Qələbə - 70


1941-1945-ci illər Böyük Vətən müharibəsində elm və mədəniyyət xadimləri tez-tez döyüşən orduda və arxa cəbhədə olur, döyüşçülər və əməkçilər qarşısında çıxış edir, onları ruhlandırırdılar. Bu baxımdan Xalq şairi Səməd Vurğunun müharibə dövründə həm əməli fəaliyyəti, həm də bədii yaradıcılığı xüsusi qeyd edilməlidir.

Səməd Vurğunla birlikdə dəfələrlə ön cəbhədə olmuş Xalq şairi Rəsul Rzanın xatirələrindən: «Əsasən azərbaycanlılardan ibarət olan hərbi hissələrdə keçirdiyimiz bütün görüşlərin mərkəzində Səməd dururdu. Onu hər yerdə tanıyırdılar (bu, heç də asan deyildi, çünki hamımız qulaqlı papaq, sırıqlı gödəkcə, uzunboğaz çəkmə geymişdik, günlərlə üzümüzü qırxa bilmirdik, bir sözlə, çox ala-bəzək görkəmimiz vardı), «Şairimizə eşq olsun! Vurğuna salam!» sözləri ilə salamlayırdılar.
Səməd çıxışına adətən şeirlə başlamırdı. O, ən adi şeylər - ailə, qeyrət haqqında danışır, yeri gəldikcə Azərbaycanın şəhər və kəndlərində xalqın necə yaşadığından, cəbhəyə necə kömək etdiyindən söhbət açırdı. O, söhbətinin həyəcanını, gərginliyini getdikcə artırır, Azərbaycan xalqının zəngin qəhrəmanlıq tarixindən misallar gətirir, onun dostluğa sədaqəti, beynəlmiləlçilik ənənələri haqqında danışırdı... Səmədin çıxışları hər yerdə əsgərlər arasında böyük ruh yüksəkliyi doğururdu».
Xüsusi olaraq qeyd edək ki, həmin illərdə Səməd Vurğunun şeirləri ilə yanaşı məqalələri, mitinq və yığıncaqlardakı çıxışları da geniş yayılmışdı. Onun 1941-ci ilin iyul ayında Ümumbakı ziyalılarının mitinqində çıxışı, 1942-ci ilin fevralında Ümumittifaq radiosu ilə «Koroğlu nəsillərinə bizim salamımız» və noyabr ayında Moskvada ədəbiyyat və incəsənət xadimlərinin mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışları, «Taqanroq qəhrəmanlarına eşq olsun», «Müharibə və poeziya», «Faşizmin dəhşətləri», «Müharibə dövrü Azərbaycan yazıçılarının fəaliyyəti haqqında» və s. çıxışlarında milli qürur və qələbəyə inam hissləri ifadə edilmişdir.
Mənbələrdən məlum olur ki, xalqın tanınmış nümayəndələrinin döyüşçülərlə görüşləri ruh yüksəkliyinə səbəb olur, qələbəyə inam, düşmənə nifrət və intiqam hissləri aşılayırdı. Leninqrad şəhərinin faşistlər tərəfindən alınması barədə şayiələr yayılan zaman görkəmli şair və yazıçı Nikolay Tixonovun radio ilə çıxışını eşidən bir partizan demişdir: «Əgər Tixonov radio ilə çıxış edirsə, deməli, o, Leninqradda, öz vəzifəsi başındadır. O, Leninqraddadırsa, deməli, şəhər möhkəm dayanmışdır».
Səməd Vurğunun döyüşçülərlə görüşləri, müxtəlif çıxışları, o cümlədən radio ilə çıxışları da əsgər və zabitlərə bu cür təsir bağışlayırdı. Bunu şairin şəxsi arxivində rast gəldiyimiz çoxsaylı cəbhə məktubları da sübut edir.
O vaxtlar cəbhə qəzetində işləyən, sonralar tanınmış ədəbiyyatşünas, Azərbaycan Respublikası EA-nın müxbir üzvü Abbas Zamanov şairə göndərdiyi məktubunda yazırdı: «İstiqbal təranəsi» şeirin dərc edilən qəzetimizi və növbəti nömrəmizi göndərirəm. Bundan sonra bütün nömrələrimizi müntəzəm surətdə alacaqsan. Bizi unutma, vaxt tapdıqca, qəzetimizə şeir göndər, döyüşçülərimiz öz şairini oxumaq istəyirlər. Sənin şeirin çap olunan nömrəmiz hissələrdə dərhal yayılır...»
Bir qrup döyüşçü belə yazır: «Əziz və hörmətli şairimiz Səməd Vurğun! Sizin radio ilə çıxışınızı səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə bil ki, üzərimizə canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçülərimiz hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, «ura» səsləri göyə yüksəldi...»
Qvardiya serjantı Həbib Quliyevin məktubunda oxuyuruq: «...Sizin döyüşçülər haqqında çıxışlarınızı və şeirlərinizi xüsusi bir həvəslə oxuyuram. Bunlar bizim döyüşçüləri ruhlandırır. Mən döyüşdə düşmənin dörd tankını sıradan çıxardım. Məni mükafata təqdim etdilər...»
Döyüşçü Abuzər Hüseynov məktubunda şairin cəbhə ilə əlaqələrini və ayrı-ayrı döyüşçülərə qayğısını əks etdirir. Cəbhəçi yazır: «... Sizin göndərdiyiniz sovqatı və məktubu aldım. Bunlar mənim üçün son dərəcə qiymətlidir. Mən Sizin məktubdan ruhlanaraq müqəddəs Vətənimizin müdafiəsi işində daha da cəsarətli və mərd olmağa söz verirəm... İnsan simasını itirmiş mənfur düşmənə qarşı gecə-gündüz əlimdə hazır tutduğum ən yaxın dostumla-silahımla son nəfəsimə qədər mübarizə aparacağam».
Şairin həmin illərdə arxa cəbhədə əməli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Cəbhəçi ailələrinin taleyi və dolanacağı onu düşündürür və o bu ailələrə həmişə öz kömək əlini uzadırdı.
Şairin qardaşı Mehdixan Vəkilovun yazdıqlarından: «Səməd Vurğun Böyük Vətən müharibəsi illərində öz şəxsi qazancının mühüm bir hissəsini, bəzən mükafat aldığı böyük məbləği ölkənin «müdafiə fondu»na verir və ehtiyacı olan əsgər ailələrinə paylayırdı. Şair mümkün qədər hamıya kömək göstərməyə çalışırdı... Səməd Vurğunun 1942-1943-cü illərdə Qazax və Ağstafa rayonlarının kəndlərini bir-bir gəzdiyini, tank və təyyarə fondlarına pul toplamaq kampaniyası apardığını və döyüşçü ailələrinin vəziyyətilə şəxsən tanış olduğunu və bəzi ailələrə maddi yardım göstərdiyini yaxşı xatırlayıram».
Döyüşçü Mustafa Hüseynovun məktubunda xeyirxah şairə minnətdarlıq ifadə olunur: «Sevimli Səməd Vurğun, bu günlərdə öz oğlumdan məktub aldım ki, Siz bizim kəndə gedibsiniz və bizim vəziyyətimizlə maraqlanıb, ailəmizlə görüşübsünüz... Bu bizim üçün böyük şərəfdir. Çox sağ olun, arxa cəbhədə Sizin kimi dostların varlığı bizim üçün çox əhəmiyyətli və çox qiymətlidir».
Müharibə illərində radionun imkanlarından səmərəli istifadə olunması qələbəyə öz təsirini göstərmişdir. O illərdə xüsusilə Moskva radiosu, buradan səslənən ayrı-ayrı verilişlər, məlumat bürosunun xəbərləri ümid və həyəcanla qarşılanmış, səfərbərlik və birlik rəmzinə çevrilmişdi.
Həmin illərdə Moskva radiosunun hazırladığı ədəbi verilişlər də xüsusi maraq doğurmuş, böyük təsir qüvvəsinə malik olmuşdur. Bu verilişlər sınaq illərində ədəbiyyatın həyatla əlaqəsini əks etdirmiş, ədəbiyyat xadimlərinin öz üzərlərinə düşən vəzifələri şərəfinə yerinə yetirdiklərini göstərmişlər. 12-15 dəqiqəlik ədəbi radio verilişlərində imkan daxilində müəlliflərin özləri iştirak etmişlər. Veriliş bəzi hallarda bütöv bir əsərdən - oçerk, hekayə və ya yazıçının dinləyicilərə müraciətindən ibarət olmuşdur. Moskva radiosunun müharibə illərində hazırladığı ədəbi verilişlərdə A.Tolstoy, F.Qladkov, P.Antokolski, V.Lebedev-Kumaç, V.Katayev, A.Surkov, K.Simonov, V.Kojevnikov, P.Brovka, S.Marşak, İ.Erenburq və bir çox başqa məşhur söz ustaları öz şeir və hekayələrini, oçerk və reportajlarını oxumuşlar.
Səməd Vurğun Moskva radiosu ilə müharibənin ən ağır günlərində - 1942-ci il fevralın 12-də çıxış etmişdir. Onun çıxışı «Koroğlu» nəsillərinə bizim salamımız» adlanırdı. Bu, şairin öz həmyerlilərinə - azərbaycanlı döyüşçülərə müraciətidir.
Səməd Vurğun öz müraciətində Azərbaycan xalqının qəhrəman keçmişindən, şanlı döyüş ənənələrindən söhbət açır. Şair xatırladır ki, Azərbaycan döyüşçüsü dünyanın ən şanlı sərkərdələrindən birinin - Babəkin nəslindən olduğunu heç vaxt unutmur; o həmin Babəkdir ki, ərəb işğalçılarına qarşı 25 il mübarizə aparmış və dəfələrlə düşmən qoşunlarını Arazın və Kürün sularına qərq etmişdir. Şair arzu edir ki, bu gün Babəkin obrazı, mətin iradəsi və yenilməz döyüşçü xarakteri yenidən döyüşçülərimizin qarşısında canlansın.
Şair Koroğludan danışanda onun xalqımızın canına və qanına hopmuş belə bir özünəməxsus cəhətini xatırladır ki, qoç Koroğlu qeyri-adi gücə malik olduğuna baxmayaraq, döyüş dostluğunu yüksək qiymətləndirmiş və öz döyüşçülərinə hədsiz sevgi bəsləmişdir. Onlardan biri itkin düşəndə Koroğlu gecələri yatmaz, yeməz və içməz, döyüşçü dostu üçün göz yaşı axıdardı. Düşmən əlinə keçmiş döyüşçünü xilas etməyincə sakitləşməzdi. Səməd Vurğun əfsanəvi Misri qılıncı yada salır, Koroğlunun döyüşçüləri igidliyə, birliyə, dostluğa səsləyən qoşmalarından nümunələr söyləyir.
Çıxışın əsas cəhətlərindən biri Azərbaycan xalqının keçmişinin konkret zamanla əlaqələndirilməsidir. Şair döyüşçülərə müraciət edərək deyirdi: «Siz öz analarınızın, arvad-uşaqlarınızın həyatını və namusunu faşist quldurlarından və vəhşilərindən qoruyursunuz. Siz bizim qədim milli mədəniyyət abidələrimizi qoruyursunuz. Siz dünya ədəbiyyatı tarixində bədii fikrin dahi ustadlarından birinin - Nizaminin məqbərəsini qoruyursunuz. Siz insan gözəlliyinin misilsiz nəğməkarı Vaqifin nəğmələrini qoruyursunuz».
Səməd Vurğunun müharibə dövrü fəaliyyətinin araşdırılması göstərir ki, o həmin illərdə həm şair, həm ictimai xadim, həm də vətəndaş kimi öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlmişdir. Rus yazıçısı, müharibə illərində «İzvestiya» qəzetinin hərbi müxbiri olmuş Arkadi Perventsev çox haqlı olaraq belə yazmışdır: «Müharibə illərində Səməd Vurğun bir çox vətənpərvərlik ruhlu şeirlər yazmışdır. Onun ilham pərisinin əlində o vaxt nə saz var idi, nə ney. Vurğunun düşmənə nifrətlə, dosta məhəbbətlə dolu olan, əsgər ürəyinin tellərini titrədən şeirləri bizə haqq verir ki, onu Böyük Vətən müharibəsinin qəhrəmanlarından biri adlandıraq».
Yuxarıda göstərdiklərimiz onu da deməyə haqq verir ki, Səməd Vurğun Böyük Vətən müharibəsi illərində yalnız bədii yaradıcılığı ilə deyil, əməli fəaliyyəti ilə də bu şərəfli adı mənən qazanmışdır.
Şairin faşizmə qarşı aparılan müharibədə xalqımızın mütləq qələbə çalacağını elan edən, yüksək vətənpərvərlik duyğuları aşılayan, faşizmin mahiyyətini, faşistlərin məqsədini açıqlayan çıxışları və şeirləri bu gün də əhəmiyyətlidir. Şairin həmin illərdəki əməli fəaliyyəti və bədii yaradıcılığı isə qələm sahiblərimiz üçün örnəkdir.

Adilxan Bayramov,
filologiya elmləri doktoru