Krım tatarlarının 30-cu illərin repressiyasına məruz qalan dəyərli ziyalıları arasında bir vətənpərvər övladı da var - yazıçı, pedaqoq, alim və tərcüməçi Osman Nuri Akçokraklı.
Osman Asan Memet oğlu Nuri 1879-cu ilin yanvarında Baxçasaray şəhəri yaxınlığındakı Akçokrak kəndində dünyaya göz açıb. Erkən çağlardan qardaş və bacıları arasında iti yaddaşı, işgüzarlığı ilə seçilir. İlk təhsilini mollaxanada alır, sonra rus-tatar məktəbində təhsilini davam etdirir. Məktəb illərində Osmanın istedadı üzə çıxır, şair kimi özünə “Nuri” təxəllüsü götürür. Təhsil ala-ala xəttat İlyas Boraqanskidən bu sənətin sirlərini öyrənir. Ağməscid (Simferopol) şəhərindəki Müəllimlər Seminariyasından məzun olduqdan sonra İ.Boraqanski onu Sankt-Peterburq Universitetinə dəvət edir. O, 1899-1901-ci illərdə universitetin Şərq dilləri fakültəsində xəttatlıqdan dərs deyir. O.Nuri tələbələrə xəttatlıq sənətini öyrətməklə yanaşı, Baxçasaraydakı bəzi məscidlərin interyerini Quran ayələri ilə işləyir. Görkəmli rus şairi A.S.Puşkinin Krıma həsr etdiyi “Baxçasaray fontanı”, “Talisman” əsərlərini, xalq məktəbləri üçün İ.A.Krılovun 10 təmsilini tatar dilinə tərcümə edir.
1901-1905-ci illərdə çar ordusunda hərbi xidmətdə olan O.Nuri yaradıcılığa da vaxt ayırır. N.V.Qoqolun “Evlənmə” pyesini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından parçaları tatar dilinə çevirir. Bir müddət İstanbulda yaşayır, sonra Baxçasaraya dönür və İsmayıl bəy Qaspralının nəşr etdirdiyi “Tərcüman” qəzetinin nəşrinə köməklik göstərir. Orenburqda nəşr olunan “Şura” jurnalına redaktor dəvət edilir. Az vaxt ərzində gənc şairlərin şeirlərinin yer aldığı “Krım gəncləri” adlı kitabını çap etdirir.
Folklorşünas Əli Şamil Osman Nuri haqqında araşdırmasında yazır ki, o, 1905-ci ildə Rusiyada baş verən inqilabdan çox təsirlənir. İnqilabçı əhval-ruhiyyəli Rəşid Mediyevlə dostlaşır. Bir müddət onun nəşr etdirdiyi “Vətən xadimi” qəzetinə məqalələr yazır. Qəzet hökumət əleyhinə tənqidi yazılarına görə bağlanır.
Osman Nuri 1910-16-cı illərdə yenidən “Tərcüman” qəzetinə redaktorluq edir. Eyni zamanda Zincirli mədrəsəsində dərs deyir, bədii yaradıcılığa daha çox önəm verir. Baxçasaray yaxınlığında Çufutqala şəhər xarabalığındakı Canıkə xanım türbəsi haqqında rəvayətdən təsirlənərək ilk böyük nəsr əsəri “Hekayəti-Ninkecan xanımın türbəsi” povestini yazır.
Krımda sovetlər bərqərar olandan sonra o, Baxçasarayda İ.Qaspralının ev-muzeyinin qurulmasına icazə alır. Eyni zamanda gənc bəstəkar Asan Refatovu Krım tatarlarının “Çora batır” adlı ilk operasını yazmağa həvəsləndirir. Özü də operanın librettosunu yazır. Opera 1923-cü ilin sentyabrında Ağməsciddəki hərbçilər klubunda tamaşaya qoyulur. Professor Bəkir Çobanzadə tamaşa haqqında yazır: “Bu Krım tatar sənəti tarixində ilk görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”.
O.Nuri 1922-ci ildə yaradılan Krım Pedaqoji İnstitutunda kadr çatışmadığından 4-5 fəndən dərs deməli olur. Krımın quzey bölgəsinə ekspedisiyalara gedir, xalq mahnılarının mətnini, A.Refatovun musiqilərini toplayaraq nota köçürür. Bölgədən onlarla folklor nümunəsini toplayır.
Folklora, etnoqrafiyaya, arxeologiyaya, muzeyşünaslığa dair qiymətli məqalələr yazan alim onları elmi jurnallarda çap etdirir. Bütün bunlara baxmayaraq, O.Nuri 1934-cü ildə millətçilikdə ittiham edilir və işdən çıxarılır. O, təqibdən yaxa qurtarmaq üçün həmin il Bakıda yaşayan bacısının yanına gəlir. Lakin 1937-ci il aprelin 7-də həbs edilir və Krıma aparılır. Bir il sürən ağır işgəncələrdən sonra güllələnir.
Savalan Fərəcov