Azərbaycan
15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892-19.2.1983) anadan olub.
15 aprel 1905 - Memar, akademik Sadıq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Nizami” kinoteatrı, Bakı Musiqi Akademiyasının binası və s. tikililərin layihələşdirilməsində iştirak edib.
15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) anadan olub.
15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.
16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
16 aprel 1916 - Bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
16 aprel 1934 - Bəstəkar, Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, “Amerikalı kürəkən” və s.), simfonik əsərlər, yüzlərlə mahnı ("Oxu tar", "Dalğalar", "Bayram axşamları" və s.), teatr tamaşalarına, "Alma almaya bənzər", “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.
17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının, digər əsərlərin müəllifidir.
17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
17 aprel 1924 - Görkəmli kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rizayev (1924 - 20.12.1978) anadan olub.
17 aprel 1928 - Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 - 22.1.2008) Sabirabad rayonunda doğulub. Uzun illər Opera və Balet Teatrında çalışıb, operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
17 aprel 2006 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)” təsdiq olunub.
Dünya
15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunur. Bu günün tarixi məşhur rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə 1935-ci il aprelin 15-də Vaşinqtonda 20-dən çox ölkənin iştirakı ilə “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (Rerix paktı) imzalanması ilə bağlıdır. Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində inkişaf etdirilib.
15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.
15 aprel 1489 - Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
15 aprel 1933 - Rus yazıçısı Boris Natanoviç Struqatski (1933-2012) anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə fantastik əsərlərin müəllifidir: “Allah olmaq çətindir”, “Bazar ertəsi şənbə günü başlayır”, “Axsaq tale” və s.
15 aprel 1939 - Tanınmış italyan aktrisası Klaudiya Kardinale (Claudia Cardinale) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “Səkkiz yarım”, “Bir dəfə vəhşi Qərbdə”, “İnteryerdə ailə portreti” və s.
15 aprel 1949 - Rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə 250 milyon tirajla yayılıb.
15 aprel 1949 - Türk aktyoru Kadir İnanır anadan olub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.
16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
16 aprel 1889 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator" və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb. 16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.
17 aprel 1894 - Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 - Norveç bəstəkarı Harald Severud (1897-1992), anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
17 aprel 1923 - İngilis rejissoru, “Oskar” laureatı Lindsey Anderson (Lindsay Gordon Anderson, 1923-1994) anadan olub. Filmləri: “Cümə axşamının uşaqları”, “Bu idman dünyası”, “Ey bəxtəvər” və s.
Hazırladı: Vüqar Orxan