Gülağa Məmmədov - 90


Şirin nəğmələr, ürəyəyatan ifalar insanları öz dünyasına aparır, xatirələri çözələyir. Gözəl ifaların bir əsas missiyası da var ki, dinlənilən zaman insanın hirsinin, kininin qarşısında keçilməz sədd yaradır, mənfi emosiyalarına su səpir. Musiqi mədəniyyətimizdə özünəməxsus səsi, nəfəsi olan sənətkarlarımızdan biri də görkəmli müğənni, Xalq artisti Gülağa Məmmədovdur.

Ömür vəfa etsəydi, bu il 90 yaşını qeyd edəcəkdi. Özü də böyük tamaşaçı sevgisinin, rəğbətinin müşayiəti ilə. Amma alın yazısı deyilən bir inam var və bu, yalnız onu yazanın qüdrətinə tabedir... 69 illik ömründə saysız-hesabsız insanın qəlbində taxt qurmaq hər musiqiçiyə nəsib olmur. Gülağa Məmmədov bunu çox möhtəşəm şəkildə bacardı...
Sevilən müğənni 1925-ci il iyunun 28-də Lənkəran şəhərində dünyaya gəlib. Ailə vəziyyətlərinin çətin olması səbəbindən Bakıya köçürlər. Kiçik yaşlarından paytaxt mühitinə düşən Gülağa musiqiyə böyük maraq göstərir. Gözəl səs tembri ilə zümzümələr edər, öz uşaq arzularının qanadlarında xəyallar qurardı. Günlərin birində həmişəki kimi qonşu uşaqları başına yığıb mahnı oxuduğu zaman təsadüfən həmin küçədən keçən dahi bəstəkarımız Üzeyir Hacıbəyli onun səsini eşidir. Bu zaman Gülağanın 12 yaşı varmış...

Uğurlu sənət yolu

1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçiriləcəkdi. Üzeyir bəy bu tədbirdə “Koroğlunun ariyası”nı ifa etmək üçün istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Gülağa Üzeyir Hacıbəyli, Bülbül kimi sənətkarların qarşısında çıxış edir və ifası bəyənilir. Beləliklə o, Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur.
Böyük Teatrın səhnəsində maestro Niyazinin müşayiəti ilə “Koroğlu” operasından ifa etdiyi “Səni gördüm, aşiq oldum” ariyası böyük alqışlarla qarşılanır. Moskvadan gümüş medal və fəxri fərmanla qayıdır. Hətta bu uğurlarına görə ona ikiotaqlı ev və aylıq təqaüd də ayrılır. Bir neçə ildən sonra isə 15 yaşlı Gülağa Səid Rüstəmovun ansamblına qəbul edilir. Konservatoriyaya daxil olan gənc ifaçı burada görkəmli sənətkar Bülbüldən dərs alır. Böyük Vətən müharibəsi illərində Şövkət Ələkbərova ilə hərbi hissələrdə əsgərlərin qarşısında konsert proqramları ilə çıxışlar edir.
Gülağa Məmmədov 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. Burada “Arşın mal alan”, “Beşmanatlıq gəlin” və digər tamaşalarda baş rolları ustalıqla ifa edir. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Ən çox ifa etdiyi mahnılar isə Səid Rüstəmova məxsus olur. Çünki bəstəkar mahnılarının əksəriyyətini məhz onun üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirənlərdən biri Gülağa Məmmədov olub.
Bütün yaradıcılığı boyu müğənni 600-dən artıq xalq və bəstəkar mahnısı oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında mahnıları səsləndirib. Xalq çalğı alətləri ansamblları, simfonik orkestrlər və “Dan ulduzu” instrumental ansamblı ilə çıxışlar edib. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının, 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub. Eyni zamanda bir çox xarici ölkələrdə qastrol səfərlərində musiqimizi sevə-sevə təbliğ edib.

Dəli Kürü ovsunlayan “Ana Kür”

Sənətkarın ifasında “Oxu gözəl”, “Həkim qız”, “Şeir deyilmi” mahnıları (musiqi - Səid Rüstəmov) böyük populyarlıq qazanmışdı. Amma onun ifasında bu gün sevilən, daim Gülağa Məmmədovu xatırladan bir əsər - Cahangir Cahangirovun “Dəli Kür” filmi üçün bəstələdiyi “Ana Kür” mahnısı da var.
Xalq artisti Nəriman Əzimov xatirələrinin birində deyir: “Orkestrdə uğurlarımızın əsas səbəbkarı Gülağa olub. Onu həmişə alqışlarla qarşılayardılar. Çoxlu dostu vardı. Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqaları. Bəstəkarlar onunla işləməkdən həzz alardılar. Yaxşı xatırlayıram, şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Ana Kür" mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəldi. Onun bu sözləri indiyə qədər yaddaşımda qalıb: "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan Kür çayını ovsuna saldın".
Dəqiq ifası və səlis oxu tərzi olan sənətkar 1942-ci ildən radioda Bədii Şurasının üzvü olub. Azərbaycan musiqisinə yad olan bəstələrə öz fikrini qəti şəkildə bildirərmiş...

Sənətkarın sevgi hekayəti

Böyük Vətən müharibəsindən sonra Gülağa Məmmədov həyətlərində yaşayan Rəssamlıq Məktəbinin tələbəsi Aliyə adlı qızla ailə qurmaq istəyir. Qızın valideynləri isə bu evliliyin əleyhinə olurlar. Amma uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa istəyindən dönmür. Gizlicə Aliyənin pasportunu əldə edərək nikahlarını rəsmiləşdirir. Onlar birlikdə xoşbəxt günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəkən cütlük on ildən sonra - 1956-cı ildə arzularına qovuşurlar. Yeganə övladları Gülarə dünyaya gəlir.
Gülarə xanımın atası ilə bağlı xatirələrindən: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar”.
Gülarə xanım deyir ki, atasını xatırlayanda tez-tez uşaqlıq illəri yadıma düşür: “Məni özü ilə iş yerinə aparırdı. Artıq orada hamı məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən kimi kamançada adımı səsləndirərdi. Bu elə xoşuma gəlirdi ki. Atam iş yerində məni dahi sənətkarlarla tanış edərdi. Onların çoxunu evimizdə də dönə-dönə görmüşəm. Bizə atamın sənət yoldaşları - müğənnilər, musiqiçilər, bəstəkarlar tez-tez gələrdilər. Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi. İki gündən bir atamın başına bu qədər adamın toplaşmasından narazılıq eləməzdi. Əslində, biz buna alışmışdıq. Elə bilirdik, belə də olmalıdır. Onun həyatda iki amalı vardı: ailəsini, balalarını xoşbəxt görmək, bir də Tanrının qismət etdiyi səsinin qədrini bilmək. Tez-tez qastrol səfərlərinə gedərdi. Evimizə qayıdanda elə bil dünyanın naz-nemətlərini ona verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər tezdən evdən çıxardı, çəkilişlərdə, səsyazma studiyasında, məşq zalında çalışardı. Gecəyarı gəlsə də, gileylənməzdi. Çünki sənətindən həzz alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli mükafatlar almışdı...”

Yaqub Zurufçu: “Məni Azərbaycana Gülağa Məmmədov tanıdıb”

Həsrət, nisgil soraqlı müğənni Yaqub Zurufçunun da mərhum sənətkarla bağlı xatirələri var. Gülağa Məmmədovu minnətdarlıqla yada salır: “1988-ci ilin sonlarında Almaniyanın Köln şəhərində Quzey azərbaycanlı bir nəfər mənə zəng vurub dedi ki, Gülağa müəllim bizim qonağımızdır. “Ayrılıq” klipinizə baxıb və sizinlə danışmaq istəyir. O, ifamı çox bəyənmişdi. Telefon əlaqəsi saxladıq. Mən Gülağa müəllimlə danışanda çox həyəcan hissi keçirdim və təsəvvür etmirdim ki, nə vaxtsa onunla görüşə bilərəm. Elə həmin gün qatara minib Kölnə yollandım. Dəmiryolu vağzalına dostlarla özü də məni qarşılamağa gəlmişdi. İki gün birlikdə olduq. Orda Gülağa müəllim söz verdi ki, “Ayrılıq” klipini Azərbaycan Dövlət Televiziyasında yayımlayacaq. Sonra onlar Azərbaycana qayıtdılar. 1989-cu ilin yayında mənə bir dəvətnamə gəldi. “Vətən” cəmiyyətinin sədri Elçin Əfəndiyev və Gülağa Məmmədov məni Azərbaycanda konsertə dəvət edirdilər. Sentyabr ayında sözügedən konsert baş tutdu. 14 gün indiki Heydər Əliyev Sarayında silsilə konsertlər verdim. Bununla yanaşı, Azərbaycan xalqı ilə çiyin-çiyinə istiqlal uğrunda mübarizəyə qoşuldum. Bu gün çox xoşbəxtəm ki, mənim də o hərəkatda payım, izim var.
Allah Gülağa müəllimə rəhmət eləsin. Çox şən insan idi. Ən önəmlisi isə mənim sənətimə ən böyük dəstək verənlərdən biri olub. Həmçinin bütün musiqiçi dostlarımızın uğuruna sevinən adam idi. Konsertlərimizi Gülağa müəllim və Şövkət Ələkbərova ilə birlikdə verirdik”.

Vida

7 iyun 1994-cü il. Həmin gün 69 yaşlı sənətkar məşqə və səs yazısına getməli idi. Səhər saatlarında özünü yaxşı hiss etməsə də, ailəsinin təkidlərinə qulaq asmır və işə gedir. Elə həyətdəcə ürəyindən sancılar onu yaxalayır və infarkt bir sənətkar ömrünü yarımçıq qoyur... Haradasa çox uzaqlarda bir musiqi səslənir: Ana Kür... Yaşa Kür... Hələ neçə ömür yaşadacaq könüllər səni...

Lalə Azəri