Azərbaycan

15 iyul 1915 - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Bir sıra görkəmli şəxslərin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir
və s.) müəllifidir.
15 iyul 1925 - Xalq artisti, müğənni-pianoçu, professor Rauf İsrafil oğlu Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926 - 13.8. 2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, filmlərdə (“Mən ki gözəl deyildim", “Qayınana", "Şərikli çörək", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət") yaddaqalan obrazlar yaradıb.
15 iyul 1928 - Tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928-1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən bədii tərcümələrin (İ.Turgenev, N.Leskov, A.Çaykovski və s.) müəllifidir.
15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev anadan olub. “Bakı-90” simfoniyası, simfonik və kamera orkestri üçün əsərlərin müəllifidir. Filarmoniyanın bədii rəhbəri, Opera və Balet Teatrının direktoru olub.
15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.

16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. İfa etdiyi “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və s. mahnılar bu gün də sevilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Bəyin oğurlanması”) maraqlı rollar oynayıb.
16 iyul 1934 - Əməkdar memar, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. “Xalqlar dostluğu” metrostansiyasının, bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihə müəllifidir.
16 iyul 1958 - Xalq artisti İlham Təvəkkul oğlu Əsgərov Masallı rayonunun Xoşcobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında (“Sarıköynəklə Valehin nağılı”), filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 - 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
17 iyul 1945 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. Kitabları: “Rus dramaturgiyası və Azərbaycan teatrı”, “Azərbaycan teatr tarixi”, “Mədəniyyətdə tarixilik və müasirlik” və s. Mədəniyyət və İncəsənət Universitetinin rektoru (1987-2014) olub. 2014-cü ilin dekabrından Bakı Xoreoqrafiya Akademiyasının rektorudur. "Şöhrət” ordeni ilə təltif edilib.
17 iyul 1898 - Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976, Ankara) Bakıda anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak edib. 1923-cü ildə həbs edilib, 10 ildən çox həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 1960-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib.
17 iyul 1939 - Əməkdar artist Zemfira Sadıqova anadan olub. “Dəli Kür” (Mələk), “Tütək səsi” (Xədicə), “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü” (Ağabacı) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
17 iyul 1953 - Xalq artisti Telman Adıgözəlov (1953 - 15.4. 2010) Balakən rayonunda doğulub. Teatr və televiziya (“Evləri köndələn yar”, "Yaşıl eynəkli adam", “Nigarançılıq”, “Yarımştat”) tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

Dünya

15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Lazarın dirilməsi”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.
15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
15 iyul 1904 - Rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1. 1860 -1904) vəfat edib. “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.
15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Yabanı qızılgül”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
15 iyul 1924 - Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esambayev (1924-2000) doğum günüdür. "Azərbaycanfilm"də rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağızadə) çəkilib.

16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
16 iyul 1928 - Rus şairi Andrey Dementyev anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.

17 iyul 1846 - Rus alimi, səyyah və etnoqraf Nikolay Nikolayeviç Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.
17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.
17 iyul 1935 - Kanadalı aktyor və prodüser Donald Sazerlend (Donald McNichol Sutherland) anadan olub. «Epidemiya», «Virus», «Kosmik kovboylar» və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar