Azərbaycan

1 may 1901 - Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.
1 may 1910 - Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910 - 1992) Şuşada doğulub. Operalarda ("Leyli və Məcnun", “Aşıq Qərib" və s.) əsas partiyalarda çıxış edib.
1 may 1929 - Əməkdar jurnalist Sona Bağırova (1929-2001) anadan olub. Uzun illər “Azərbaycan gəncləri” qəzetində çalışıb.
1 may 1934 - Yazıçı, dramaturq, ssenarist İsi Abbas oğlu Məlikzadə (1934 - 12.5. 1995) Ağcabədi rayonunda anadan olub. “Həsrətin sonu”, “Özgə anası”, “Kövrək qanadlar”, “Küçələrə su səpmişəm”, “Günəşli payız”, “Dədə palıd” və s. kitabların, “Kişi sözü”, “Gümüşgöl əfsanəsi” filmlərinin ssenari müəllifidir. “Qatarda” hekayəsi əsasında məşhur teletamaşa lentə alınıb.
1 may 1936 - Tanınmış dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. Azərbaycan ədəbi dilinin tarixi, türkologiya üzrə əsərlərin müəllifidir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Türkiyə Cümhuriyyəti Dil, Tarix, Kültür Qurumunun fəxri üzvüdür.
1 may 1938 - Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru Ataxan Əvəz oğlu Paşayev Naxçıvan MR Culfa rayonunun Başkənd kəndində anadan olub. Milli Arxiv İdarəsinin rəisidir.
1 may 1941 - Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s.
1 may 1940 - Xalq artisti, tanınmış müğənni, bəstəkar Niyaməddin Musayev İmişlidə doğulub. 1968-ci ildə respublika muğam festivalının qalibi olub. "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir.
1 may 1950 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 - 1950) vəfat edib. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1 may 1959 - Xalq artisti Firəngiz Bəhər qızı Mütəllimova Ağcabədi rayonunda doğulub. Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında ("Səni axtarıram", "Evləri köndələn yar"), filmlərdə ("Qaçaq Nəbi", "Bəyin oğurlanması" və s.) yaddaqalan obrazlar yaradıb.

2 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistentidir.
2 may 1920 - Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1920 - 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, 1956-cı ildən Akademik Dram Teatrında çıxış edib. Filmləri: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə”, “Uşaqlığın son gecəsi” və s.
2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
2 may 1939 - Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov anadan olub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir.

3 may 1857 - Yazıçı, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrımızın əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir.
3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 - 23.4.2008) Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb. «Atayevlər ailəsi», «Alov» teletamaşalarında, “İstintaq davam edir”, «Dağlarda döyüş», «Nəsimi» və s. filmlərdə çəkilib.
3 may 1940 - Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov anadan olub. Qazax Dram Teatrında, Mingəçevir Dram Teatrında işləyib.
3 may 1957 - Bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. İnstrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Sənədli və qısametrajlı filmlərə musiqi yazıb.

4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.

Dünya

1 may dünyanın bir çox ölkələrində “Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü” kimi qeyd olunur. 1889-cu ildə II İnternasionalın Paris konfransının qərarı ilə təsis edilib.
1 may 1881 - Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin, 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
1 may 1924 - Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
1 may 1924 - Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.

2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.
2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.
2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
2 may 1911 - Tacik Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.

3 may “Beynəlxalq söz və mətbuat azadlığı günü”dür (World Press Freedom Day). 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
3 may 1910 - Rus şairəsi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

4 may 1770 - Fransız rəssamı Frasua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında (“Amur və Psixeya”, Napoleonun portretləri) işləyib.
4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), «Hərb və sülh» (Nataşa Rostova) və s.


Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar