Azərbaycan

20 iyun 1898 - Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar", "Qızmar günəş altında", "Qara daşlar", "Bir qalanın sirri" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
20 iyun 1915 - Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 - 10. 12.1998) Bakıda doğulub. "Bizim Cəbiş müəllim", “Bəxtiyar”, “Dağlarda döyüş”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.
20 iyun 1921 - Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları, “Təzə gəlin” operettası və çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

21 iyun 1794 - Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.
21 iyun 1933 - Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 - 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub, çoxsaylı qastrol səfərlərində muğam sənətimizi layiqincə təmsil edib.

22 iyun 1802 - Şərqşünas, maarifçi Mirzə Kazımbəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan şərqşünaslıq fakültəsinin dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
22 iyun 1897 - Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 - 26.9.1961) Şuşada anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz", "Sevgili canan" - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, "Əsli və Kərəm") baş partiyaların unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
22 iyun 1924 - Yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Əsərləri: “Sıyrılmış qılınc”, “Bozatın belində”, “Şərq çiçəyi” və s.
22 iyun 1942 - Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. "Sən də həmdəm, mən də həmdəm", "Deyin, hardadır", "Səni qəmli görəndə" və s. populyar mahnıların müəllifidir.
22 iyun 1947 - Şair Eldar Baxış (Eldar Baxış oğlu Ağayev; 1947 - 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. "Uzun Həsən", "Məlikməmməd" pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
22 iyun 1996 - Prezident Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Adları “Qızıl kitab”a yazılan gənc istedadlara Prezident təqaüdü verilir.

23 iyun Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün dünyanın əksər ölkələrində qeyd olunur. Respublikamızda Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.
23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 - 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Dağlar buraxmır məni”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir.
23 iyun 1925 - Xalq artisti, rejissor, professor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 ilə yaxın S.Vurğun adına Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Teletamaşalara quruluş verib.

Dünya

20 iyun Dünya Qaçqınlar Günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.
20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürək bulanması”, “Azadlıq yolları”, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.
21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.
21 iyun 1910 - Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.

22 iyun 1887 - İngilis filosofu Culian Haksli (Julian Sorell Huxley, 1887-1975) anadan olub. Təkamülün sintetik nəzəriyyəsinin müəllifidir, UNESCO-nun ilk baş direktoru olub.
22 iyun 1898 - Alman yazıçısı Erix Maria Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Əsərləri: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Üç yoldaş”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s. romanlar.
22 iyun 1906 - Amerika rejissoru, 4 dəfə «Oskar» mükafatının laureatı Billi Uaylder (Billy Wilder, 1906-2002) anadan olub. Filmləri: “Cazda ancaq qızlardır”, “Sabrina”, “Mənzil” və s.
22 iyun 1949 - Amerika aktrisası Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub. “Kramer Kramerə qarşı”, “Sofiyanın seçimi”, “Dəmir ledi” filmlərində rollarına görə “Oskar” mükafatına layiq görülüb.

23 iyun 1889 - Rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 - 5.3.1966) anadan olub. Qızıl Orda xanı Əhməd xanın nəslindən olub, soyadını (təxəllüsünü) də bu addan götürüb. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.
23 iyun 1901 - Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar