Cəmşid Naxçıvanski - 120


General-mayor Cəmşid Naxçıvanski Naxçıvan xanlarının nəslindən, Cəfərqulu xanın üç oğlundan biri, Kəngərlilər soyundan yetişən beş generalın varisi kimi şöhrətə mənsub idi. Hərbçi kimi üç fərqli zamanda - çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ dövründə fəaliyyət göstərmək taleyinə yazılmışdı.

Prezident İlham Əliyevin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli sərəncamında şərəfli döyüş yolu keçən bacarıqlı sərkərdənin Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verdiyi qeyd olunur. Onun ölkədə yüksəkixtisaslı hərbçi kadrların hazırlığı sahəsində zəngin fəaliyyəti yüksək qiymətləndirilir.

Babaların yolu ilə

Cəmşid Naxçıvanski 1895-ci il avqustun 23-də Naxçıvanda dünyaya göz açıb. Anası Fərəntac xanımdan ana dilində yazmağı, dayəsi Anna Nikolayevnadan isə rus və fransız dilində danışmağı öyrənmişdi. Onun mənsub olduğu məşhur Kəngərli tayfası tarix boyu igidliyi və qəhrəmanlıqları ilə tanınıb. Cəmşidin də hərbçi kimi yetişməsində mənsub olduğu ailənin, nəslin bilavasitə rolu olub. Belə ki, çar Rusiyası istila etdikləri xalqları, xüsusilə də müsəlmanları hərb işindən uzaq tutmağa çalışırdı. Lakin əsilzadə, bəy və xan nəslindən olan şəxsləri hərbi xidmətə qəbul edirdilər. Bu həm də zadəgan nəslinin çara etimadının bir nümayişi idi...
Cəmşid də babalarının yolu ilə gedərək hərbçi peşəsinə yiyələnir. Araşdırmaçılar onun keçdiyi hərb yolunu üç mərhələyə ayırırlar. Birinci mərhələ çar Rusiyasında hərbi xidmətlə başlayır. İlk hərbi təhsilini Tiflisdə alan Cəmşid 1914-cü ildə kadet korpusunda (zadəgan övladları üçün hərbi məktəb) yeddiillik təhsilini başa vurur. Elə həmin il Qərbi Ukraynanın Yelizavetqrad şəhərində Süvari Hərbi Məktəbinə daxil olur. Artıq I Dünya müharibəsi başlanmışdı. Cəmşid 1 sentyabr 1914-cü il tarixdən Rusiya imperiyasının ordusunda hərbi xidmətə başlayır. Bu zaman Qafqaz yerli süvari diviziyası üçün zabitlərdən ibarət altı ehtiyat yüzlüklər (sotnyalar) yaradılırdı. 1915-ci ilin mart ayında tatar (azərbaycanlı) süvari polkunda həqiqi hərbi xidmətə başlayır. Arxiv sənədlərindən məlum olur ki, bu dövrdə Cəmşidin hərbi fəaliyyəti əsasən süvari alayı ilə bağlı olub.
Cəmşid Naxçıvanski ilk dəfə I Dünya müharibəsində ad-san qazanıb. Hərbi araşdırmaçı, yazıçı-jurnalist Şəmistan Nəzirli “Azərbaycan generalları” kitabında yazır: “O, (Cəmşid Naxçıvanski - red.) “Brusilov cəbhəsi”nin yarılmasında igidlik göstərərək “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdu. Avstriya və Rumıniya cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari zabiti kimi gümüş silahla təltif edilmiş və ikinci, üçüncü, dördüncü dərəcəli Anna, ikinci, üçüncü dərəcəli Stanislav ordenləri ilə mükafatlandırılmışdı”.
Bu döyüşlərdə tatar süvari alayı misilsiz şücaətlər göstərdiyinə görə xüsusi döyüş bayrağı ilə mükafatlandırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinə xidmət

AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Azərbaycanın ilk milli atıcı diviziyasının yaradıcısı general-mayor Cəmşid xan Kəngərli - Naxçıvanski” adlı məqaləsində tanınmış hərbi xadimin döyüş yoluna nəzər salır: “1917-ci ilin sentyabr ayında general Kornilovun uğursuz yürüşündən sonra tatar alayı da Qafqaza qayıtmalı olur. Qəhrəman süvari döyüşçü Cəmşid xan Naxçıvanskinin hərbi fəaliyyətinin ikinci mərhələsi başlayır. Bu zaman Cəmşid xan tatar alayı ilə birlikdə Gəncə şəhərinə gəlir. 1918-ci ildə o, bolşeviklərə qarşı vuruşur. Qeyd edək ki, Cəmşid xanın alayı Bakının işğalçılardan azad edilməsində böyük hünər göstərir. Həmin ilin 30 iyulunda Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin əmri ilə rotmistr Cəmşid xan Naxçıvanskiyə podpolkovnik rütbəsi verilir və o, birinci tatar süvari polkunun köməkçisi vəzifəsinə təyin olunur”.
O, 1918-ci ilin sentyabrında türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsi və Azərbaycanın müstəqilliyi uğrunda vuruşur. Hərbi Nazirliyin 24 mart 1920-ci il tarixli əmrinə əsasən, II Qarabağ süvari polkunun komandiri təyin edilir. Ona Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək tapşırılır. Cəmşid Naxçıvanski bu tapşırığın öhdəsindən uğurla gəlir. Aprelin 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyir.

İlk milli atıcı diviziya

28 aprel 1920-ci ildə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoyulur. Cəmşid Naxçıvanski Nəriman Nərimanovun məsləhəti ilə özünün alayı ilə birlikdə bolşevik hökumətinin tərəfinə keçərək onlarla birlikdə xidmət etməyə razı olur. Onun alayının adı dəyişdirilərək “Birinci fəhlə-kəndli süvari polku” adlanır. Bununla da onun fəaliyyətinin üçüncü dövrü başlayır. O, 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradır və həmin diviziyaya komandir təyin olunur.
Cəmşid Naxçıvanski yüksək təşkilatçılıq bacarığı ilə həmişə diqqətləri cəlb edib. Musa Quliyev yazır ki, xidmət etdiyi illərdə onu fəxri silahla və qızıl saatla, “Qırmızı əmək bayrağı” (29 oktyabr 1930-cu il) və “Qızıl ulduz” ordenləri ilə təltif ediblər: “Cəmşid xan Bakı Sovetinin Mərkəzi İcraiyyə Komitəsinin və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Amma onu Kommunist Partiyasına üzv qəbul etməyiblər, çünki zadəgan oğlu idi”.

Repressiya qurbanı

Artıq 30-cu illərdə Cəmşid Naxçıvanskinin adının qarşısında “xan” titulu yazılmırdı. O da xalqımızın digər öndə gedən insanları kimi gizli əksinqilabi təşkilatlara üzv olmaqda, dövlət əleyhinə təbliğatlarda günahlandırılırdı. Repressiya dalğası 1935-ci ildə general-mayor hərbi rütbəsi alan Cəmşid Naxçıvanskinin də taleyindən yan keçmir. 20 may 1938-ci ildə o, həbs olunur və avqustun 26-da güllələnir.
Şəmistan Nəzirli “Azərbaycan generalları” kitabında yazır ki, Cəmşid Naxçıvanski ömrünün ən qaynar çağında otuzuncu illərin haqsız qurbanlarından biri olub: “Günahı da bu idi ki, qardaşı Davud və Kəlbalı İranda şah qvardiyasında xidmət edir. Guya Cəmşid xan da başçılıq etdiyi “casus-təxribatçı dəstəsi” ilə sıx əlaqə saxlayır. Azərbaycanda şura hökuməti yarananda hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana getdilər. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə aldılar. Lakin otuzuncu illərdə şahənşah Davud və Kəlbalı qardaşlarına inamı itirdi. Səbəbi də ondan ibarət idi ki, onların qardaşı Cəmşid xan Naxçıvanski Qızıl orduda briqada komandiridir. Axı vaxtilə onların ata babaları rus qoşunlarını Naxçıvana çağırmışdı, İran ordusuna qarşı vuruşmuşdu. Görünür, şahənşaha bu məlumat da çatdırılıbmış... Ona görə də şahənşah onları güllələtdirir. Bu tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs edilib güllələnəndə artıq dörd il əvvəl qardaşları İranda qətlə yetirilmişdi...”
Vaxtilə Cəmşid Naxçıvanskinin tərbiyə edib yetişdirdiyi müdavimləri S.Biryuzov, A.A.Qreçko, P.F.Batisti marşal rütbəsinə çatdılar. Özü məhvə məhkum edildi. Lakin mənbələrdə qeyd olunur ki, o, istintaqda heç bir yalanı boynuna almayıb, günahsız olduğunu deyərək xalqının və nüfuzlu nəslinin adını ləkələməyib.
Stalinin ölümündən sonra, 1956-cı ildə, digər repressiya qurbanları kimi, ona da bəraət verilir. Bakıda və doğulduğu Naxçıvan şəhərində adı əbədiləşdirilir. Bakıda 1971-ci ildə onun adını daşıyan hərbi lisey fəaliyyətə başlayır. Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün ölkəmizdə hərbçi kadrların hazırlanmasında mühüm rol oynayır. Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi yaradılıb. Paytaxtın küçələrindən biri generalın adını daşıyır.

Fariz Hüseynov