Azərbaycan

2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 - 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.
2 aprel 1932 - Ədəbiyyatşünas, tərcüməçi, professor Xeyrulla Salman oğlu Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub.
2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonunu işğal ediblər. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, rayon mərkəzi, 130-a yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" kurort kompleksi xarabazara çevrilib.

3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. İki dəfə Stalin mükafatına layiq görülüb.
3 aprel 2008 - Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində “Arşın mal alan”da Asya, “Sevil”də Gülüş çıxış edib, Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.

4 aprel 1913 - Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. İrəvan Azərbaycan Teatrında, Milli Dram Teatrında (1945-1975) çalışıb. Çəkildiyi filmlər: “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s. Bədii qiraət ustası kimi tanınıb, bir çox filmlərdə aparıcı rolları (“Uzaq sahillərdə” - Mixaylo) səsləndirib.
4 aprel 1898 - Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub. 30-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
4 aprel 1931 - Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 - 22.7.2011) Göyçayda anadan olub.
4 aprel 1936 - Baletmeyster, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Nailə Məmməd qızı Nəzirova anadan olub.
4 aprel 1953 - “Ədəbiyyat və incəsənət” qəzetinin ilk sayı çapdan çıxıb. Nəşr respublika Kinematoqrafiya Nazirliyi, Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi (sonralar Mədəniyyət Nazirliyi) və Yazıçılar İttifaqının orqanı idi. 1991-ci ildən ayrıca “Mədəniyyət” və “Ədəbiyyat” qəzetləri nəşr olunmağa başladı.

5 aprel 1909 - Bəstəkar Asəf Zeynallı (1909 - 27.10.1932) Şuşada doğulub. Musiqi mədəniyyəti tariximizdə bir sıra yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin müəllifidir. Tamaşalara musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
5 aprel 1940 - Şair, nasir, filologiya elmləri doktoru Arif Əbdürrəhman oğlu Abdullazadə (1940 - 31.5.2002) Şəkidə anadan olub.
5 aprel 1945 - Bəstəkar, Xalq artisti, professor Oqtay Məmmədağa oğlu Rəcəbov anadan olub. “Göyçək Fatma", “Xeyir və Şər” uşaq operaları, simfoniya, musiqili komediya və s. əsərlərin müəllifidir. Bədii filmlərə ("Ağ atlı oğlan", “Tərsinə çevrilmiş dünya”) musiqi yazıb.
6 aprel 1717 - Böyük şair Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində doğulub. Yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələsini təşkil edir. Qarabağ xanlığında İbrahimxəlil xanın vəziri olub.
6 aprel 1939 - Kinorejissor, Xalq artisti, professor Tofiq Hüseyn oğlu İsmayılov anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Vulkana doğru”, “Oxuyur Müslüm Maqomayev” və s.

Dünya

2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” elan olunub. 1967-ci ildən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə qeyd edilir.
2 aprel 1840 - Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.
2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks (Max) Ernst (1891-1976) anadan olub.

3 aprel 1783 - Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayə və esseləri ilə tanınıb. Görkəmli insanların həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.
3 aprel 1918 - Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub. “Bayraqdarlar”, “İnsan və tüfəng”, “Tavriya”, “Məhəbbət sahili”, “Qan damlası” və s. romanların müəllifidir.
3 aprel 1924 - Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar” mükafatı, 1954), “Xaç atası” (“Oskar”, 1972), “Parisdə sonuncu tanqo”, “Apokalipsis bu gün” və s.

4 aprel 1818 - İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.
4 aprel 1932 - Rus kinorejissoru və ssenaristi Andrey Arsenyeviç Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.

5 aprel 1588 - İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes, 1588-1679) anadan olub. Əsərləri: “Fəlsəfənin əsasları” (trilogiya), “Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti”.
5 aprel 1900 - Amerika aktyoru Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub. “Cəsur kapitanlar” (1937) və “Oğlanlar şəhəri” (1938) filmlərində rollarına görə “Oskar” mükafatı alıb.
5 aprel 1945 - Məşhur türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 - 8.2.2004) anadan olub.

6 aprel 1812 - Rus yazıçısı, filosof Aleksandr İvanoviç Gertsen (1812-1870) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb. Əsərləri: “Olmuşlar və düçüncələr”, “Oğru sağsağan”, “Kimdir günahkar”, “Doktor Krupov”.
6 aprel 1826 - Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau, 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1942 - Amerika rejissoru və ssenaristi Barri (Barry) Levinson anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı, 1989), “İfşa”, “Quldurlar” və s.

Hazırladı: Vüqar Orxan