“Kirpi” jurnalının populyarlaşmasında Xalq rəssamı İsmayıl Axundovun mühüm xidmətləri olub
Ötən əsrin ilk onilliklərində Azərbaycanda dərc olunan satirik jurnallarda müxtəlif millətlərdən olan rəssamlar üstünlük təşkil edirdi. O.Şmerlinq, İ.Rotter, B.Telinqator, Y.Hamberq, V.Giladze və başqalarının məhsuldar fəaliyyəti sayəsində respublikamızda karikatura sənəti müəyyən inkişaf mərhələsinə çatmışdı.
Eyni zamanda Əzim Əzimzadə başda olmaqla azərbaycanlı rəssamlar da milli karikatura sənətinin təşəkkül tapmasına öz töhfələrini verirdilər. O dövrdə maraqlı əsərləri ilə diqqətçəkən karikatura və kitab qrafikası ustalarımızdan biri də Xalq rəssamı, Dövlət mükafatı laureatı İsmayıl Axundov olub.
İsmayıl Hüseyn oğlu Axundov 1907-ci il aprelin 15-də Bakının Maştağa kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əvvəlcə Pedaqoji Texnikumda, sonra Rəssamlıq Məktəbində oxuyub. Daha böyük uğurlara imza atmaq məqsədilə 1928-1932-ci illərdə Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsində ali təhsil alıb. Bakıya qayıtdıqdan sonra “Azərnəşr”də işləməyə başlayır. Çox keçmir, öz məsuliyyətli və işgüzarlığı ilə rəhbərliyin diqqətini çəkir, qrafika bölməsinə rəhbər təyin edilir.
İsmayıl Axundov bir müddət “Molla Nəsrəddin” jurnalının da fəal əməkdaşlarından olub. Rəssamın qeydlərindən bəlli olur ki, onun sənətdə daha şövqlə irəliləməsində görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin tövsiyələri rol oynayıb. Rəssam böyük ədiblə görüşü haqda yazır: “20 yaşımda adını eşidib, üzünü görmədiyim nurani-pirani sifətli, ağır yerişli Mirzə Cəlillə mənzilinin yaxınlığında rastlaşdıq. Özümdən asılı olmayaraq ona yaxınlaşdım və ehtiramla salam verdim. Adımı, soyadımı soruşdu. Kim olduğumu dedim. Sən demə, böyük sənətkar mənim əsərlərimlə tanış imiş. “Oğul, “Qız qalası üstündə göyərçinlər” əl işinə baxmışam. Sənin gələcəyinə inanıram. Mübariz, sözübütöv ol. Yadında saxla, əsl sənət riyakarlığı sevmir”, - dedi. Bu sözlər mənim sənət yoluma işıq saldı”.
1937-1940-cı illərdə Rəssamlıq Məktəbinə direktor təyin olunan İsmayıl Axundov yüksək insani keyfiyyətləri, həmkarlarına qarşı diqqətcil və qayğıkeş münasibəti ilə kollektivin rəğbətini qazanıb. Görkəmli fırça ustalarından Tağı Tağıyev, Salam Salamzadə, Vidadi Nərimanbəyov, Səttar Bəhlulzadə, Baba Əliyev, Kazım Kazımzadə yeri düşdükcə bu qayğıkeş insanın fəaliyyətindən söz açıb, onu ehtiramla yad ediblər.
Sənətkar 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı işləyib. İlk gündən müxtəlif yaradıcılıq nümunələrinin, eksponatların toplanmasına, muzeyin tərtibatına qayğı göstərib. Daha sonra Xalq artisti Adil İsgəndərovun dəvət ilə Dövlət Akademik Dram Teatrında çalışıb. Xalq yazıçısı Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasının geyim eskizlərini çəkib, Cəfər Cabbarlının “Yaşar”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Səməd Vurğunun “Vaqif” və başqa səhnə əsərlərinə bədii tərtibat verib. Təsviri sənətdə qazandığı nailiyyətlərə görə 1940-cı ildə respublikanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
1952-ci ildə rəssamın həyatında yeni bir səhifə açılır. “Molla Nəsrəddin” jurnalının satira ənənələrini davam etdirən “Kirpi” dərgisi nəşrə başlayır. Jurnalın ilk redaktoru olmuş yazıçı Əvəz Sadıq xatirələrində yazır: “İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm də düşündürürdü. Bir tipin portretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. Onun “Aya boylanan”, “Ayı oynayanda”, “Şeir yazan pişik” və s. karikaturalarını oxucular maraqla qarşılamışdılar. “Kirpi”nin tanınmasında və populyar olmasında İsmayıl Axundovun xidmətləri danılmazdır”.
Görkəmli sənətkar 1960-cı ildən yenidən Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlarla birgə çalışır. Teatrda dekorasiya sahəsinə müəyyən yeniliklər gətirir.
Respublikanın ictimai-mədəni həyatında aktiv olan rəssam eyni zamanda Moskvada keçirilən ilk kənd təsərrüfatı sərgisinin tərtibatında iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının sədri olub, Bakı Şəhər Sovetinin və respublika Ali Sovetinin deputatı seçilib.
Böyük həyat coşqunluğu ilə çalışan fırça ustası 1969-cu il sentyabrın 13-də, ömrünün müdrik, yaradıcılığının al-əlvan çağlarında vəfat edib. Xalq rəssamının yaradıcılığı sənətsevərlərin yaddaşında əbədi heykəlləşib. Zaman dayanmadan ötüb keçir. Həyatda isə hər kəsi xatırladacaq bir iz qalır. İsmayıl Axundovu tanımaq istəyənlərə onun obrazlar qalereyasını, karikaturalarını və portretlər silsiləsinə baxmaq bəs edir. Doğrudan da, sənətkar o zaman əbədiyaşar olur ki, onun izi zamanın sınaqlarından uğurla çıxır...
Savalan Fərəcov