Gilə-gilə, pilə-pilə zəngulələr, qəmu-“mayə”lərə həmdəm bəmlər, zirvə-zirvə zillər...

Gümanımca, böyük aləmini qələmə almaqda olduğum bu təkrarsız sənətkarı elə bu başdan - başlıqdanca tanıdınız. Bəs həmin bu ustadlar ustadının layiqincə və ürəyinizcə təqdimatı üçün daha nə kimi bər-bənzətmələr qaldı, hörmətli muğam aşiqləri?
İki il öncə düz iki günə (və rəhmətliyin öz ləhcəsilə desəm) “güjnən-birtəər” yazıb qurtardığım “Bir “Segah”i yazı”dan sonra, elə bilirdim daha ona dair sözüm bitib, amma o vaxtdan-bu vaxta fikir-xəyalımda hələ də qurtarmaq bilməyən yalnız o çeşmə Səsin özü, seçmə Avazın közü... Və bir də orta məktəb yoldaşlarımdan birinin atasının 1965-ci ildə Füzuli rayonu Əhmədalılar kənd orta məktəbində kövrələ-fəxarətlənə dediyi sözü: “Ay “Segah” üstə ağlayıb, “Şahnaz” kökdə gülən qarabağlı balalar, Seyidin “Şuşinski” olmağına baxmayın. Bilin ki, srağagün rəhmətə getmiş bu xanəndə - yəni mənim doğmaca əmim oğlu Seyid - yetmiş altı il bundan irəli, bax bu kənddən 4-5 kilometr aralıdakı Horadiz kəndində doğulub...” O günədək “Lotereya İbiş” (lotereyası “Moskviç” udmuşdu) kimi tanıdığımız o kişi gözümüzdə xeyli böyüdü və sonralar öyrəndik ki, onun adicə “xanəndə” dediyi Seyid Şuşinskini 46 il öncə Cabbar Qaryağdıoğlu “Şərq musiqisinin incisi” adlandırıbmış.

Və sonralar…

Daha geniş məlumatlarla rastlaşdıq, öyrəndik ki, nadir novatorluğa, “qəlbləri ehtizaza gətirən ühültü-üyültülərə” (Xudu Məmmədov), şaqqıltılı zəngulələrə malik Seyid Şuşinski xanəndəlik sənətinin qayda-qanunlarını öyrənmək üçün (özü də bənzərsiz toy-büsat səsinə tələbatın ən yüksək çağlarında!) iki il boyunca universal ustad Mir Möhsün Nəvvabın yanından əl çəkməyib. Onu kifayət qədər mənimsəyəndən sonra Cabbar Qaryağdıoğludan yapışıb. Bu nəzəriyyə və təcrübə ustadlarını necə dərindən əxz edibsə, ovaxtadək onların özləriyçün də bir qədər “gah-gah” görünən “Çahargah”ın bütün tilsimatını qırıb. Hamıdan fərqli olaraq “mayə”dən yox, “Mənsuriyyə”dən başlayıb, zildə etdiyi “zikri-zəngulələr”dən sonra təzədən “mayə”yə enib, yeni “era”dan davam etdiyi “Çahargah”ın. Vəfatından iki il əvvəl (yetmiş dörd yaşında!) lentə alınarkən “nocavan səs-avaz”la ifa etdiyi “Çahargah”ın...

Ay Səs!..

Özü də tək elə xitabi planda yox, həm də ismi-frazeoloji mənada - Ay Səs, Günəş Səs, bütün şarkılı Şərqə səs saldığı gündən cəmi-zövqlərdən kam alan, qulaqlara bulaq kimi axıb, könüllərdə şimşək kimi çaxan Səda! Hər dəfə avazlancaq, orda-burda bir-birinə “səs eləmə”, “səsini kəs”, “səsin batsın” demişlərin, deyənlərin, deyəsilərin hamısına öz səslərini kəsdirən Səs!..
Könülləri riqqət-diqqətdən o yana, mental-kultural ehtizazlardan bu yana az qovala. Ya bir hovur sus, ya bir bəhslik pəslən, - sözüm var. De görüm, düz deyirəmmi ki, ovaxtlar irsli-istedadlı Şuşanı - Azərbaycanın o (hələlik “bu” deyə bilmirəm...) təbii konservatoriyasını səs-avazla təəccübləndirmək havayıdanmış. “Ovaxtlar” deyimimə isə eymənməməli və “su gələn arxa bir də gələr” məsəlinə güvənibən söyləməli ki, inşallah, yenə gələr o zamanlar...
Hə, orada doğulanların mayası, dayəsi təbiətin özü idi və sən demə, XIX yüzilliyin sonlarında bu şəhər kökəncə buralı olan daha bir fenomenlə ilgili səs inqilabı gözləyirmiş.
Sonralar çağının bütün oxuyanlarına ata-ustadlıq edəsi bu uşaq İsa bulağının zümzümələri, Qırxqızın, Cıdır düzünün axar-baxarı, anasının laylaları ilə bərabər, artıq məmləkətin hər yerinə bəlli ilahi bir səsə də qulaq kəsilə-kəsilə böyüyürdü. O səsin sahibi ondan 28 yaş böyük idi. Öz səsilə bütün başqa xanəndələrin ifalarına təəccüb və heyrətlərin “barıtına su tökən”, səs oktavası ecazkar italyan tenoru Karuzo ilə müqayisə edilən, “Şərq ifaçılığının peyğəmbəri” adlandırılan, “Səs Günəşi” çağırılan Cabbar Qaryağdıoğlu idi o ustad!..
Həmin o bəhsəbəhsli səslər yurdunda daha bir gur işıq parlamaqda, qonum-qonşu “xəbərlər”ində daha bir xas-xüsusi ad “isim”ləşməkdə, “Şuşinski” təxəllüsü ilə “sifət”ləşməkdə, qonum-qonşu, məhəllə-mərhələlərdən çıxıb, küll-Azərbaycanın qulağına, bütün Yaxın Şərqin diqqətinə yetməkdə idi...

Və bir axşam...

Tək elə onun öz qarşısında yox, həm də bu xalqın mədəniyyət qisməti önündə parlaq sənət gündüzləri açan axşam...
Kim bilir, bəlkə o mübarək tale axşamı olmasaydı, Seyidin məlum və olduqca məşhurluq başarısı yaşının ikinci onluğunda yox, böyük əzab-əziyyətlər sonluğunda üzə çıxardı. Bəs, belə ki, Seyidin özünün 19 yaşa, Səsininsə zilin zirvə qaşına yetdiyi macallarda Şuşanın “Yay klubu”nda növbəti bir konsert-tamaşa düzənlənir. O vaxtlar hansı terminlə adlandırıldığını bilmədiyim konferansye Seyidi səhnəyə “uşaq ayağından” dəvət edir. “Taxta təpə”yə (səhnəyə) ağır ağsaqqal salğarıyla çıxan Seyid isə muğamların ən “ağbirçəyini” - “Şur”u necə ifa edirsə, konsertdə iştirak etmiş qocalardan biri bu hal-qəziyyəni öz nəvə-nəticəsinə belə bəyan etməli olur: “Camaat bu uşağın səsindən küll-Qarabağ xəyalatına cummuşdu...”
O konsert iştirakçıları belə kəlmələr də işlədirmiş ki, “Nuhun vaxtından ruhun taxtınacan yer üzünə bu cürənə səs gəlməyib, gəlməyəcək də!” Seyidin o vaxtaqədərki ifaçılarda görünməmiş zəngulələri salonun nitqini qurudubmuş. Çəpik çalası əllər bir müddət “tilsimə düşüb qandallanıbmış”, deyirlər. Və belə bir rəsmi, daha doğrusu, mətbu söyləmə də var ki, həmin vaxt salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf irəliləyir. Seyidi bağrına basıb, üzünü, yalan olmasın, iki təsnif müddətinə onun üzünə söykəli saxlayır. Bu “fürsət”dən istifadə edib, bütün canına-qanına işləmiş həzz qəhərini boğur, sevincdən dolmuş gözlərinin yaşını qurudur və üzünü camaata çevirib: “İndi mən ölməkdən, haçansa bu sənətdən, bu dünyadan getməkdən qorxmuram, - deyib, əlavə edir - Çünki bu sənət dünyasına Seyid gəlir!..”.
O gəldi, gəldi və elə bir ustad, elə bir canlı məktəb oldu ki -

Hələ də öyrədir və öyrənilir

Bunu necə qeyd etməyək ki, hətta vəfatından sonra belə, uzun müddət heç kim “Çahargah”ı ifa etmirmiş. Əlbəttə, böyük ustada sayğıdan... Xatirələrdən bəlli olur ki, Seyidin ifaları millətimizin dədə-babalıq yollarını bağlamaqçün min cür əngəl törədilən sovet illərində xalqın daxili narazılığını, duyğusal üsyan-təlatümlərini bir qədər yumşaldar, siyasi “rejim xoru”nda camaatın qəlbinə milli solo təsiri bağışlarmış. O zamanın tamaşaçıları arasında qatı millətçi kimi tanınan içərişəhərli Mail kişi isə “kişihulğum məclislər”in birində deyib ki, sovetlər bizim milli maraq-çırağımızı söndürdü, cəddinə qurban olduğum Seyid isə oxuyanda bunların “ləmpiçkələrini” söndürür!..
Paytaxta “xəlqi diplom”la gəlmiş bu tələbə qədim şəhərin nə bədzat, nə “ustad şapalağı”ndan çəkinmədən yeniliklər edir, hər yüz qədim-qədəm addımından birini də - “əfkari-ümumiyyə”nin bəzi nümayəndələri tərəfindən nəm-nümlə qarşılansa da - novatorluqla atırdı. Məsələn, “Çahargah”ına görə onu “axırı əvvəl oxuyan!” adlandıranlar da varmış.
Amma onun milli düşüncələrindən şövqlə danışanları da az eşitməmişəm. Söyləyirdilər ki, ahıl-qocaman məclislərində camaatı Füzulinin, Nəbatinin, Seyid Əzimin qəzəllərilə heyran edən Seyid, salondakıların əksəriyyətinin gənclər olduğunu görəndə “valı dəyişir”, milli ruhlu qəzəllərdən, Vətən daşlı, yurd qeyrətli misralardan, xalqı gizlicə-işarətlicə “qalx”a səsləyən ictimai-siyasi məzmunlu şeirlərdən oxuyurdu. Ən maraqlı mətnləri, döyüşkən misraları, him-cimli qafiyələri də ki, zəngulələrinin ən qırmanc ləpələrilə çatdırırmış salonlara.
Elə günü bu günlər də qocaman muğam ifaçılarımız S.Şuşinskini hər yerdə, hər an çox sayğı ilə xatırlayırlar. Xalq artistləri Ə.Məmmədovun, C.Əkbərov, mərhum İ.Rzayev və bir çox başqalarının keçmiş günlər, muğam sənətinin tədris-təlim məsələləri barədə beş sözündən üçü Seyid fenomeni, Seyid ustadlığı, Seyid şəxsiyyəti haqda olub və yəqin ki, hələ çox olacaq. Onun müəllimliyindən isə daha çox danışır, qeyd edirlər ki, S.Şuşinski muğamın tədrisində, təlimində necə ustad cığırı açıbsa, nəhəng-nəhəng müasirləri hələ də özlərini “şəyird” hesab edir, onun möhtəşəm banilik qalasından kənara çıxa bilmirlər. Və çox maraqlıdır, Seyid Şuşinski ülgüsündən çıxan tələbələrin doxsan doqquz faizi zaman-zaman Xalq artisti fəxri adına layiq görülüb...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar