Azərbaycan pianoçuluq məktəbinin təşəkkülü və inkişafında böyük xidmətlər göstərmiş sənətkarlardan biri də Əməkdar incəsənət xadimi Georgi Şaroyev olub.
Georgi Georgiyeviç Şaroyev 1890-cı ildə Moskvada anadan olub. Moskva Konservatoriyasında Q.Paxulski, V.Safonov, K.İqumnov kimi məşhur pedaqoqlardan dərs alıb. Sonra ailəsi Sankt-Peterburq şəhərinə köçdüyündən o, təhsilini Sankt-Peterburq Konservatoriyasında davam etdirir. Görkəmli rus pianoçuları M.Benua və A.Yesipovanın tələbəsi olur. Bu pedaqoqlar onun bir pianoçu və müəllim kimi yetişməsində böyük rol oynayırlar. G.Şaroyev sonrakı pedaqoji fəaliyyətində onların ənənələrini nümunə kimi təbliğ edib.
Sankt-Peterburq Konservatoriyasını bitirdikdən sonra istedadlı musiqiçi 1918-ci ildə musiqi müəllimi kimi Bakıya dəvət olunur və taleyini ömürlük bu şəhərlə bağlayır. O, respublikamızda mədəniyyətin inkişafında böyük xidmətləri olan Ü.Hacıbəyli və M.Maqomayevlə milli musiqiçi kadrların hazırlanması yolunda əzmlə çalışır.
1919-cu ildə G.Şaroyev Rus Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Bakı Musiqi Texnikumuna baş müəllim vəzifəsinə təyin olunur. 1920-ci ildə bu texnikumun əsasında Azərbaycan Dövlət Konservatoriyası yaradılır. O, burada fortepiano kafedrasının dosenti və professoru, kafedra müdiri, fortepiano fakültəsinin dekanı, konservatoriyanın elmi və tədris işləri üzrə prorektoru olub.
Musiqiçinin Azərbaycanda geniş maarifçilik, pedaqoji ifaçılıq və ictimai fəaliyyəti yarım əsr davam edib. Ü.Hacıbəyli G.Şaroyevə böyük hörmətlə yanaşıb, onu istedadlı pianoçu və pedaqoq kimi yüksək qiymətləndirib. Eyni zamanda musiqi təhsili ilə bağlı məsələlərdə ona çox etibar edib.
G.Şaroyev geniş dünyagörüşünə, nadir erudisiyaya və tükənməz yaradıcılıq qüvvəsinə malik bir şəxs olub. O, həm də bacarıqlı konsertmeyster kimi tanınıb. Ancaq musiqi pedaqogikası sahəsində daha böyük uğurlar əldə edib.
Görkəmli sənətkar Azərbaycanda pianoçular nəslinin yetişməsində mühüm rol oynayıb. Musiqiçinin yetirmələrinin əksəriyyəti sonradan onunla birlikdə çalışıb. Onlardan tanınmış pianoçu, Xalq artisti Kövkəb Səfərəliyeva, Elmira Nəzirova və Çingiz Sadıqovu göstərmək olar. V.Mustafazadə, S.Daşdəmirova, F.Quliyeva, E.Vəlizadə də onun məktəbini keçənlərdir. Bütün bunlar onun böyük bir ifaçılıq məktəbi yaratdığının bariz nümunəsidir.
Böyük bəstəkar, SSRİ Xalq artisti Qara Qarayev də fortepiano sənətinin sirlərini ondan öyrənib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Q.Qarayevin G.Şaroyeva göndərdiyi təşəkkür məktubu saxlanılır.
Tanınmış musiqiçinin bir pedaqoq kimi ən gözəl xüsusiyyəti onun tələbələrinə və sənət yoldaşlarına çox səmimi və təmənnasız yardım etməsi olub. O, tələbənin zövqünü, istedadını qiymətləndirməyi və onlarda sənətə maraq, həvəs yaratmağı böyük ustalıqla bacarıb. Hər bir tələbəyə fərdi yanaşıb. Dərsdə onlarla ədəbiyyat, təsviri sənət barədə söhbətlər aparıb. Xüsusilə, opera tamaşalarına və konsertlərə getməyi tövsiyə edib.
G.Şaroyev ictimai işlərdə də fəal olub. Onun təşəbbüsü və rəhbərliyi ilə 1934-35-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi təşkil edilib. Uzun illər həmin məktəbin direktoru olub. Məktəbdə dərs demək üçün öz sənət yoldaşlarını və tələbələrini, konservatoriyanın professor və müəllimlərini (S.Bretanitski, V.Anşelleviç, K.Səfərəliyeva, A.Şvarts və s.) dəvət edir.
Məktəbdəki ruh yüksəkliyi, müəllimlərin təmənnasız və fədakar işi bəhrəsiz qalmır. 1975-ci ildə tədris prosesinin səviyyəsinin yüksəldilməsi ilə əlaqədar məktəb 10 illik orta ixtisas musiqi məktəbi statusu alır. Tədris prosesinin bütün mərhələləri üzrə ixtisas və nəzəri fənlər genişləndirilir. 1961-ci ildə isə məktəb 11 illik təhsil sisteminə keçir. Georgi Şaroyev 1969-cu ildə vəfat edir. Bu gün paytaxtdakı 35 saylı uşaq musiqi məktəbi onun adını daşıyır.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar