Azərbaycan

18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Konservatoriyada dərs deyib.
18 aprel 1991 - Tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim”
və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
18 aprel 2001 - Prezident Heydər Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib, Gənclər və İdman Nazirliyinin əsasında Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə turizm sahəsinin idarəçiliyi Mədəniyyət və Turizm Nazirliyinə verilib.

19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 - 5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», «Çətin yollar boyunca», uşaqlar üçün “Lalənin kitabı», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir.

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 - 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan” (1945), "Onu bağışlamaq olarmı?" və s. filmlərin rejissorudur.
20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub.
20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında", "Natəvan" poemaları, “Xaqani" mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
20 aprel 1916 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.3.2004) anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. "Ögey ana", "Böyük dayaq", “Qanun naminə”, "Qayınana", “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
20 aprel 1920 - Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920-7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən "Gözəllər gözəli", "Aycan", "Dovşanın ad günü" və s. pyeslərin müəllifidir.
20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (31.3.1861, Şuşa -1944) vəfat edib.
20 aprel 1959 - Xalq artisti Zemfira Əli qızı Nərimanova Bakıda doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“İtkin gəlin“, “Otel otağı”) maraqlı rollar oynayıb.
21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 - 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, Moskonsertin solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.

Dünya

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.

19 aprel 1900 - İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.

20 aprel 1949 - Amerika kinoaktrisası Cessika Lenq (Jessica Lange) anadan olib. İki dəfə “Oskar” mükafatına (“Tutsi”, “Mavi səma”) layiq görülüb.

21 aprel 1816 - İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar