, iqtisad, coğrafiya, musiqi və təbii ki, astronomiyaya dair bir çox diqqətəlayiq əsərləri də var ki, bunlardan “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi”ni xüsusi qeyd etmək lazımdır.
Bu faktı da xüsusi qeyd edək ki, Nəsirəddin Tusi saysız-hesabsız davamçılarını da yetirib-yetişdirmişdir. Elə davamçılar ki, sonralar hər biri mükəmməl ustad kimi məşhurlaşmış, ayrıca elm səhifələri yaratmışlar. Hansı ki, onlardan Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli və başqaları da öz məktəblərini yaratmış, öz şagirdlərini, xələflərini yetirmişlər. Beləliklə, ulu Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi (və onların zaman-zaman törəyib-artan mənəvi-irfani övladları) tərəfindən ayaqda qalmış, elmi-fəlsəfi məktəbimizin daim var olması strategiyası daimi axar-ovxarda olmuşdur.

Və qaçılmaz bir haşiyeyi-sonluq:

Tarixi mənbələr belə “nəql” edir ki, altı əsr öncə böyük Tusimizin nəvə-nəticələri Marağadan Ordubada köçmüş, Səfəvilər dövründə bir sıra dövlət vəzifələrində çalışmışlar. Və el sözüylə əlavə edək ki, bizim “elmi-gümanımızca” çox yəqin ki, indilər bizim Güney-Quzeyimizdə Nəsirəddin Tusi bio-imzalı neçə yüz-yüz (bəlkə min-min!) can yaşamaqda!..

Tahir Abbaslı