Azərbaycan

11 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə ədibin doğum günü kimi 2, 7 aprel göstərilir. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866 - 1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsrlər) tərtib edib.
12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi - Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzet iki il nəşr olunub.
12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 - 3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

13 aprel 1918 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Topal Teymur", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937-20.11.1991) anadan olub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl" və s. kitabların müəllifidir.

14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907- 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub.

Dünya

11 aprel 1888 - İtalyan kinosunun ulduzlarından Françeska Bertini (əsl adı - Yelena Seracini Vitiello; 1888-1985) anadan olub.
11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Öz adamlarımızdır - anlaşarıq”, “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.

13 aprel 1883 - Bəstəkar və dirijor Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin dövlət himninin musiqisini yazıb.
13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. “Qodonun intizarında”, “Oyunun sonu”, “Xoşbəxt günlər” pyeslərinin, “Molloy”, “Adsız” romanlarının müəllifidir. Absurd teatrının yaradıcılarındandır. Azərbaycanlı bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.
13 aprel 1939 - İrland şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.

14 aprel 1744 - Rus dramaturgiyasının banilərindən Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub. Pyesləri: “Gənc cahil”, “Briqadir”.
14 aprel 1925 - Amerika aktyoru, «Oskar» laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.
14 aprel 1930 - Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar da çəkiliblər) və s.
14 aprel 1930 - Rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi - 1930) intihar edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.

Hazırladı: Vüqar Orxan