Sənətkarın böyüklüyü onun özündən sonra qoyduğu izlə ölçülür. Mədəniyyət tariximizdə parlaq iz qoyan sənətkarlardan biri də musiqişünas, teatr xadimi Mirzə Muxtar olub.

Muxtar Əli Əsgər oğlu Məmmədov 1841-ci ildə Şuşada musiqiçi ailəsində dünyaya göz açıb. Atası Mehdiqulu xanın sarayında musiqiçi kimi çalışıb. Uzun müddət Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət edib. Görkəmli tarzənlər Mirzə Sadıqcan, Məşədi Zeynal və başqaları onun şagirdi olub.
Atası kiçik yaşlarından Muxtarın təhsili ilə ciddi məşğul olur. O, Şuşa mədrəsəsində ərəb və fars dillərini öyrənir. 1860-70-ci illərdə şəhərdəki “Qış klubu”nda səhnələşdirilən rus teatr tamaşalarına gedir. Bu tamaşalar onun qəlbində teatr sənətinə və dramaturgiyaya rəğbət oyadır, Azərbaycan dilində tamaşa göstərmək meylini gücləndirir. O, 1870-ci ildə yerli ziyalıları ətrafına toplayaraq Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyur. O, 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə” adlı incəsənət jurnalında bu əlamətdar hadisə haqqında yazırdı: “...Şuşada mərhum Mirzə Fətəli Axundovun əsəri “Hacı Qara”nı teatra məxsus bir bina olmadığından qışlaqda (kazarmada) mövqeyi-tamaşaya qoydum...”
Onun Azərbaycan milli teatr tarixində unudulmaz xidmətlərindən biri də teatr səhnəsində ilk dəfə qadın rolunda çıxış etməsidir. Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı “Kaspi” qəzeti 9 may 1913-cü il tarixli nömrəsində yazırdı: “Mirzə Muxtar Məmmədov müsəlman səhnəsinin ilk həvəskar artistlərindən biridir. O, birinci dəfə Şuşada Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesində oynayıb. Müsəlman səhnəsi üçün onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunurdu. Bu işə cəsarət edənlər isə dindarlar tərəfindən təqib olunurdu. O dövrdə qadın rollarını oynamaq daha böyük qəbahət sayılırdı. Bu rolları oynayanlar hər cürə alçaldılırdı...”
Mirzə Muxtar 1870-1882-ci illərdə Şuşada verilən milli teatr tamaşalarının təşkilatçısı və iştirakçısı olub. Lakin o, 1883-cü ildə acınacaqlı bir hadisə nəticəsində doğma şəhəri tərk etməli olur. Əvvəl Gəncəyə, sonra isə Tiflis şəhərinə köçür. Bir neçə il orada müəllimlik edir. Eyni zamanda yerli teatr həvəskarları ilə birlikdə teatr tamaşaları göstərir. Ancaq Tiflisdə də çox qala bilmir. Nəhayət, 1899-cu ildə Bakıya köçür. Bir müddət müəllimliklə məşğul olur. 1905-ci ildə o, müəllimlikdən birdəfəlik əl çəkir. Taleyini həmişəlik teatr sənətinə bağlayır. Üzeyir Hacıbəyli onu ilk Azərbaycan operası “Leyli və Məcnun”un tamaşasına dəvət edir. Məcnunun atası rolunu ona həvalə edir. O, eyni zamanda tamaşanın hazırlanmasında Ü.Hacıbəylinin ən yaxın məsləhətçisi və köməkçilərindən biri olur...
O vaxtdan Mirzə Muxtar opera səhnəsində çalışır. Opera tamaşalarında Kərəmin atası (“Əsli və Kərəm”), Xacə (“Aşıq Qərib”), Rəmmal (“Şah İsmayıl”), Yəmən şahı (“Mehr və Mah”) və Şapur (“Fərhad və Şirin”) rollarını yüksək sənətkarlıqla ifa edir. Onun səhnə məharətinə vurğun olanlardan biri də dahi bəstəkar Üzeyir Hacıbəyli idi. Əməkdar artist Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, “Leyli və Məcnun” tamaşası göstərilərkən Üzeyir bəy həyat yoldaşı Məleykə xanımla tamaşaçılarla bir sırada oturardı. Mirzə Muxtarın ifasında Məcnunun atasının ariyasını dinlədikdən sonra gedərdi. O, operetta tamaşalarında da yaxından iştirak edib. Bütün bunlarla bərabər o, qırx beş illik çətin səhnə fəaliyyətinin böyük bir dövrünü ehtiyac içində yaşayıb.
1908-1918-ci illərdə Mirzə Muxtar aktyor kimi Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində opera və musiqili komediya tamaşalarında çıxış edib. Araşdırmalarda göstərilir ki, o, bir aktyor kimi tamaşaçını öz ehtiraslı oyunu ilə ovsunlayırmış. Təsadüfi deyil ki, 1913-cü ildə Bakının teatr ictimaiyyəti onun teatr tariximizdəki müstəsna rolunu nəzərə alıb səhnə fəaliyyətinin 40 illiyini qeyd edir. Mətbuatda bu əlamətdar hadisə haqqında elanlar dərc olunur. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birlikdə verdiyi bir xəbərdə yazırdı: “Bu gün Tağıyev teatrında “Nicat” cəmiyyətinin təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin 40 illik səhnə fəaliyyəti bayram edilir. Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni zamanda onu təvazökar xalq müəllimi kimi də tanıyırlar. O, ömrünün 30 ilini müəllimlik fəaliyyətinə həsr edib. Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir...”
Mirzə Muxtar 1919-cu ildə, 78 yaşında səhnədən ayrılır. Teatr sahəsindəki əvəzsiz xidmətləri nəzərə alınaraq ona 500 manat təqaüd təyin edilir. O, ömrünün son 10 ilini musiqişünaslığa həsr edir, 17 yanvar 1929-cu ildə dünyasını dəyişir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar