Azərbaycan

27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
27 iyun 1924 - Xalq artisti, görkəmli aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) Bakıda anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatr və televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. “Dəli Kür”, “İyirmialtılar”, “Birisi gün gecə yarısı”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s. filmlərdə zəngin obrazlar qalereyası yaradıb.

28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının (1906) sədri olub.
28 iyun 1914 - Xalq artisti, məşhur teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (1914 - 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925 - 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?”, “Evlənmək istəyirəm” filmlərində, teatr tamaşalarında musiqi nömrələrini ifa edib.
28 iyun 1935 - Teatr rejissoru, Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.

29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller - «Məkr və məhəbbət»; A.Çexov - «Vanya dayı», «Albalı bağı», E.Voyniç - «Ovod» romanı, A.Puşkin M.Lermontov və başqa şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.
29 iyun 1944 - Şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub. Kitabları: “Soraqlar sevgi məni”, “Alnından ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Çərçivə” və s. Rus dilindən tərcümələrin müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub.

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı olan A.Refatov 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə bu təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu. Ondan sonra Bəstəkarlar İttifaqına Əli Kərimov (1935), 1936-cı ildən isə dahi bəstəkar Üzeyir Hacıbəyli (1948-ci ilədək) rəhbərlik etdi.
30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edir.

Dünya

27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Bronte bacıları”, “Kraliça Marqo” və s.

28 iyun 1577 - Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
28 iyun 1712 - Fransız yazıçısı və mütəfəkkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir.
28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (roman), “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” (pyes) və s.
28 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir.

29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.

30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.
30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.
30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmində roluna görə “Oskar” mükafatı (1958) alıb.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar