Bayatı qədər qədim və hər an gələcəyə işləyən əbədiyyət saatı kimi müasir - İlyas Əfəndiyev!

Özündən əvvəl və sonra ədəbiyyatımıza növbənöv, cürəbəcürə, löyünbəlöyün, lap belə gözəlbəgözəl dil-üslub gətirilmiş olsa da, bu böyük, bu milli ədib-əfəndimiz haqda söhbətləşənlər, əzəl-axır, belə bir ayrıca həyəcan və alayıca nəticəyə gəlirlər: “Hələ onun dili!..”

1914-cü il mayın 26-da doğulduğu rayona ad olunmuş Füzulinin məlum-məşhur sözü olmasın, onun dil-üslub ustadı olduğun ondan da bilirəm ki, bir vaxt BDU-da keçilən “Üslubiyyat” fənni dərslərində rəhmətlik Əbdülhəmid müəllimin istinad etdiyi nümunələrin yarıdan çoxu məhz İlyas Əfəndiyev yaradıcılığına məxsus idi...
İndi, gəl, bu kiçik publisistik yazıda belə bir ədəbi-bədii dil fenomenilə “dil tap”, bu sayaq üslub sahibinə bab yaz görüm, necə yazırsan!? Özü də tək elə “dil sahibi” olsaydı, nə vardı? Bu Dədə Əfəndiyev sal-saytal obrazlar, epoxal situasiyalar sahibidir də, axı! Hələ - ata-babası “sahibkarlıq” üstə “kulak” edilmiş bu “zorənproletar”ın real həyat, milli-mental məişət səhnələrimizin ən müasir və ən boyat olay “külçə”lərini öz zərgər məngənəsində sıxcalayıb, qram-qram incələyib, hər birini üç-dörd saatlıq dramlara sığışdıran əlahiddə səhnə sahibliyi!..
...Beləliklə, sənədi janrlara o qədər də əl verməyən bu sənəti TAM haqda, ədəbi “özgə”lər yarada-yarada “ÖZ” əbəbi realını da yaratmış bu BÜTÖV barədə belə bir “leytmotiv” yarımbaşlıq: -

Epik-dramatik lokomotiv

Bu ifadələrdən sonra, əlbəttə, hörmətli oxucularımızın üz-göz ifadələrini görməsəm də, reallığa inam-iman təsdiqatlarını sövq-təbii hiss etdim. Nədən ki, belə bir qənaət heç də mübahisəli deyil ki; Azərbaycan nəsri İlyas Əfəndiyevə qədər bir çox fəthlər edib, zirvələr çalmış olsa da, davamlı mükəmməllik, kompleks təsviri-təsnifi təsərrüfatçılıq, xəlqi-milli idillik, üslubi koloritlik sarıdan qıtlıq çəkirdi. Bu fenomenal Qələm hekayə-romançılığın bu “hekayət”inə bani olmaqla yanaşı, çağdaşı olduğu “sinifsiz” (guya!) dövrün yeni oxucu-mütaliəçi sinfinin də bünövrəsini qoymuş oldu.
Bu məqamda bir “yeri gəlmişkən” haşiyəsi...
...Böyük yazıçıları oxuya-oxuya yalnız yaşca yekələnlər də olur, ağıl-başca böyüyənlər də. Birinci “şəkil”lilər ömrü boyu öz çevrələrinə nəql edirlər ki, filan yazıçı filan əsərində bunu yazıb, elənçik deyib, belənçik yaradıb. İkincilər isə bunları, əsasən, öz qafalarında nəqlləyib-əqlləyirlər və yəqin onların içərisində belə bir qənaətə də gələnlər olur ki, böyük yazıçılar əllərinə qələm alıb HƏYATdan yazmağa başlayanadək həyat özü artıq onların özünü yazmış olur...
“Xoşbaxtlıqdan”, bütün reallıqlar müəllifi olan Həyat ecazkar ədəbi bədiiliklər müəllifi olası İlyası - sonralar neçə-neçə surət-qəhrəmanlar yaratmış bu qəhrəmanımızı - məhz əzab-əziyyət “janr”ında yazıb. Belə ki, o vaxtlar həyat sıradanbir İlyasa o qədər bozluq qeyzi göstərməsəydi, bəlkə də indi biz bu qədər “İlyas Əfəndiyev feyzi” yaşaya bilməzdik. O, 1938-ci ilin yayında “pulsuz-pənəsiz” Bakıya gəlməsəydi, mən 30 il sonra bu şəhərə düşərkən, gözləri yağır, əsəbləri bağır edən şüar, panno, əcnəbi adlı küçə və digər “adres”lərdən sonra ovaxtkı Nərimanov (indiki Cavid) prospektindəki binalardan birinin kəllayısındakı iri çaplı “SÖYÜDLÜ ARX” plakat-reklamından dolayı - bu paytaxtda mənim də bir milli payım olduğunu görməyib, əməlli qəribsəyərdim...
...Necə ki, bir vaxtlar bu “Qaryaginli oğlan” özü də bu şəhərdə qəribsəyirmiş. “Qaryagin” - Füzuli rayonunun əvvəlki adı imiş. Hələ işğalçı çar zabitinin “şərəfinə” qoyulan o addan öncəki də bu “Qəribə oğlan” müəllifinin öz ürəyi və diliycə yox, “Malaqan” imiş; “Məni Rusiyanın bugünündən çox, sabahı düşündürür” deyən Stolıpinin məqsədli sürgün etdiyi rusların düşərgələnib “Malakan” adlandırdığı məkanlarımızdan biri.
Elə milli “Xan qızı” məhəbbətli, “Unuda bilmirəm” xiffətli, “Geriyə baxma...” niyyətli bu sənətkarın şan-şöhrətli şəcərə törələri də çox dəyişimlərə məruz qoyulub. Bir qolu “halal tacirlər”, digəri “üləmalar” olan bu nəsil sovet hakimiyyətinin ilk illərindəncə “kulak”, “qolçomaq”, “vraqnarod” adlandırılmağa, “səs”ləri alınmağa başlayır. Öz irsi dərrakəsi, fəhm-fərasət, savad və dünyagörüşü hesabına yaxın-uzaq kənd və qəsəbələrdə müəllim işləməyə dəvət alan gənc İlyasın ali təhsil almaq istəyini bir müddət gözündə qoyurlar. Amma, ancaq və əfsus...
Belə ki, o vaxtlar sayı-hesabı bilinməyən həmin “adam”lara bu vaxtlar (və heç vaxtlar!) nə rəhmət var, nə sayğı...
Amma onların içərisində elə birisi də olub ki, o, böyük yazıçının xatirələrindəki kiçicik bir abzasda əbədi yaşayacaq: “Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məmməd Orucov xəlvəti mənə dedi ki, göstəriş var, ata-anası səs hüququndan məhrum edilmiş tələbələr ideoloji fakültələrdən çıxarılsın. Məsləhət görürəm, nə qədər gec deyil, ərizə verib bir illiyə məzuniyyət götürəsən”...
...Mən mərhum yazıçımızın bu xatirə-sətirlərini oxuyarkən, əcnəbi sələflərindən birinin - Covanyolinin “Spartak”ındakı ehtimali təsadüflə bağlı şedevr bir mülahizəni xatırladım. Həmin epizodda Romaya iki atlı çapır; biri “Üsyana başlayırıq!”, o biri “Hazır olun, üsyana başlayırlar!” xəbərilə. Və... yazıçının həmin tarixi olayla birgə əbədi yaşayası obrazlı mühakiməsi: “Maraqlıdır, bütün dünyanı sarsıdacaq qullar üsyanının taleyi atların qaçışından asılı idi!..”
Bəs İlyas Əfəndiyev fenomeninin taleyi?! Lirik-poetik, emosional-estetik nəsrimizin əsri nümayəndəsi, “arxeo-ultraloji leksikon və neo-psixoloji səhnə” yaradıcısı İlyas Əfəndiyevin taleyi həmin o Məmməd Orucovun “xəlvəti pıçıltısından” asılı deyilmişmi?..
Bu barlı-bəhrəli, gəlimli Adamın hamının payı olan paytaxtımıza “hamı ayağından” -

Gəlişi...

Bu azman yazıçının böyük ədəbiyyata ilk qədəmləri ərəfəsində “yolu yoğurulmuş müharibə”nin gəlişinə hələ bir az qalsa da, “repressiya” namlı şər-xəta artıq xalqın vayına oturmuşdu. Bu, çoxları kimi, yalxı-yavan cavanlıq yaşayan İlyasın da öz uğuruna gedişini yubadırdı. Artıq bu doğal istedadın yaşı iyirmini keçmişdi və: “O illər çox qorxulu bir dövr idi, ən istedadlı, ən məşhur sənətkarların başı üzərini qara buludlar almışdı, heç kəs özündən-sözündən arxayın deyildi. Sabaha sağ çıxıb-çıxmayacağından nigaran qalmış adamlar bir-birindən qorxur, heç kim heç kimə etibar etmirdi”.
Amma bura gəlməmişdən də az yazmamış İlyas bu çətin, “etibar etməyənlər” məkanında da yazmağından qalmırdı və bir azdan bunu da yazacaqdı: “Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat işləməklə bərabər, gecə kurslarında dərs də deyirdim. Çox yorulmağıma baxmayaraq, Qarabağın qarlı qış gecələrində, hər kəsdən xəbərsiz, hekayələr yazdım. Sonralar “Kənddən məktublar” adı ilə çap olunan həmin hekayələri götürüb, 1938-ci ilin yayında pulsuz-pənəsiz gəldim Bakıya...”
Hələ ali məktəbdən əvvəl Qaryagində coğrafiya müəllimi işləmiş İlyasın Bakıda ali insanlarla tanışlıq, dostluq coğrafiyası inanılmaz həddə genişlənir. Azərbaycan Pedaqoji İnstitutunda tələbə ikən qədəmləri Bəkir Çobanzadə, Əli Sultanlı kimi ünlü elm xadimlərilə qoşa görünür, az keçmiş adı Mehdi Hüseyn, Səməd Vurğun, Adil İsgəndərov, Əbülhəsən çəkili sənətkarlarla birgə çəkilir. Sonuncu ilə bağlı xatirəsini xatırlamaq yerinə düşər, zənnimcə: “...hekayələri mərhum yazıçımız Əbülhəsənə təqdim etdim. O, mənim təhər-töhürümə baxaraq soruşdu: “- Nəçisən?” Nəçi olduğumu dedikdə, o: “- Əzizim, əzizim, - dedi - coğrafiya müəllimi hara, yazıçılıq hara?..” Mən bu barədə bir söz deməyərək soruşdum: - Hekayələrin cavabını nə vaxt ala bilərəm? “- Ünvanını qoy get, vaxt olanda oxuyub cavab yazarıq”. Yox, - dedim, - xahiş edirəm mən rayona qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz. “- Rayona nə vaxt qayıdırsan?” On gündən sonra. “- Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm. Özü də əlyazmasında gətirmisən”. Mən təkid elədim. O, əl çəkməyəcəyimi hiss eləyib: “- Yaxşı, - dedi, - on gündən sonra mənə dəyərsən. Bəlkə oxuya bildim”. On gündən sonra o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: “- Əzizim, əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb?” - Heç birində. “- Doğrudan? Amma mənə elə gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı... yaxşıdı. Xoşuma gəldi. Mən sədrimizə də dedim. Gedək, o, səninlə tanış olmaq istəyir... Əbülhəsən məni Əli Məmmədova təqdim edərək dedi: - Hekayələri barədə sizə danışdığım oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan olduğumu və sairə... öyrənib biləndən sonra Əbülhəsəndən soruşdu:
- Neçə hekayədi?
- Doqquz.
- Neçəsini çap etmək mümkündür?
- Hamısını! - deyə Əbülhəsən qətiyyətlə cavab verdi.
- Elə isə göndərin Azərnəşrə, qoy kitab halında çap eləsinlər.
Beləliklə, Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq yolunun başlanğıcında yaşıl işıq yandırır, “Kənddən məktublar” adlı ilk kitabı İlyas Əfəndiyevə “ədəbiyyat dünyasına və yazıçılar aləminə çıxmasına səlahiyyət verir”.
O, beləcə - səssiz-səmirsiz gəldi, işgüzar bir otaqda aləmdən xəbərsiz verilən bir rəylə ürəkləndi və... bizim hər birimizin sər-səviyyə gücümüz, dünya görüş-bilişimiz qədərincə böyük ədəbiyyatımızın böyük isimlərindən biri oldu.
Ədəbiyyatda olmaq nə qədər asan, əbədi qalmaq isə nə qədər çətin! Qapısı hamı üçün açıq olan bu təsvir-təsəvvüri cənnətxanada çoxlar yalnız hadisəyə, konfliktə, beyinə işləyir, azlar isə uca könüllərə, qəlbi qəlblərə. Universitet illərimizdə anadan yetim olan tələbə qızlarımızdan birinin guya “səhvən” işlətdiyi “Öyüdlü arx” ifadəsi qırx ilə yaxındır yadımdan çıxmır. Bir gün o qızın öz taleyilə bağlı bizə danışdığı “uzun sözün qısası” bu idi ki, o ən çox öyüdü məhz həmin “Söyüdlü arx” romanından alıbmış...
Daha neçə-neçə bu sayaq əsərlər: “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”...
Yuxarıda yazıçıların hadisəyə və könülə işləməsi məsələsinin yalnız oxunu atdım. Yayı da bu ki, ikincilər səhnəyə və xüsusən ekrana çətin çıxa bilirlər. Hiss və duyğuları hərəkətə gətirmək, vizuallığa çevirmək asanmı? Bunu “bizim ayağımız”la ölçmək də düzgün olmazdı. Nədən ki, o sayaq imkanları olan ruslar da böyük söz və hisslər rəssamı A.P.Çexovun nəsri duyğularını ekrana yetərincə çıxara bilmirlər. İlyas Əfəndiyev də bizim təkrarsız söz, duyğu, hiss-həyəcan portretçimiz, tabloçumuz, peyzajçımız! Sözün rənglərini lentə alan kamera isə hələ kəşf olunmayıb...
Amma nə xoş ki, onun SÖZü kino-kameralardan daha əzəl-özəl sənət meydanına - daimi və etibarlı oxucu ilə teatr tamaşaçısına daha yaxın, daha məhrəm bir məkana çıxa bildi və hələ deyiləsi çox sözüm olsa da, altında heç bir söz deməyəcəyim bir yarımbaşlıq: -

Əbədi qaldı!..

Tahir Abbaslı