Azərbaycan

10 iyun 1904 - Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub. Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatlarla yanaşı, şeir və hekayələrin də müəllifidir.
10 iyun 1937 - Musiqişünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova anadan olub. Orta əsr risalələrini mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.
10 iyun 1982 - Bakıda görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, bir çox mahnıların ("Qurban adına", “Həkim qız", “Oxu, gözəl" və s.) müəllifidir. Dərs vəsaitləri yazıb. Azərbaycan televiziyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub, hazırda kollektiv onun adını daşıyır.

11 iyun 1892 - Azərbaycanın Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 - 15.6.1968) Saratovda doğulub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. “Koroğlu” (Koroğlu), “Aida” (Radames), “Karmen” (Xoze) və s. operalarda çıxış edib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
11 iyun 1913 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 - 2.11.1988) Bakıda anadan olub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı kimi tanınıb. “Almaz” (Yaxşı), "Onu bağışlamaq olarmı?" (Kəmalə), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
11 iyun 2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.

12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna; 1928 - 1.4.2014) Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Tarixi və fəlsəfi romanları («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib. "Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
12 iyun 1932 - Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 - 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. 1989-1996-cı illərdə "Tənqid-təbliğ" teatrına, 1996-2006-cı illərdə Musiqili Komediya Teatrına rəhbərlik edib. Çəkildiyi filmlər: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".
12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mir Əsədulla oğlu Mir Qasım Bakıda doğulub. Filmləri: “Gümüşü furqon”, “Cin mikrorayonda”, “Anlamaq istəyirəm”, “Şeytan göz qabağında”, “Ovsunçu”, “Günaydın, mələyim!”, “Qisas almadan ölmə!” və s.

Dünya

10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet) (1891-1877) anadan olub. Peyzaj, portret və naturalist rəsmləri ilə tanınıb.
10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
10 iyun 1915 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow, 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.
10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-nin Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s.

11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.
11 iyun 1864 - Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.
11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” romanları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.
11 iyun 1910 - Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.

12 iyun 1819 - İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.
12 iyun 1921 - İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun nümunələrindən olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar