Azərbaycan

26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib.
26 may 1914 - Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», “Şeyx Xiyabani» və s.) müəllifidir.
26 may 1941 - Xalq artisti, tanınmış diktor Ofelya Hacağa qızı Sənani anadan olub. "Azərbaycanfilm" kinostudiyasında 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmlərində çəkilib.
26 may 1953 - Yazıçı-publisist, millət vəkili Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı, B.Bayramov, M.Süleymanlı və s.) əsərlərini rus dilinə tərcümə edib.

27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
27 may 1926 - Xalq şairi, nasir Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
27 may 1956 - Xalq şairi, dramaturq Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin" və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
27 may 1992 - Azərbaycan parlamenti Dövlət himni haqqında qanun qəbul edib. Üzeyir Hacıbəyli və Əhməd Cavadın "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib.

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. İclasda «İstiqlal Bəyannaməsi» qəbul edilib, Fətəli xan Xoyskinin başçılığı ilə ilk milli hökumət qurulub.
28 may 1927 - Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının da müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.
28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin müəllifidir. 2007-ci ildən Bəstəkarlar İttifaqının sədridir.
28 may 1955 - Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanov anadan olub. AMEA-nın Folklor İnstitutunun direktorudur.

29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946-18.2.2001) anadan olub. “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşalara səhnə tərtibatı verib.

30 may 1862 - Böyük satirik şair Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» (1912) adlı topluda nəşr olunub.
30 may 1930 - Şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli film ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.
30 may 1967 - Aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Şüa Şeyxovla birgə) verib.

31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri"( oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.

Dünya

26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1842 - Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.

27 may 1840 - Məşhur italyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.

28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
28 may 1934 - Məşhur gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

29 may 1489 - Türk memarlıq tarixinin ən məşhur simalarından olan memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
29 may 1953 - Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı”, “Günah. Ehtirasın tarixi” və s.

30 may 1937 - Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri»,
«I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri:
“İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.

31 may 1809 - Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 31.3.1732-1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. “Çağırılmamış”, “Balaca üçün milyon” filmlərinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar