Azərbaycan

24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.
24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939 - 31.8.1968) Təbrizdə anadan olub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) uşaq kitabları müsabiqəsində qızıl medala layiq görülüb.
24 iyun 1955 - Tanınmış jurnalist, ictimai-siyasi xadim Nəcəf Adil oğlu Nəcəfov (1955- 17.12.1999) Bakıda doğulub. Azərbaycan Ali Sovetinin (1990-1995) deputatı olub, 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif edilib.

25 iyun 1907 - Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 - 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyytinə 1920-ci ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktrisası olub. «Bəxtiyar», “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.
25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin solisti olub.
25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru Paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib.
26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb.
26 iyun 1929 - Həkim-yazıçı, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 - 17.10.2011) Gədəbəy rayonunda doğulub. Təbabətlə yanaşı, türkologiya, tarix, ədəbiyyat, musiqi və s. mövzularda elmi-pubisistik məqalələrin müəllifidir.
26 iyun 1949 - Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında (1975-1977) çalışıb, Sumqayıt Dövlət Dram Teatrının (1977-1981) baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
26 iyun 1985 - Əməkdar artist, aktrisa Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Filmləri: “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Həyat bizi sınayır”.

Dünya

24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı acı aforizmlər toplusu tərtib edib.
24 iyun 1912 - Rusiyanın Xalq artisti, komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub. Fimləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s.
24 iyun 1930 - Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.
25 iyun 1903 - İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.
25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael - əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.
25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyon) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

26 iyun Beynəlxalq Narkomaniyaya və Narkobiznesə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking). BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub.
26 iyun Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiəsi Günüdür (International Day in Support of Victims of Torture). BMT Baş Assambleyasının 12 dekabr 1997-c il tarixli qətnaməsi ilə təsis olunub.
26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.
26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar