Prezident İlham Əliyev: “Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir”
   
   Noyabrın 16-da Oğuz rayonuna səfər edən prezident İlham Əliyev bir sıra mədəniyyət və istirahət obyektlərinin açılışında iştirak etmişdir.
   
   Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezidentə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.
   Sonra prezident Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülüb.
   Tikintisi 2008-ci ildə başlanan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda örtülü kölgəliklər, hovuzlar, fəvvarələr, uşaq əyləncə meydançası qurulmuşdur. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar var.
   Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verildi. Meydanın inşasına 2011-ci ilin avqustunda başlanılmışdır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metrdir. Ətrafda ərazisi 200 kvadratmetr olan təbii qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş sahə, 500 kvadratmetr yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Bundan başqa, meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə abadlıq işləri aparılmış, yollar genişləndirilmişdir.
   
   Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcək
   
   Dövlət başçısı parkda Oğuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
   Son illər Oğuzda geniş quruculuq-abadlıq işləri aparıldığını deyən prezident yeni parkın da rayon mərkəzinə xüsusi gözəllik verdiyini vurğuladı: “Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər”.
   Prezident qeyd etdi ki, Oğuz rayonunda kənd təsərrüfatı və turizm sektorunun inkişafı üçün geniş imkanlar var: “Bütövlükdə Oğuz rayonunun gələcəkdə inkişafı kənd təsərrüfatı və turizmin inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir. Turizmə gəldikdə, artıq ilkin addımlar atılmaqdadır. Keçən dəfə burada olarkən yeni hotelin açılışını qeyd etmişik. İndi hotel işləyir. Turistlərin sayı artmalıdır. Həm daxili turizm inkişaf etməlidir, həm də xaricdən turistlər daha da çox gəlməlidir. Bunu etmək üçün imkanlar vardır. Dünya Turizm Təşkilatının baş direktoru Bakıda idi. Biz onunla görüşdük və Azərbaycanın turizm potensialı dünyada artıq böyük diqqətlə qeyd edilir. Əlbəttə, müxtəlif bölgələrdə müxtəlif turizm imkanlarımız var. Amma bu bölgənin özünə xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi var ki, bax biz bu nemətlərdən istifadə etməliyik. Mən ümid edirəm ki, gələcək illərdə Oğuz Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəkdir. İndi bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri icra edilir, yol çəkilir. Bakıdan Oğuza çəkilən yol, - demək olar ki, onun böyük hissəsi indi hazırdır, - Balakənə qədər davam edəcəkdir. Yol olan yerdə inkişaf da olur.
   Qəbələdə Beynəlxalq aeroportun açılışı gözlənilir. Bu da başqa ölkələrdən bu bölgəyə turistlərin birbaşa gəlişi üçün şərait yaradacaqdır, dəmiryolu işləyir. Yəni, bildiyiniz kimi, Oğuz rayonu əhali nöqteyi-nəzərdən böyük rayon deyildir. Ancaq potensialı kifayət qədər böyükdür. Biz rayonun potensialından maksimum dərəcədə istifadə etməliyik”.
   Dövlət başçısı qeyd etdi ki, ölkənin bütün bölgələrinin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir: “Bildiyiniz kimi, hər bir bölgə üçün xüsusi proqram hazırlanıb və icra edilir. Rayonların inkişafı üçün vaxtaşırı əlavə vəsait ayrılır. Mən bütün bölgələrdə olarkən vəziyyətlə tanış oluram. Bu, həm nəzarətdir, həm də gələcək üçün atılacaq addımların, necə deyərlər, hazırlanma mexanizmidir. Ölkə daxilində gedən proseslər, hər bir bölgədə görülən işlər də göz qabağındadır. Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir”.
   
   Qəhrəmanlar parkının açılışı

   
   Prezident İlham Əliyev Oğuz rayonuna səfəri çərçivəsində Qəhrəmanlar parkının açılışında da iştirak etmişdir. Tikintisinə 2011-ci ilin iyulunda başlanılan Qəhrəmanlar parkı 8,4 min kvadratmetr ərazini əhatə edir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, beş min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada “Veteran” kafesi də yaradılmışdır. Qəhrəmanlar parkında quraşdırılan fəvvarələrin kənarları təbii qranitlə üzlənmişdir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.