Azərbaycan
17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Opera və Balet Teatrında çıxış edib. Bakı Musiqi Akademiyasının professorudur. "Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.
18 iyun Azərbaycanda “İnsan hüquqları günü”dür. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (18 iyun 2007-ci il) ilə Azərbaycanda “İnsan hüquqları günü” təsis olunub.
18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.
19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. Yeniyetmə yaşlarında Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Bizim küçə”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
19 iyun 1924 - Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.
Dünya
17 iyun Dünya səhralaşma və quraqlıqla mübarizə günüdür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.
17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
17 iyun 1882 - Məşhur rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
17 iyun 1939 - Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.
18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
18 iyun 1935 - Rus aktyoru, SSRİ Xalq artist Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s. Rusiya Akademik Kiçik Teatrının bədii rəhbəridir.
18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Vassa Jeleznova” pyesləri və s.
18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.
19 iyun 1623 - Fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. Filmləri: “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s.
19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov” və s.
Hazırladı: Vüqar Orxan