Azərbaycan

1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb.
1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov Gəncədə doğulub. Uzun illər Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
1 iyun 1939 - Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. 1923-cü il mayın 23-də AMEA Rəyasət Heyətinin binasında fəaliyyətə başlayan kitabxana 1961-ci ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb.
1 iyun 1949 - Tarix elmləri doktoru, Dövlət mükafatı laureatı Tofiq Teyyub oğlu Mustafazadə Şabran rayonunun Zeyvə kəndində anadan olub.

2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kinomuzda özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
2 iyun 1938-ci ildə respublikada ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.
2 iyun 1957 - Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncədə anadan olub. Uzun illər “Göygöl" mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri olub. Gəncə Dövlət Filarmoniyasının direktorudur.

3 iyun 1929 - Musiqişünas, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva anadan olub.
3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. Əsərləri: “İzdiham”, “Azadlıq”, “Dəfn”, “Fatma” (roman), “O məni sevir”, “Qatarın altına atılan qadın” (pyes) və s. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur.
3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə”, eləcə də “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
4 iyun 1929 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.
4 iyun 1944 - Kinooperator, Əməkdar mədəniyyət işçisi Elman Əliverdi oğlu Əliyev Bakıda anadan olub. 1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. 30-dan artıq sənədli filmin operatoru, “Yalan”, “İstanbul reysi”, “Çölçü”, “Dərvişin qeydləri” bədii filmlərinin rəssam-fotoqrafıdır.
4 iyun 1957 - Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki “Azərbaycan Televiziyası və Radiosu” QSC) yaradılıb.

Dünya

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.
1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
1 iyun 1850 - Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 - 5.6.1904, İstanbul) Albaniyada doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.
1 iyun 1926 - Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar” və s.
1 iyun 1929 - Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
1 iyun 1937 - Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Balaca üçün milyon dollar” (“Oskar”) və s.

2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.
2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883, Praqa - 1924, Vyana) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s.
3 iyun 1963 - Türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə, rejissor Əjdər İbrahimov) filmləri çəkilib.

4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
4 iyun 1975 - Amerika kino ulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”.

Hazırladı: Vüqar Orxan