Azərbaycan

8 may 1910 - Görkəmli ədəbiyyatşünas alim, professor, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 - 10.8.1961) İrəvan şəhərində anadan olub.
8 may 1919 - Bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 - 19.9.1974) Şuşada doğulub. "Gülşən" baleti, "Karvan" simfonik lövhəsi, "Qızılgül" musiqili komediyası, uşaqlar üçün "İsgəndər və çoban" operası və digər musiqi əsərlərinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru olub.
8 may 1930 - Ədəbiyyatşünas alim, professor Qara Mustafa oğlu Namazov Qərbi Azərbaycanda - Ermənistan SSR-in İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin, 30-dək kitabın müəllifidir.
8 may 1957 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Əşrəf oğlu Abbasov Bakıda anadan olub. Simfoniya və kantataların, “Şən bahar” uşaq operası, vokal silsilələri, kamera-instrumental və xor əsərlərinin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.

9 may 1909 - Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin müəllifidir.
9 may 1917 - Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 - 11.1.1998) anadan olub.
9 may 1928 - Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 -26.10.1983) anadan olub.
10 may 1934 - Ədəbiyyatşünas alim, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda tədqiqatların müəllifidir.
10 may 1926 - Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 - 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. "Dağlarda döyüş", "Od içində", "Qocalar, qocalar...", "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" bədii filmlərinin ssenari müəllifidir.
10 may 2004 - Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fond mədəniyyət, elm, təhsil, səhiyyə, idman və ekologiya sahəsində layihələr həyata keçirir. Mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş fəaliyyət göstərir. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

11 may 1906 - "Bakinski raboçi" qəzeti nəşrə başlayıb.
11 may 1915 - Heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 - 15.6.1971) Şəkidə anadan olub. Görkəmli ədiblərin, mədəniyyət xadimlərinin büst-portretlərini, Bakıda Nizami Gəncəvi, Səməd Vurğun, "Azad qadın" heykəllərini yaradıb.
11 may 1935 - Xalq yazıçısı Maqsud İbrahimbəyov anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”, "Truskavetsə kim gedir?" və s.) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-2010) olub.

12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6. 1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, mahnıların ("Oxu, tar", "Qurban adına", “Həkim qız" və s.) müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub.
12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir.
12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.
12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 - 2011) vəfat edib. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildən yaratdığı Yuğ Teatrına rəhbərlik edib. “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s. filmlərdə çəkilib.

Dünya

8 may 1906 - İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

9 may 1883 - İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.
9 may 1924 - Gürcü şairi, nasir, ssenarist Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Populyar müəllif mahnıları və sözlərinə yazılmış mahnılar 80-dək filmdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.
10 may 1903 - Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.
10 may 1937 - Tacik aktyoru, SSRİ Xalq artisti Həşim Qadoyev anadan olub. Filmləri: “Rüstəm və Zöhrab”, “Uluqbəyin ulduzu” və s. Azərbaycanda “Dədə Qorqud” (Qazan xan), “Əzablı yollar” (Qarayel), “Qara gölün cəngavərləri” (Qulu) filmlərində çəkilib.

11 may 1864 - İngilis yazıçısı Etel Lilian Voyniç (1864 - 28.7.1960) anadan olub. Məşhur “Ovod” əsərini italyan xalqının XIX əsrin 30-40-cı illərində azadlıq mübarizəsinə həsr edib.
11 may 1904 - İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 - 23.1.1989) anadan olub. Sürrealizmin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.
11 may 1916 - İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela, 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.

12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.
12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar