Əsrarəngiz təbiəti, səfalı havası, zəngin mədəni irsi ilə bir dəfə görənlərin yaddaşından bir daha silinməyən qədim Azərbaycan şəhəri Şuşa. Buradan kimlər gəlib keçməyib - dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Şuşa Azərbaycan musiqisinin beşiyidir. XX əsrin əvvəllərində onu “Qafqazın konservatoriyası” adlandırırdılar. Rus şairi Sergey Yesenin 1925-ci ildə Bakıda Şuşanın unudulmaz səslərindən olan Cabbar Qaryağdını dinlədikdən sonra heyrətini belə ifadə etmişdi: “Əbəs yerə demirlər ki, əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

23 il Şuşasız...

Təəssüf olsun ki, bu baharı da Şuşasız, xarıbülbülsüz yola salırıq. Artıq o həsrətli günlərin başlanmasından, Şuşanın işğal edilməsindən 23 il ötür. Bu həsrəti, Şuşasız olmanın acısını yaşamaq hər bir azərbaycanlı üçün ağırdır. Şuşalılar üçün isə qat-qat ağırdır. İşğaldan sonra Şuşanın bir sıra mədəniyyət müəssisələri, kitabxanalar, muzey, rəsm qalereyası və musiqi məktəbləri Bakıda fəaliyyət göstərir.
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov qeyd edir ki, şuşalılar rayonun mədəni həyatını qismən də olsa Bakıda yaşada bildiklərinə görə təsəlli tapırlar: “Şuşa Azərbaycana söz və muğam ustaları, mədəniyyət xadimləri, bəstəkarlar musiqiçilər bəxş edib. Şuşanın işğalı ilə mədəniyyətimizə, bu şəhərlə bağlı zəngin irsimizə olduqca ağır zərbə vuruldu. Şuşada çoxlu sayda tarixi-mədəni abidələrimiz, mədəniyyət ocaqlarımız məhv edildi. Həmin vaxt Xalça Muzeyinin Şuşa filialında saxlanılan 300-ə yaxın nadir xalçanı böyük çətinliklə şəhərdən çıxarıb Bakıya gətirdik və muzeyə təhvil verdik”.
Zahid Abbasov bildirir ki, köçkünlük şəraitində şəhərin mədəniyyət qurumları fəaliyyətini davam etdirir. Bu gün başlıca vəzifəmiz doğma şəhərin mədəniyyətini qorumaq, yaşatmaq, təbliğ etmək, dünyaya tanıtmaqdır: “Hazırda 7 uşaq musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, rəsm qalereyası, 3 mədəniyyət evi, 20 kitabxana, 2 klub, 1 mərkəzləşmiş kitabxana sistemi və onun 12 filialı fəaliyyət göstərir. Bundan sonra da var gücümüzlə çalışacağıq ki, Şuşanın mədəni irsi qorunub saxlanılsın”.
Şuşalı incəsənət ustaları, yaradıcı gənclər Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün festival və müsabiqələrdə, həmçinin beynəlxalq mədəni tədbirlərdə layiqincə iştirak edirlər. Mütəmadi olaraq Şuşa şəhərinin tarixi abidələrini əks etdirən rəsmlərin sərgiləri təşkil olunur: “Şuşa Şəhər Dövlət Rəsm Qalereyası öz fəaliyyətini davam etdirir. Qalereyada rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş olunur. Şuşanın elə bir dağı, mənzərəsi, məhəlləsi, yaylağı yoxdur ki, biz onun rəsmini işləməyək. Şuşadan olan azyaşlı uşaqlar arasında ənənəvi olaraq “Mən Şuşanı necə təsəvvür edirəm” adlı rəsm müsabiqəsi keçiririk. Eyni zamanda beynəlxalq arenada öz qədim şəhərimizi tanıtmaq, təbliğ etmək üçün böyük səy göstəririk. Bu yaxınlarda “Təbəssüm” rəqs qrupu Gürcüstanda 10 ölkənin iştirakı ilə keçirilən müsabiqədə birinci yeri qazanıb. Ötən il Macarıstanda keçirilən folklor festivalında iştirak etdik. Dünyanın müxtəlif ölkələrinin qatıldığı bu tədbirdə uğurla çıxış edərək fəxri fərman aldıq. Həmçinin İtaliyada, Roma konservatoriyasında olduq. O yerdəki, bizim dahi Bülbül təhsil almışdı. Bu dəfə isə həmin səhnədə yeni nəsil şuşalılar çıxış edirdi. Romada Şuşanın tarixi, mədəniyyəti haqqında sərgi keçirtdik. Bizim ifaçılara və sərgiyə böyük maraq var idi”.
Müsahibim deyir ki, Şuşa şəhərinin tarixi, mədəniyyəti, arxitekturası, incəsənəti və musiqisinə dair 19 kitabı işıq üzü görüb: “Bu kitablarda çalışmışam ki, Şuşa mədəniyyətinin bütün sahələrini əhatə edərək, onu dünyaya çatdırım. Şuşa haqqında nə qədər danışılsa, yazılsa, yenə azdır. Bizim gənclərimiz tarixi torpaqlarımızı dərindən tanımalıdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Biz buna inanırıq”.
Onu da qeyd edək ki, Zahid Abbasov mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə TÜRKSOY-un xüsusi medalına layiq görülüb. Medal aprelin 24-də Bakıda keçirilən mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov tərəfindən təqdim olunub.
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin incəsənət kollektivləri iyun ayında keçiriləcək I Avropa Oyunlarına da hazırlaşırlar. Oyunların mədəni tədbirlərində “Nağaraçılar” və “Təbəssüm” rəqs qrupu iştirak edəcək. Eyni zamanda Şuşa teatrının kollektivi şəhərin tarixinə həsr olunmuş tamaşa nümayiş etdirəcək.

Azərbaycan musiqisinin beşiyi

Şuşa şəhərinin tarixi qədim dövrlərə gedib çıxır. Məşhur Şuşa qalasının əsası isə 1750-ci ildə birinci Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu il Şuşa qalasının tikilməsinin 265 illiyi tamam olur. Yubileyi münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Zahid Abbasov qeyd edir ki, Pənahəli xan mədəniyyətə, şəhərsalma işlərinə böyük diqqət göstərib: “Onun sarayında dövrünün tanınmış insanları xidmət göstərib. Ərdəbil şəhərindən Şuşaya gəlmiş memar Kərbəlayi Səfixan Qarabaği buradakı tarixi binaların, yolların salınmasında iştirak edib. Şuşada yollar bülöv daşlardan salınırdı. Bu minvalla Şuşada 17 məhəllə salınmışdı. Hər məhəllənin öz hamamı, məscidi, bulağı, təndirxanası var idi. Şuşa XIX əsrin II yarısından böyük musiqi mərkəzinə çevrilmişdi. Öz məlahətli səsləri və böyük sənətləri ilə tanınan xanəndələrdən Hacı Hüsü, Məşədi İsi, Keştazlı Həşim, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov və bir çox başqaları Şuşanın yetirdiyi məşhur sənətkarlardır. Şuşada xanəndəlik sənəti ilə əlaqədar olaraq gözəl tar, kamança ifaçıları da yetişib. Bu musiqiçilərdən böyük tarzən Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqaları ifaçılıq məharəti ilə öz möhürlərini vurmuşlar”.
Şuşa Azərbaycanın bir çox görkəmli bəstəkarlarının da vətənidir. Qədim şəhər Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov kimi sənətkarları Azərbaycan mədəniyyətinə bəxş edib.
XIX əsr Şuşada ədəbi mühitin də qızıl dövrü olub. Böyük şairə, rəssam Xurşudbanu Natəvan, rəssam, tarixçi, şair Mir Möhsün Nəvvab, XIX əsrin sonu -XX əsrin əvvəlində Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı-dramaturqlar yetişib. Şuşa mühitində formalaşan parlaq şəxsiyyətlər Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafında öz imzalarını qoyaraq, ona dünya şöhrəti gətirmişlər.
Şuşa tarixi tikililəri, memarlıq nümunələri, istirahət mərkəzləri ilə mühüm turizm zonası kimi də məşhur idi. Buradakı kurort və sanatoriyalara dünyanın müxtəlif ölkələrindən turistlər gəlirdi. 1992-ci ilin 8 mayından Azərbaycanın bu dilbər guşəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 23 ildir Şuşanın dağlarından bizə nisgil yaşadan duman-çən əskik olmur. Şuşalılar doğma elindən-obasından didərgin düşərək respublikanın 50-dək şəhər və rayonunda məskunlaşıb. Amma illər ötsə də, vətən dərdi, yurd nisgili sağalmaz. Şuşalılar da doğma yurd-yuvalarına dönəcəklərinə, dahilər yetişdirmiş şəhərin öz ruhunun özünə qayıdacağına inanırlar. Biz də buna inanırıq ki, Şuşa yenidən Azərbaycanın abad, firavan diyarına çevriləcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar